Binanın hər an çökmə təhlükəsində olduğu bildirilir
Yardımlıda bir neçə kəndin istifadə etdiyi Şəfəqli kənd xəstəxanası qəzalı vəziyyətdədir. Uzun illərdir təmir olunmayan xəstəxana binası hər an uça bilər. Bu barədə Meydan TV-yə kənd sakinləri məlumat veriblər. Kəndlilər bildiriblər ki, xəstəxana hələ də fəaliyyət göstərir, amma müayinə otaqları bərbad vəziyyətdədir. Bina elə gündədir ki, oraya sağlam adam girsə, xəstə çıxar.
Kənd sakini Rəşid Ağayev deyib ki, xəstəxananın otaqları bərbad hala düşüb, tavan, döşəmə sıradan çıxıb. Binada iri çatlar yaranıb, pəncərələr qırılıb. Bina indiki görkəmi ilə müharibədə zədələnmiş hansısa yarımtikiliyə bənzəyir.
“Bina hər an çökə bilər, divarlarda iri çatlar yaranıb. Kənardan baxanda əyildiyi görünür. Xəstəxana sovet dönəmindən fəaliyyət göstərib. İndiyə kimi yaxınlıqdakı 12 kəndin sakinləri bu sahə xəstəxanasına üz tutublar. İndi isə heç bir müayinə aparatı yoxdur, yalnız bir neçə dərman tapmaq mümkündür”,- R.Ağayev deyib.
Sakinlər deyirlər ki, binanın qəzalı vəziyyətdə olmasından aidiyyatı qurumların xəbəri var. Kəndlilər ilkin yardım üçün digər xəstəxanalara, rayon mərkəzinə üz tutmalı olurlar. Xüsusilə yağışlı-qarlı havalarda çətilnlik çəkirlər. Halbuki binanı təmir etsələr, Şəfəqli kəndi də daxil olmaqla ətraf kəndlərin sakinləri uzun məsafə qət edib başqa xəstəxanalara üz tutmaq məcburiyyətində qalmazlar. Sakinlər təklif edirlər ki, xəstəxananın binası sökülsün, yerində yeni bina tikilsin.
Sakinlərdən biri deyib ki, doğrudur, dərmanları saxlamaq üçün binada soyuducu var, amma həyati vacib dərmanları bu xəstəxanada tapmaq olmur.
Şəfəqli kəndi Yardımlının təbiətinə görə turist cəlb edə biləcək böyük kəndlərindən biridir. Kənddə məktəb binası da tikilib.
Şəfəqli Bələdiyyəsinin sədri Əli Əliyev Meydan TV-yə bildirib ki, kəndin 900-ə yaxın əhalisi var. Ümumilikdə bir neçə kənd xəstəxananın xidmətindən yararlanır.
“Xəstəxana binası neçə ildir qəzalı vəziyyətdədir. Amma baş həkim daxil olmaqla əməkdaşları çalışırlar. Əvvəl müayinələr aparılırdı, elə indi də müraciət edənlər var. İlkin tibbi yardım göstərilir. Yəqin ki, xəstəxana binası təmir olunacaq”.
Yardımlı Rayon İcra Hakimiyyətindən kənd xəstəxanasının təmiri ilə bağlı suallara cavab verilməyib. Eyni zamanda TƏBİB və Səhiyyə Nazirliyindən də binanın təmir olunub-olunmayacağı ilə bağlı suallar cavablandırılmayıb.
Yardımlıda 36 səhiyyə müəssisəsi var. Şəfəqli kənd xəstəxanası sahə xəstəxanası kimi fəaliyyət göstərir. İcra hakimiyyətinin məlumatına görə, 9 kənddə 6 həkim və 4 tibb məntəqəsi tikilib.