Sədiyanlıların mavi yanacaq dərdi: “Yorğana bürünüb gəzirik”

Foto: Meydan TV

Kənd sakinləri problemlərinin həll olunmadığını deyirlər

İsmayıllının Sədiyan kəndində uzun illərdir qaz yoxdur. Kəndlilər deyirlər ki, odun bahalaşıb, soyuq havalarda qızınmaq üçün çox vaxt evin içində yorğana bürünüb gəzirlər.

Meydan TV-yə şikayət ünvanlayan sakinlər bildiriblər ki, ucqar dağ kəndi olan Sədiyanda sovet dövründə qaz xətti çəkilib. Amma elə həmin dövrdə də borular sıradan çıxıb, vaxtında təmir edilmədiyindən illər ərzində yararsız hala düşüb. Son 25-30 ildə qaz xətti çəkiləcəyini gözləyə-gözləyə illəri yola veriblər.

Meşəlik qoruq ərazisi hesab edilir. Odunun bahalaşması bir yana, heç tapıb almaq da olmur. Onsuz da dolanışıq ildən-ilə pisləşir. Elə vaxt olur, son qəpiyimizi də oduna xərcləyirik ki, heç olmasa uşaqlar donmasınlar. Gedin, soruşun kənddə elə ailə var ki, ayda bir dəfə ət ala bilmir, çörək pulunu oduna xərcləyir”,-sakinlər deyiblər.

Foto: Meydan TV

Sədiyan, Diyallı, Güyüm kəndlərinin yolu da keçilməzdir.

Sakinlərdən Rəşad Hüseynov bildirib ki, uzun illərdir yol sıradan çıxıb, qaz kimi yolun da düzələcəyinə ümidləri yoxdur:

Hər yağış yağanda sel gəlir, yol tamamilə keçilməz olur. Xəstələri olanda təcili tibbi yardım çağıra bilmirlər. Taksi də gəlmir, çünki maşın sıradan çıxır”.

Sədiyan kəndin içinə gedən yol iri çay daşları ilə örtülüb.

Diyallı Kənd Bələdiyyəsinin sədri Cahangir Surxayev bildirib ki, bugünlərdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı kəndlilərlə görüşüb, kəndin problemlərinin həlli üçün tapşırıqlar verib.

Foto: Meydan TV

“Kəndin qaz xətti təxminən 1981-ci ildə ləğv olunub. Amma icra başçısı ilə görüşdə rayon qaz idarəsinin rəhbərliyi də iştirak edirdi. Bildirdilər ki, kəndə qaz xəttinin çəkilməsi proqrama salınıb, yaxın vaxtlarda həll olunacaq”,-bələdiyyə sədri deyib.

Onun sözlərinə görə, üç kəndin təxminən 12 kilometr yolu bələdiyyə, icra hakimiyyəti tərəfindən təmir edilir. Lakin dağ kəndləridir, yağış yağan kimi sel yolları yenidən sıradan çıxarıb:

“Odun bahadır, sakinlər ala bilmirlər. Həm qaz, həm də yol probleminin həlli icra hakimiyyətinin nəzarətindədir”.

Ana səhifəBölgəSədiyanlıların mavi yanacaq dərdi: “Yorğana bürünüb gəzirik”