Şəfinin hekayəti

«Ondan qisas almaq üçün qoyunlarını bıçaqlayırdım…»

Source:


Həbsdə olduğum müddətdə bir neçə dəfə kamera dəyişdim. Bu kameralarda saysız dustaqlarla tanış oldum, ünsiyyətə girməli oldum. Bu bir qayda idi, biz – yəni kohnə dustaqlar kameraya yeni düşənə ibtidai şeyləri oyrədirdik. Məsələn, evdən nə gətirməli olduğunu deyirdik.  Bəhs edəcəyim, aprelin 2-də düşdüyüm kamera sonradan “parçalandı”, ordakıların əlli faizi yeniləndi, savadlı, savadsız, vicdanlı, vicdansız dustaqlar gəlib, getdi. Çox vaxt məndən danışırdıq onlarla. Axı mənim işim ictimai diqqətdə idi.


Məhbuslara bəzən kömək etməli olurdum. Hüquqşünas olmağım orda, onların işlərində bəzən çox yarayırdı, onlara ərizə, vəsadət və s. yazır, şifahi kömək edirdim. Bir dəfə kameraya yeni dustaq gəldi. Adı Şəfi idi. İbtidai məsləhətləri ona da verməyə başladım:


– Evə de, sənə bir idman çantası gətirsinlər.


– Ev yoxdur.


– Necə yəni?


– Yoxdur ev. Mən küçədə qalıram.


– Bəs valideynlərin?


– Yoxdur heç biri.


Həbsdə hərənin azı bir dramı var. Şəfinin həyatı dramlarla dolu idi. Əvvəl-əvvəl çəkinirdi. Sonra yaxınlaşdıq, xeyli danışdıq, amma yenə həyatı haqqında az bilirəm. Danışacaqdı hamısını, xüsusən anası haqda. Mən o kameradan tez çıxdım, çatdırıb danışa bilmədi.


Şəfinin 19 yaşı vardı 2013-cü ildə. Əli-Bayramlıda böyüyüb bir müddət. Anasının hara olduğunu bilmirəm, atası ilə dalaşıb, çıxıb evdən. Deyirdi, atası ilə görüşsə, bir-birlərini bıçaqlayarlar, vəziyyət o qədər kəskindir. 12 yaşında gəlib Bakıya. “At yalı” deyilən yerdə bir kişi onu çoban kimi işə götürüb. Əslində, qul kimi götürüb, qoyun sürüsünü ona tapşırıb. Bir qarın çörəyə onu 3 il istismar edib. Cüzi səhvinə, bəzən səhv etməsə belə, kişi Şəfini ayağından asıb, döyürmüş. O da acığını, hirsini tökə bilmədiyindən qoyunları bıçaqlayırmış. Qoyunlar yaralanır, qanı axır, Şəfi bununla sakitləşirdi.


Bilirəm, nağıla oxşayır. Amma Şəfi bunları yaşayıb. “At yalı” düzənlik, səhralıq yerdir, şəhərdən nə qədər uzaqda, yaxında olduğunu bilmirdi onda. 3 illik köləlikdən sonra Şəfi qaçıb. Şəhərə gəlib çıxa bilib və o vaxtdan küçə həyatı başlayıb. Azərbaycanda, əksəriyyəti Bakıda olmaqla, yaşayan on minlərlə küçə uşağından biri olub. Öz həyatından elə həvəslə, maraqla danışırdı ki, sanki gözəl həyatı olub.


Təxminən 3 il Bulvarda avara-avara gəzib-dolanıb. Oğurluğa, quldurluğa bulaşmamağa çalışsa da, belə yollarla çörək, pul qazanan küçə uşaqlarının əhatəsində olub. Gitara çalıb və ya imkanı olan dost-tanışın köməyi ilə yaşayıb. Bəzən aylarla çimə bilmirmiş. “Çeçenka” saç saxlayır, qəşəng saçlarını “Park Bulvar”ın tualetində yuyar, orda da qurudarmış. Dəfələrlə qovulub ordan. Amma həmişə səliqəli qalmağa nail olurmuş. Damarlarını doğradığı üçün biləyində qalan izlərə görə, hərbi xidmət əvəzinə dəlixanaya göndərilib. Az müddət qalsa da, orda əlinə “oğru aləmi”nin tatuirovkalarını döydürüb. Ona görə işə də düzələ bilmirmiş.


Şəfi bir gün missionerlərin təsiri ilə dəyişib, xristian olan azərbaycanlılarla görüşüb. Onlar da Şəfiyə yaxşılıq ediblər. O da Bibliya oxuyub, pis vərdişlərdən, zərərli düşüncələrdən xeyli dərəcədə xilas ola bilib. Türməyə gələndə də əlində Bibliya vardı. Amma vərdişlərinin dəyişməsi polislərin ona münasibətini dəyişməyib. Həmişə tutmaq istəyiblər onu – heç bir cinayət etmədən də. O da həmişə vəziyyətdən çıxa bilib. “Məni elə döyürdü ki, sanki erməniyəm. Elə şeylərlə hədələyirdi ki, deyə bilmirəm. Döydükcə də deyirdi ki, “sən məni neçə ildir, fırladırsan”. Yorulanda o biri döyür, bu, sonra yenə qayıdırdı”.


