Son üç günün ən yaddaqalan beş hadisəsini xatırlayın. Pis-yaxşı, mənfi-müsbət – fərq etməz. Hamısı olmasa da, heç olmasa dördü sosial şəbəkə, dəqiq olsaq facebook ilə bağlıdır. İnsanlar lazımlı-lazımsız – hər şeyi oradan öyrənir, gülür, kədərlənir, depressiyaya düşürlər. Sonuncuya daha sıx rast gəlinir.
Facebook-a köçənlər, həyatlarını orada quranların qapıldıqları ən aldadıcı hiss – informasiyanın, bütün yeniliklərin mərkəzində dayandıqlarına inanmalarıdır. “Daim xətdə” olmaq belə istifadəçilərdə güya zərurətə çevrilib. Halbuki, nəinki canlı ünsiyyəti, faceboook heç telefon söhbətini də əvəz edə bilmir. Ünsiyyət illüziyası ilə yaşayanlar üçün, bu adi həqiqəti filtrasiyadan keçirib, anlamaq çətindir. Ağır ifadə olsa da bu gün facebook, özünü real həyatda təsdiq edə bilməyən sosiopatların istinad və sığınacaq yerini xatırladır. Digər ifadə ilə – enerji qəbristanlığını.
Sosial şəbəkələrin müasir insanın həyatındakı yeri və roluna dair tədqiqat aparmayan universitet, institut qalmayıb. Hamısının da gəldiyi ortaq və birmənalı qənaət – “şəbəkəyə aludə olanların əksəriyyəti şəxsi həyatda işi-gücü, gerçək dostluğu, sevgisi olmayan, maddi gəlir və təhsil səviyyəsi aşağı istifadəçilərdir. İstisnanı yalnız kommersiya-reklam məqsədilə facebookda auditoriya toplayan, xidmət və məhsullarını təbliğ edən şirkətlər və fiziki şəxslər, həmçinin nadir hallarda şəbəkəyə daxil olan istifadəçilər təşkil edir”. Azərbaycan gerçəkliyini nəzərə alaraq bu siyahıya, şəbəkəni siyasi propaqanda meydanı kimi görənləri də əlavə edə bilərik. Bəziləri isə deyir ki, facebook gənclər üçün əlverişlidir. Qızlar orda oğlan “tutur”, oğlanlarsa qız. Lap yaxşı, nə gözəl. Doğrudan da tuturlarsa, halaldır onlara. İkiəlli dəstəkləyirəm. Amma nəsə inanmağım gəlmir. Çoxu elə orda tutub, orda da qalırlar. “İş” uzağa getmir.
Bütün sosial şəbəkələri həyatımdan rədd edənə qədər, uzun illər bunların aktiv istifadəçisi olmuşam. Şəbəkədən uzaqlaşmağın siqareti tərgitməkdən çətin olduğunu fərq etdiyim andan isə rahatlığımı itirmişdim. Gördüyüm oydu ki, facebook-çuların çoxu üçün şəbəkədən savayı özlərini təsdiq edə biləcəkləri məkan, platforma yoxdur. İnsanlar yalnız orada bütün ruhi-intellektual ehtiyaclarını təmin edə, gülüb-danışa, qəhramanlıqlar göstərə, zaman-zaman kükrəyə, barmaq silkələyə bilirlər. Heç kəs heç kəsin həyatdakı gerçək kimliyi ilə maraqlanmır, çünki yazılan statuslar kifayət edir. Çünki insanların facebook-dakı rollarından başqa kimlikləri yoxdur. Hətta facebook-da deyilsənsə kimliksizsən, ümumiyyətlə mövcud deyilsən.
Canlı ünsiyyət facebook-çuları ona görə sıxır ki, gerçək həyatda özün olmalısan – gözlərinlə, mimikanla, nəhayət səs tonun, intonasiyanla. Canlı ünsiyyət zamanı yalanın, saxtakarlığın, riyakarlığın, süniliyin imkanları daralır. Virtualda isə olmadığın kimi görünmək, ya da göründüyün kimi olmamaq olduqca asandır. Təbəssüm edəcək əhvalın, kədərlənəcək ovqatın yoxdursa, eybi yox. Saxtakarlığın zirvəsi olan bu işarələr 🙁 🙂 köməyinə yetişəcək. Alınan like-larla cavanlaşacaq, yazdığın mənasız söz yığınları əhəmiyyət qazanacaq. Özünə inamın artacaq.
Yadımdadır. Mənim də işim-gücüm mənasız yazılara like qoymaq, bununla da xüsusi həssaslıqları ilə seçilən status müəlliflərini xoşhal etmək idi. Ehtiyacının olduğunu bilə-bilə bunu etməyə, ona anlıq da olsa həzz yaşatmaya bilməzdim. Yazdığının, bəşəriyyət tarixində söylənmiş ən dahiyanə fikir olduğuna inanan insan gözlədiyi like-ları yığa bilməyəndə nələr edir, hansı hallara düşür – bunu bir Allah, bir özü bilir.
