Sanksiyaların Rusiyaya təsiri: “İqtisadiyyat öldürücü zərbə ala bilər”

Foto: Quatrox Production/shutterstock

Defolt və valyuta çatışmazlığı gözlənilir

Fevralın 24-dən bu yana Avropa İttifaqı ölkələri, həmçinin Böyük Britaniya, ABŞ, Kanada Rusiyaya müxtəlif sanksiyalar qoyub.

Maliyyə sanksiyaları əsasən oliqarxlara, yüksək rütbəli hərbçilərin hesablarına, dövlət məmurlarına, prezidentə, onun köməkçisinə, nazirlərə qoyulan qadağalardır.

Artıq Rusiya hökumətinin rəsmiləri də maliyyə sıxıntıları yaşadıqlarını qismən etiraf edir və qənaət rejiminə keçiblər.

ABŞ Senatı isə Rusiya Prezidenti Vladimir Putini “hərbi cani” kimi pisləyən qətnamə qəbul edib.

Qətnamə yekdilliklə qəbul edilib və bildirilib ki, bu, Senatda çox nadir hallarda müşahidə edilir. Sənədi respublikaçı senator Lindsi Qrem təqdim edib.

Qətnamədə hər iki partiyadan olan senatorlar Beynəlxalq Cinayət Məhkəməsini Rusiyanın Ukraynada törətdiyi müharibə cinayətlərini araşdırmağa çağırırlar.

Böyük Britaniya da Moskva üzərinə sanksiyaları genişləndirib.

Sanksiya siyahısına Rusiyanın daha 350 fiziki və hüquqi şəxsini əlavə edilib.

Yeni siyahıda Rusiyanın Baş naziri Mixail Mişustinin, habelə keçmiş prezident Dmitri Medvedevin də adı var.

Rusiya hökuməti. Foto: AntonSAN/shutterstock

Onlardan başqa sanksiya siyahısına iri biznesmenlər – Mixail Fridman, Pyotr Aven, German Xan, Dmitri Pumpyanski, Rusiya Dövlət Dumasının üzvləri, müdafiə naziri Sergey Şoyqu, Kreml administrasiyasının başçısı Anton Vayno, XİN-in sözçüsü Mariya Zaxarova, RT-nin baş redaktoru Marqarita Simonyan və onun əri Tiqran Keosoyan, Putinin sözçüsü Dmitri Peskov, televizya aparıcıları Olqa Skabeyeva və Vladimir Solovyovun adları salınıb.

Britaniyanın son sanksiya siyahısında Rusiya Təhlükəsizlik Şurasının Ukraynaya hücum qərarına səs vermiş bütün üzvlərinin adları yer alıb.

Yaponiya isə Rusiyanın 17 vətəndaşının adını sanksiya siyahısına salıb.

Yaponiyanın yeni siyahısında Renovo şirkətlərinin təsisçisi Viktor Vekselberqin, Putinin yaxın dostu Yuri Kovalçukun adları var.

Tokio, habelə Gennadi Zyuqanov olmaqla Kommunist Partiyasının 11 fraksiya üzvünə sanksiyalar tətbiq edib.

Kanada, Avstraliya və İsveçrə də Rusiyaya qarşı sanksiyalar elan ediblər. Hətta Avropa İttifaqımnın sanksiya siyahısında Roman Abramoviçin də adı var. O, “Çelsi” Futbol Klubunun sahibidir.

Tədbirlər martın 15-də dərc olunan kimi qüvvəyə minir.

Rusiyadan polad və dəmir idxalı, bu ölkəyə 300 avrodan baha malların və 50 min avrodan baha avtomobillərin ixracı, neft şirkətləri və enerji sektoruna investisiyalar yasaqlanır.

Bütün bu sanksiyaların səbəbi Rusiyanın 20 gündən artıqdır ki, Ukraynaya hərbi müdaxilə etməsidir.

Məqsəd müharibənin maliyyələşdirilməsinin dayandırılmasıdır.

İqtisadçı Rövşən Ağayev deyir ki, Rusiya üçün tətbiqi gözlənən sanksiyalardan biri də Dünya Ticarət Təşkilatına üzvülük sayəsində əldə etdiyi “ən əlverişli ölkə” statusunun ləğvidir.

Rövşən Ağayev
Mənbə: Meydan TV

Bu status DTT-nin təməl mexanizmlərindən biridir. Məqsədi üzv ölkələri qarşılıqlı ticarətdə bir-birinə qarşı diskriminasiyadan çəkindirmək, əksinə üzv ölkənin ixtiyari ölkəyə təqdim etdiyi əlverişli ticarət rejimini bütün üzvlərə tanımaqdır:

“Məsələn, əgər üzvlərdən biri hansısa məhsul və məhsul qrupu üzrə “ən əlverişli ölkə” statusu ilə bir ölkəyə aşağı idxal tarifi (yaxud 0 dərəcə ilə) tətbiq edirsə, avtomatik olaraq üzv ölkələrin hamısı həmin əlverişlil ticarət rejimindən yararlanır.
Rusiyanın bu statusu itirməsi o demək olacaq ki, o, DTT üzvləri ilə ticarətdə diskriminasiyadan qorunmayacaq, əlverişli ticarət rejimləri ona şamil edilməyəcək”.

