Səfirdən Əliyevə cavab: “Uğursuz dövlətlərin sirli cazibəsi haradan gəlir?”

Azərbaycan-Fransa. Mənbə: MMES Studio/shutterstock

Rəsmi Bakı Ann Buayonun açıqlamasına reaksiya verib

Fransanın Azərbaycandakı səfiri Ann Buayon Prezident İlham Əliyevin dekabrın 18-də Rusiya mətbuatına verdiyi müsahibəsində Prezident Emanuel Makron haqqında söylədikərini şərh edib.

Ann Buayon. Mənbə: Fransa səfirliyi

Səfir istifadəçisi olduğu sosial şəbəkədə bu haqda yazıb.

“Fransa səfirliyinə göndərilən vizalar bu il yenidən artmaqdadır. Uğursuz dövlətlərin sirli cazibəsi haradan gəlir?”, – səfir yazıb.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) səfirin şərhinə cavab verib.

XİN-nin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Fransa səfirinə cavabında: “Xanım səfir Ann Buayon, hökumətin uğursuzluğunu ört-basdır etmək, uğursuz dövlətin göstəricilərindəndir”, – deyə bildirib.

“Fransanın xarici siyasətinin uğurlarının viza müraciətlərinin sayı ilə ölçülməsi, görünür ki, yeni üsuldur. Amma bir daha bu strategiyanın doğru faktları əks etdirməməsi yanlış təhlildən və səhv xarici siyasətdən xəbər verir. Xanım səfirə yaxşı məlumdur ki, Fransanın Bakıdakı Səfirliyi yalnız Fransaya səfər üçün viza vermir”, – deyə Ayxan Hacızadə qeyd edib.

Ayxan Hacızadə. Foto: “azertag.az”

“Real göstəricisi isə əslində budur: Fransanın ölkəmizə qarşı qərəzli siyasətinə və bu ilin sentyabr ayından etibarən verilən səyahət xəbərdarlığına baxmayaraq, ölkəmizə səyahət üçün ötən ilin eyni dövrü ilə müqayisədə Fransa vətəndaşlarının müraciətləri daha da artıb (2023-cü ilin sentyabrı 536, oktyabrı 467, 2024-cü ilin sentyabrı 562 nəfər, oktyabrda isə 605 nəfər)”, – XİN rəsmisi vurğulayıb.

Prezident İlham Əliyev dekabrın 18-də bir neçə Rusiya mətbuat və media qurumuna müsahibəsində deyib ki, hazırda Makron rejimi Fransanı “uğursuz dövlət”ə çevirir:

“Avropanın mərkəzində – Korsikada onlar (Fransa – red) Korsika dilini qadağan edirlərsə, bu dilin ictimai yerlərdə istifadəsinə icazə vermirlərsə, o zaman Yeni Kaledoniya haqqında nə demək olar? Bu, nəyə yarayar? Bu demokratiyadır? Bu, insan hüquqlarıdır? Yəni Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir”.

“Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar Azərbaycan üçün praktiki təhlükə yaradır. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çox olduğunu, bir çox yaşayış məntəqələrinin sərhədə yaxın yerləşdiyini və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlərin qayıtdıqlarını nəzərə aldıqda, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir. Mən bu barədə danışdıqda, təbii ki, qeyri-hökumət təşkilatları, yaxud media qismində öz “zəncirli köpəkləri”ni üzərimə salırlar”, – Əliyev əlavə edib.

Ana səhifəSiyasətSəfirdən Əliyevə cavab: “Uğursuz dövlətlərin sirli cazibəsi haradan gəlir?”