Təqdir etmək, bəyənmək bir düyməlik işə çevrilibsə, deməli həyatında qaydasında getməyən nələrsə var. Dost olmaq bir düyməyə tıqlamak qədər rahat olubsa, deməli miskinliyin dibindəsən. Yazdıqlarının dəyəri ya da dəyərsizliyi kimlərinsə like-ndan, şərhindən asılıdırsa, bundan böyük rəzillik ola bilərmi? Hələ mən şəxsi ərazinin daralmasını, tək-tənha oturduğun mənzildə ətrafda ruh kimi fırlanan yüzlərlə, minlərlə virtual varlıqların əsəbpozucu ciyiltilərini demirəm. Bunları eşitməyə başlayırdım. Texnogen köləlik, hallüsinasiyalar yaradırdı.
Başqalarının gözündə gözəl, qayğısız həyat portreti canlandırmağa, daha doğrusu kimlərəsə od qoymağa, bağır yarmağa hesablanmış fotolar, statuslar isə ayrı aləmdir. Bu üslub daha çox qadınlara xas olsa da, kişilər də az aşın duzu deyil. Nümayiş etdirilən çantalar, brand eynəklər, telefonlar, maşınlar, meymun götünə oxşayan şişmiş dodaqlar, dekoltelər, kafe-restoranların reklamı… Hər gün milyonlarla insan boş-boşuna depressiyaya düşür, taleyinə söyür, intiqam alovu ilə qovrulur, zənginlik və prestijdə virtual dostundan heç də geri qalmadığını sübut etməyin yolları haqda düşünür. Təkəbbür, narsisizm, özünü olduğundan əhəmiyyətli görmə, hər zaman heyranlıq və tərif eşitmə ehtiyacı – adamları nevrotik edir. Beyin gücü və zaman baxın nələrə sərf olunur.
Şəbəkədən qopmaq da elə asan məsələ deyil. Qopsan da, real həyatda oturub-durduqların ki hələ ordadır. Bununla nə etməli? Əksəriyyətinin əlindəki smartfon sırf facebook üçündür. Yüz minlərlə smartfon var ki, sahibi facebook app-dan savayı heç yerə daxil olmur, heç browser-in necə açıldığını, saytlara necə girildiyini də bilmir. Facebook 24 saat açıq deyilsə, refresh düyməsi dəqiqəbaşı basılmırsa – həyat mənasını itirir. Artan ürək döyüntüləri, qarabasma, baş ağrısı. Elə bil üstünə cin-şeytan yeriyir. Qıllı, qara əllərini də tuşlayıb boğazına. Bu saat boğacaq. Belə xəstələri bayırda, küçədə, kafedə, tədbirdə yada salın. Facebook-a girmək imkanını qısa müddətlik itirəndə də əsəbi, gərgin, narahat olurlar. Onda da facebook-suzluğu facebook haqqında danışmaqla, mövzunu ona gətirməklə kompensasiya edirlər. Facebooka girmədikləri dəqiqələrdə onlara kimlərin yazdığını, like qoyduğunu, ümumiyyətlə ORDA nə baş verdiyini ehtimal etməklə rahatlıq tapırlar. Evlərinə qonaq getsən saniyəlik xoş-beşdən sonra gedib keçirlər kompüterin başına. And olsun ki, facebookda oxuduğu, yazışdığı, izlədiyi adamların hamısını canlı-canlı gətirib qabağına düzsən, virtualda isə bircə nəfəri saxlasan, bu adam hamısına götünü çevirib, orda qalan bir nəfərlə yazışacaq. Çünki insanca danışmağı, deyib-gülməyi, bölüşməyi unudub. İnsani reflekslərin hamısını yadırğayıb. Klaviaturaya döyəcləmədən, ünsiyyət qurmağın imkansızlığını “by default” qəbul edib. Yaxınlar, doğmalar arasında da ünsiyyət qalmayıb. Bir məkanda yanaşı oturan iki dost, ər-arvad, uşaqlar adam kimi söhbət eləmək yerinə – hərəsinin əlində bir alət bir-birlərinə „o dünyadan“ cavablar, şərhlər yazıb, salam çatdırır, like qoyurlar.
