“Bu həbslər Azərbaycanın iştirak etdiyi ATƏT-in Helsinki prinsiplərinə də ziddir”
Seçki Müşahidəçilərinin Qlobal Şəbəkəsinin (SMQŞ) üzvləri Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədlinin və mərkəzin icraçı dirketoru Bəşir Süleymanlının həbsdən azad edilməsi üçün iyunun 18-də prezident İlham Əliyevə müraciət ediblər.
Meydan TV-yə daxil olan müraciətdə SMDT rəhbərlərinin həbslərindən narahatlıq ifadə olunur: “Bu həbslər ümumilikdə müstəqil seçki müşahidəçiliyinə zərbədir, xüsusilə də 2013-cü ilin oktyabr ayında keçirilmiş prezident seçkilərinin tənqidi qiymətləndirilməsinə reaksiyadır. Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədovun həbsi Azərbaycanın beynəlxalq öhdəliklərinə, xüsusilə də BMT-nin fərdlərin, qrupların hüquqlarının qorunması və dəstəklənməsi öhdəliyinə ziddir. Bu həmçinin Azərbaycanın hal-hazırda Nazirlər Komitəsinə sədrlik etdiyi Avropa Şurasının öhdəliklərinə də ziddir. Bundan əlavə Azərbaycanın iştirak etdiyi ATƏT-in Helsinki prinsiplərinə də ziddir”.
SMQŞ və onun üzvləri bu həbsləri siyasi sifariş, əsassız və ədalətsiz hesab edir: “Biz Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədova qarşı olan ittihamların geri götürülməsini və Anar Məmmədli ilə Bəşir Süleymanlının dərhal azad edilməsini tələb edirik. Yerli seçki müşahidəçilərinin qlobal şəbəkəsinin əsası 2009-cu ildə qoyulub və hal-hazırda regional şəbəkələr, bitərəf seçki müşahidəçisi təşkilatları ilə birlikdə 78 ölkədə və 5 qitədə 199 üzvü var. SMQŞ demokratik seçkilərin təmin olunması və çətinliklərlə birgə mübarizə aparmaq üçün yaradılıb”.