Sədrəddin Soltan: Ocaq Necatın ofisinin bağlanması Xameneyiyə xəbərdarlıqdır

“Son 42 illik tarixə, İslam Respublikası yarandığı gündən indiyə qədərki dövrə baxın, İraqla müharibənin səbəbkarı İran idi”

Source: sosial


İsa Qəmbər: "İran Azərbaycan torpaqlarının işğal altında qalmasında maraqlı olub"

"İran Azərbaycanın güclü, əraziləri azad olan bir dövlət kimi yox, zəif, parçalanmış dövlət şəklində görünməsini istəyir. 44 günlük savaşın nəticəsində İranın bu istəkləri boşa çıxdı".

Bunu Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri İsa Qəmbər Tehran-Bakı münasibətlərinin kəskinləşməsini Meydan TV-yə şərh edərkən deyib.

İsa Qəmbər bildirib ki, İran Azərbaycan torpaqlarının işğal altında qalmasında maraqlı olub.

Son bir həftədə Tehran-Bakı münasibətlərinin kəskinləşməsi yeni mərhələyə qədəm qoyub.

Oktyabrın 5-də İranın Ali dini lideri Xameneyinin Azərbaycandakı nümayəndəsi Ocaq Necatın Bakıda fəaliyyət göstərən ofisi (Hüseyniyyə məscidi) səbəbilə bağlanıb.

Azərbaycan Daxili İşlər Nazirliyi Ocaq Necatın Bakıdakı ofisinin və ofisin yerləşdiyi Hüseyniyyə məscidinin koronavirus səbəbilə bağlandığını açıqlasa da, ictimaiyyətdə bu məsələnin dövlətlərarası münasibətlərdən qaynaqlandığı iddia olunur.

Ocaq Necatın Bakıdakı ofisinin bağlandığı saatlarda qonşu ölkə də öz hava məkanını Azərbaycanın hərbi təhcizat təyyarələrinə qapadıb.


"İranın İsrail amilini gündəmə gətirməsi bəhanədir"

İsa Qəmbər hesab edir ki, İran bölgədəki siyasi vəziyyətdən narahatdır: "Tehran rəsmiləri Azərbaycanı hədəfə alan bəyanatlarında İsrailin adını tez-tez hallandırırlar. Üstəlik, Azərbaycan İranla sərhədlərini bərpa etdi. İranın bu münasibəti 30 illik müddətdə, 44 günlük savaşda və ötən bir ildə də görünür. Məsələ ondadır ki, İran son hadisələrdə çox şey itirdi, qonşu ölkə faktiki olaraq ərazilərimizdə Ermənistan və Rusiyayla birlikdə ərazilərimizdə hökmranlıq edirdi, qanunsuz iqtisadi proyektlər həyata keçirirdi. Bütün bunlar boşa çıxdı və Tehranın baxışından bu çox ciddi itkidir. İkinci səbəb Türkiyənin bölgədə güclənməsi və Azərbaycanla bir çox məsələlərə münasibətdə birgə mövqe sərgiləməsi İran hakim rejimini ciddi narahat edir, bunu heç cür gizlədə bilmirlər. İranın İsrail amilini gündəmə gətirməsi isə bəhanədir".

İsa Qəmbər
İsa Qəmbər

Onun fikrincə, İranın ağlasığmaz, bölgədə sülhə maneə yaradan və özü üçün problem doğuran davranışının əsas səbəblərdən biri daxili vəziyyətidir: "İranda iqtisadi-sosial vəziyyət getdikcə müərəkkəbləşir və əhalinin əksəriyyəti durumdan narazıdır, bu da müxtəlif formalarda təzahür edir. Eyni zamanda, son vaxtlar İran hakim elitasının özündə daha dərin parçalanma hiss olunur. İndiki mərhələdə hakimiyyət mübarizəsi və Xameneidən sonrakı dövr uğrunda qarşıdurma getdikcə sərtləşir. İranın bu yolverilməz, dövlət ənənəsinə yaraşmayan, Azərbaycana düşmən davranışlarını əsasə səbəbləri bunlardır".


"İran hakimiyyəti mənfi enerji doğuran münaqişələrdən hərəkətlənən vampirdir"

Sadalanan hadisələrin üst-üstə düşməsini təsadüf saymayan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan isə hesab edir ki, Ocaq Necatın ofisinin bağlanması Ayətullah Seyid Xameneyiyə xəbərdarlıqdır: "Çünki Xamneyi Azərbaycanın ərazi bütövlüyünə və dövlətinə qarşı çox aşağılayıcı bəyanat verəndən sonra bu hadisə baş verib. Naxçıvana uçuşun qadağan edilməsi isə İranın Azərbaycan qarşısında götürdüyü öhdəliyə əməl etməməsidir. Məsələn, İran üçün nə fərqi var, Bakıdan Gəncəyə təyyarə hərbi yük daşıyır, yoxsa Bakıdan Naxçıvana?! Bu hərbi yüklə İrana hücum edilməyəcək, yəni Tehranın bu addımı çox məntiqsizdir və qonşu ölkəyə etibarsızlıq qazandırır. İranla bağlanan bütün müqavilələrdə etimadsızlıq yaradacaq. İranın hava məkanını qapatması belə bir mənzərə yaradır: Naxçıvana yalnız bir yol var, o da İran ərazisindən uçuşdur. Ermənistan da Naxçıvana hücum edir, deməli, məntiqlə İran Naxçıvanın müdafiəsinin zəifləməsində maraqlı görünür. Yəni Tehran dolayısıyla Ermənistanın əlinə oynayır. Başqa bir məsələ də var: 2021-ci ilin mayında Təbrizdə İran və Azərbaycan arasında yük və sərnişin daşımalarına dair saziş imzalanıb. Tehran dünənki addımı ilə may sazişinin üzərinə kölgə salır".

sedreddin.jpg
Sədrəddin Soltan

Sədrəddin Soltanın sözlərinə görə, dövlətlərarası gərginliklər sona qədər davam etmir: "İran Səudiyyə Ərəbistanı ilə illər uzunu mübarizə aparır, amma sonradan bu ölkəylə münasibətləri bərpa etməyə hazır olduğunu bildirib. Ötən əsrin 70-ci illərinin sonunda inqilab zamanı Məhəmməd Rza Şahı Misir qəbul edəndə Tehranın Qahirəyə münasibəti pisləşdi. Məhəmməd Mursi hakimiyyətə gələndən sonra Tehran münasibətləri yaxşılaşdırmağa çox cəhd etdi, amma Mursi əhəmiyyət vermədi. Məsələ ondadır ki, İran İslam Respublikası vəziyyəti gərginləşdirməkdə maraqlı olur, çünki daim münaqişələrdən və gərginlikərdən enerji alır. Son 42 illik tarixə, İslam Respublikası yarandığı gündən indiyə qədərki dövrə baxın, İraqla müharibənin səbəbkarı İran idi. İraqda bu gün də davam edən münaqişələrdə adı çəkilən tərəflərdən biri yenə İrandır. Livanda, Fələstində və Yəməndə də münaqişə tərəflərindən biri yenə İrandır. Deməli, İran hakimiyyəti mənfi enerji doğuran münaqişələrdən hərəkətlənən vampirdir".

Ana səhifəSiyasətSədrəddin Soltan: Ocaq Necatın ofisinin bağlanması Xameneyiyə xəbərdarlıqdır