Şəbəkə və satılmışlıq
Mən bu yazını yazmazdım, əgər son iki ay ərzində dostlar tərəfindən olmazın təzyiqlərə məruz qalmasaydım. Dəhşətlidir. Elə bir vəziyyət yaranıb ki, sən facebook əsiri olan insanlara qorxundan bir söz demirsən, ən azından siqareti tərgidib yeri gəldi-gəlmədi siqaret çəkənlərə irad bildirənlərin gülməli vəziyyətinə düşməmək üçün “mənə nə var” deyib susursan, amma onlar səni facebook-da olmadığına görə qınayır, səndən inciyir, təzədən ora dartmağa çalışırlar. Aydın məsələdir ki, facebook əsiri olan kəs, kiminsə bu əsarətdən qurtuluşuna qısqanclıqla yanaşacaq. Yaxşı, bu ağır sözü “ağ“, „məsum“ paxıllıqla, ya da ən yaxşısı qibtə ilə əvəz edək, yola verək getsin. Yəni bunların hamısına dözmək də olardı, əgər bu yaxınlarda bir dostum “Facebook-dan getməyin bəziləri tərəfindən hakimiyyətə satılmağın, pul müqabilində susmağın kimi yozulur” deməsəydi.
Bunun terrordan başqa adı yoxdur. Rəsmən, nəyi var terrordur. Şəri, təhqiri, böhtanı, tərbiyəsizliyi ehtiva edən mənəvi tərror. Sözüm qalmamışdı deyə sadəcə “ayıb olsun o adamlara” yazdım və həmin an zehnimdə bu yazının karkası formalaşdı.
Çətindir ona görə ki, bu şəbəkədə itirdiyim qızıldan qiymətli anlarıma heyfsilənmək əvəzinə, hələ bir ədəbsiz ittihamlara da baş qoşmalıyam. Bir yandan da qınamaq olmur. İnsanlara necə başa salasan ki, gələcəyə dair ciddi planlarım var, facebook bunları reallaşdırmağa imkan vermir? Bu arqumentin onlar üçün heç bir qüvvəsi yoxdur. Canlı ünsiyyətə can atmağım, almanca dərslərinə daha çox vaxt ayırmaq, ədəbiyyat oxumaq istəyim, gündəlik məişət qayğılarım da həmçinin – qəbul olunmur. Sən “orada” olmalısan, vəssalam. Hətta “yoxsansa İlhama işləyirsən”. Yəqin zaman gələcək facebook-da olmayana narkoman, əxlaqsız, pozğun, xəstə adam kimi də baxacaqlar. Ya da yazıqları gələcək ki, “gör nə itirib, xəbəri yoxdu”.
Əvvəla, nə gizlədim, inancım odur ki, bu gün facebook-da olmamaq bir prestij məsələsidir. Facebook-da olmamaq – fövqəl olmaqdır. Əlçatmazlığın bir nömrəli göstəricisi və təminatçısı – facebook-suzluqdur. Kimlərəsə elə gələ bilər ki, havayı yerdən özünü ovundurur. Olsun. Mənə məqbuldur. Ən azından mənşəyi, mənsəbi naməlum, hər növ gəda-güdanı sənə nəsə yazmaq, fikir bildirmək, söz atmaq, paylaşdığın fotolara baxmaq, ovqat statuslarını oxuyub mırt tutmaq imkanından məhrum edirsən. Artıq mənim məhrəm hisslərim, düşüncələrim, ovqatım, arzularım, fotolarım – hamısı yaxınlarıma, dostlarıma aiddir. Yəni seçilmiş adamlara. Özümsə “hər kəsin hər kəs haqqında hər şeyi” bildiyi bu matriksdə iştirak etməməyin rahatlığını yaşayıram. Bilməyəcəksiniz, görməyəcəksiniz, eşitməyəcəksiniz, baxmayacaqsınız. Mən izin verdiyim porsiyalarla, mən lazım bildiyim vaxt.
Hələ bir yazırlar ki, “facebook-dan getməklə nə qədər dost itirdin”. Necə? Dost itirmişəm? Mənimlə dostluğunun ölçüsünü statuslara şərh yazıb like qoymaqda görən adamlar dünəndən olmaz olsunlar. Belə psevdodostluqlar nə qədər tez bitsə yaxşıdır. Dəyər verdiklərim və mənə dəyər verənlərlə görüşəndə görüşür, telefonla danışanda danışıram. Bu, mənə kifayət edir. Kimə lazımamsa e-mail yazsın, zəng eləsin, münasib bir yerdə görüşüb dərdləşək, deyək-gülək, xatirələrə dalaq. Nəhayət yüz-yüz vuraq. Qalan şeylər filfilodur, bekar söhbətlərdir. Mən “dost” kimi ağır ifadəni belə rahat hallandırmaz, tum qabığı kimi ora-bura səpələməzdim.