Şəfi bunu ən çox nifrət etdiyi polis haqqında deyirdi. Adını xatırlamıram, amma Sahil metrostansiyası tərəfdə, Neftçilər prospektində olan bölmədə işləyirmiş. “İVS-də (azərb. – MST (müvəqqəti saxlama təcridxanası) – istintaq təcridxanasına gətirilənə qədər həbs olunanların saxlandığı təcridxanadır) saxlananda dostum gəldi yanıma. Yemək-içmək, meyvə-zad gətirmişdi. Polislər hamısını yedilər, mənə yalnız yarım dənə banan verdilər. Təsəvvür edirsən, verdikləri bananın yarısını yemişdilər”.


Bütün bunlar baş verməmişdən də o, hüquq-mühafizə orqanları daxil olmaqla, bu ədalətsiz rejimlə qarşılaşıb. 12 yanvar, 26 yanvar mitinqlərinə maraq göstərib. “Nida”dan, etirazdan, etirazçı həyat tərzindən danışdıq. Mentalitetin, dinin, diktaturanın ziyanlarından danışırdı mənə. Mənəvi keyfiyyətləri yüksək insan idi. Deyirdi, küçələrdə hər cür uşaq, gənc var. Onların öz aləmləri, öz qaydaları var. Polislər onları bəzən tuturlar, amma əsasən belələri polisə-filana tabe olmurlar. Oğurluq, soyğunçuluq, quldurluqla (bunlara “razboy” deyirlər), kimdənsə sadəcə pul istəməklə, gitarasına qulaq asanların etdikləri köməklə və s. ilə dolanırlar.


Əlbəttə, hər cür adam var aralarında. Bəzən qızlar evdən qaçıb onlara qoşulurdular. Bəzən özünü dənizə atan qızı xilas edirdilər. Bəzənsə əclaf uşaqlar o qızlardan istifadə edirdilər. Danışır ki, “bir dəfə ev tutmuşduq, yığışıb, orda yaşayırdıq. Evdən qaçan bir qız gəldi. Hələ 18 yaşı olmamışdı. Evdə olan hər kəs növbə ilə onunla yatdı. Qız bu qədərini istəməzdi, əlbəttə. Amma etiraz da edə bilməzdi, çünki ona ev, yemək verilmişdi, lap etiraz etsəydi də, zorlanacaqdı. Mənə də təklif etdilər, iyrəndim təklifdən, çıxdım o evdən”.


Belə qızları bəzən valideynləri tapıb döyə-döyə evə qaytarırlarmış, bəzən onları kimsə sutenyora calaşdırıb fahişəyə çevirirmiş, bəzənsə qızlar da onlara qoşulub küçə həyatına başlayırlarmış. Şəfiyə bıçaqlanmaya görə 6 il iş verdilər. Ən ağır “zon”a apardılar. Onu aparanda mən artıq başqa kamerada idim. Həbsdə olan yaxınından öyrəndim bunu. Mənimlə sonuncu söhbətlərində əsasən, mənəvi keyfiyyətlərdən, siyasi mövqedən, vicdandan danışmışıq. Uşaq evində, xaricilərin yetimlər üçün kamplarında, ən əsası isə həyatın dibində öyrəndiklərindən ağıllı nəticələr çıxara bilmişdi.


Onun vicdanlı, azadlıqsevər vətəndaş olacağına inanıram. Əlbəttə, ədalətsiz sistem onu məhv etməsə. Küçələrdə on minlərlə şəfilər indi cinayətkar və ya avara həyat tərzi keçirməklə məşğuldur. İcbari orta təhsil vermək, ləyaqətli həyat səviyyəsini təmin etmək kimi konstitusion öhdəlikləri olan dövlət isə onları tapanda tutub işgəncə verməklə, olan-qalan yeganə şeylərini – azadlıqlarını əllərindən almaqla, həyatlarını məhv etməklə məşğuldur.


Bir dəfə yağış yağırdı. Hamımız kamerada sakitcə oturub gəzinti sahəsinə yağan yağışa pəncərədən baxırdıq. Sadıq kişi zarafatla dedi ki, “Şəfi, bala, rahat yerində oturmusan. İsti yorğan-döşəyin, yemək-içməyin. Tutulmasan, çöldə, Allah bilir, harda idin.” Şəfi gülümsənərək, dedi ki, “yağış olanda bəzən elə yağışın altındaca skamyada yatırdım. İndi o skamyada yataram, təki bu “rahat” türmədə olmayım.”


Azadlığa verilən ən təbii qiymət kimi göründü bu mənə.


“Mən fəxr edirəm ki, səninlə bir kamerada qaldım” – bu isə Şəfinin mənə son sözü bu oldu.

Ana səhifəMənim FikrimcəŞəfinin hekayəti