Mən yazıçıyam, əsərlərim danışmalıdır. Mühazirələrdə, seminarlarda, oxucularla görüşlərdə də danışa bilərəm, əlbəttə. Amma bir yazıçının özünə facebook-u qadağan etməsi gərəkdiyinə dair gəldiyim qənaət qətidir. Mənim bir yaradıcı fərd olaraq funksionallığın imitasiyasına, ünsiyyətin illüziyasına, intellektin deqradasiyasına rəvac verməyim qəbulolunmazdır.
Hələ yazdıqlarının, qoyduğun şəkillərin (silinsələr belə) hansısa naməlum arxivlərdə qaldığını, haradasa qalaqlandığını, öz zamanını gözlədiyini bilmək lap ağırdır.
Amma yox, səni eşitməyəcəklər. Səndən gözlənilən odur ki, daim xətdə olasan. Hər gün əlli dəfə “ortaya mövqe qoyasan”. Hər həbsə, hər cinayətə, hər qudurğanlığa, balıq hafizə, zahid oruca, siyavuşa baş qoşub, münasibət bildirəsən. İlham deyəsən, başqa söz deməyəsən. Zatən facebook-da ola-ola bu mövzulara yox, “dünyəvi” məsələlərə yönəlsən, çox keçməz səni sevindirərlər, “satılıb” yazıb verdə bağlayarlar. “Əşi biz bilirdik…”
Odur ki, bunların könülləri xoş olsun deyə dəqiqəbaşı “İlham rədd ol!”, “Diktaturaya yox!”, “Siyasi məhbuslara azadlıq!” yazmaq lazımdır. Azı ilə qane olmurlar. Bunları yazmaq, bolluca üç nöqtələrdən və nida işarələrindən istifadə etmək boynunun borcudur. Əks halda şübhələri yaranır ki, “gənclərin həbsxanalara doldurulması doğrudanmı bu adamı narahat edir, yoxsa yox?”
Düzünü deyim ki, facebook-da çox zaman keçirən insanların necə də maraqsızlaşdıqlarını, tükəndiklərini gördükcə, özüm də onlara oxşamaqdan qorxurdum. Yoxsa başıma at təpməmişdi ki, 6000 üzvü olan səhifəmi, bir daha bərpası mümkünsüz qaydada imha etdim?
Sonda, siyasi fəallarımızın facebook-a bağlanan nafilə ümidləri haqda. İnkar etmirəm ki, onlar üçün facebook müəyyən mənada lazımlı, faydalıdır. Deyirlər “auditoriyamıza burdan çıxırıq, qüvvələrimizi lazım gələndə mobilizə edirik“. Nə deyim, inanırlarsa belə olsun, inanclarını sarsıtmayım. Amma gəlin yada salaq ki, bu şəbəkələrin olmadığı zamanlarda insanların toplaşmağa, görüşməyə, elə həmin o mitinqlərə gəlməyə daha böyük həvəsləri vardı. Bu şəbəkələr heç nə etmədi, heç nəyə faydası olmadı. Buyurun – bir piket, mitinq təyin edirsiniz iki yüz min adam “gəlirəm” deyir, meydana isə hamımızın tanıdığı beş adam çıxıb döyülür, tutulur. Tıqlanan bir düymə, ekranda hər saniyə şişən etirazçı sayısı, nəticə isə sıfır. Yenə də kateqorik danışmayım, ola bilsin səhv edirəm. Amma siz də bilirsiniz ki, facebook sayəsində meydan doldurmaq teması artıq qıcqırıb. Meydanlar dolanda facebook-suz, twitter-siz də dolacaq. Görəcəksiniz.
Yazım ağsaqqal nəsihəti havasında alındısa, özümü bağışlamaram. Mən sadəcə öz doğrularımı, səbəblərimi paylaşdım. Siz də belə qəbul edin.
P.S.
Ağsaqqal demişkən. Seçkilərə üç gün qalıb. Azərbaycanın ümid yeri olan, sözün həqiqi mənasında müəllim və ağsaqqal namizədin qələbəsini təmin etmək üçün, oktyabrın 9-u şəbəkələrdən çıxıb seçki məntəqələrinə gedin, Cəmil Həsənliyə səs verin. Şəbəkədə yox, real həyatda təbliğat aparın. Monitorun arxasından qalxın, sağınıza-solunuza baxın, işi-gücü olan, bir qismət çörək dalınca qaçan, facebook-da avaralanmayan gerçək vətəndaşları görün, onlarla danışın. Deyin ki, lotu və lotuşkaların, qumarbazların, oğruların, kokain əyyaşlarının ailə səltənətini yıxsa, bu kişi yıxacaq. Yoxsa facebook-da özünüz yazıb, özünüz oxumaqla iş olmur.
Bu da olsun mənim mövqeyim. Yəni ürəyinizə su sərpilsin, çöhrənizi təbəssüm bəzəsin. Gələn görüşlərədək.