Eyni zamanda, iqtisadçı bildirir ki, Rusiya hökuməti sərt iqtisadi sanksiyaların təsirini azaltmaq üçün uzun illərdən bəri tətbiq etdiyi büdcə qaydasının icrasını dayandırmağı nəzərdən keçirir.

Qaydaya görə, “Urals” markalı neftin dünya bazarındakı qiyməti hökumətin müəyyən etdiyi həddi ötdükdə, yüksək qiymətdən əldə olunan bütün gəlirlər Rifah Fonduna yığılır.

Uzunmüddətli dövrdə vətəndaşların pensiya təminatı üçün nəzərdə tutulan bu Fondun cari məqsədləri üçün istifadəsinə isə yalnız bir halda hüquq imkan verir: Fondda toplanan ehtiyatların həcmi ölkənin ÜDM-nin 7%-ni ötmüş olsun və yalnız 7%-dən artıq məbləğ infrastruktur layihələrinin maliyyələşdirilməsinə sərf edilə bilər.

“2022-ci il üçün “Urals” markalı neft üçün hədd 44.2 dollar müəyyən edilib. Əgər hazırkı hərbi və iqtisadi durumla üzləşməsəydi, Rusiya hökuməti neftin 44,2 dollara qədər qiyməti çərçivəsində əldə etdiyi gəlirləri büdcəyə cəlb edəcəkdi, ondan yüksək qiymət səviyyəsində əldə olunan bütün gəlirlər isə Rifah Fonduna yönəldiləcəkdi”.

Rövşən Ağayev izafi neft gəlirlərinin Fonda alınması sxemindən də danışıb.

Deyir ki, Mərkəzi Bank Maliyyə Nazirliyini zəruri həcmdə rublla təmin edir, nazirik isə hərraclar vasitəsilə valyuta gəlirlərini Mərkəzi Bankdakl hesabları üzərindən Rifah Fonduna köçürür. Lakin indiki halda bu qaydadan imtina o deməkdir ki, neftin qiymətindən asılı olmayaraq əldə olunan bütün -neft-qaz gəlirləri büdcəyə köçürülərək xərclənəcək:

“Aydın məsələdir ki, ölkədə iqtisadi fəallığın kəskin şəkildə aşağı düşməsi, geniş dövriyyəyə və vergi öhdəliyinə malik 300-ə yaxın xarici şirkətin ölkəni tərk etməsi, 10 minlərlə iş yerinin bağlanması, yerli şirkətlərin sanksiya səbəbindən xarici iqtisadi əlaqələrinin pozulması qeyri-neft gəlirlərinin kəskin şəkildə itirilməsini qaçılmaz edir. Qərbin kiçik istisnalarla Rusiyadan neft-qaz alışına qadağa qoymaması fürsətdir və hökumət bu itkirlərin yerini izafi neft gəlirlərilə doldurmağa imkan olaraq baxır”.

İqtisadçı bildirir ki, bu gün Ukrayna ilə müharibə Rusiyanın büdcəsi üçün milyardlarla dollar əlavə xərcdir. Ölkədə işsizliyin artması, sosial vəziyyətin pisləşməsi sosial müdafiə xərclərinin də artımını qaçılmaz edəcək:

“Maliyyə institutları qarşısında öhdəliklərini yerinə yetirə və artıq kənardan borc cəlb edə, işçilərinə maaş belə ödəyə bilməyən, müflisləşmə riskilə üzləşən yerli müəssisələr üçün dəstək paketi də büdcə üçün böyük yükə çevrilir. Bu xərcləri nəzərə alanda hökumət yaxın zamanlarda 2022-ci ilin büdcəsinin xərclərinə yenidən baxması mümkün görünür. Artan xərcləri və itirilən qeyri-resurs gəlirlərini də məhz əvvələr Fonda yönəltdikləri izafi neft-qaz gəlirləri hesabına kompensasiya etməyə çalşırlar”.

Rusiya defolt ola bilərmi?

İqtisadçı, deputat Vüqar Bayramov isə bildirir ki, bu, Rusiyanın bu gün 117 milyon dollarlıq dollar denominasiyalı bondlar üzrə faiz ödəmə öhdəliyi ilə bağlıdır.

Rusiyanın 630 milyard dollarlıq xarici valyuta ehtiyatları dondurulduğu üçün ölkə dollar ödənişlərini etməkdə çətinliklə üzləşib:

Vüqar Bayramov
Source: Meydan TV

“Bundan başqa, Qazprom, Lukoyl kimi şirkətlərin xaricdəki 150 milyard dollarlıq aktivlərindən istifadə də bloklanıb. Belə ki, Rusiyaya dollar və avro təchizatına qadağa olduğu üçün ölkə xarici valyuta problemləri ilə üz-üzədir. Rusiyanın kredit reytinqini kəskin aşağı salan beynəlxalq agentliklər də Moskvanın defoltun bir addımlığında olduğunu bəyan ediblər”.

İqtisadçı bildirir ki, Rusiya defolt elan olunacağı halda, bu ölkənin 1998-ci ildən sonra ilk borc, 1917-ci il inqilabından sonra isə ilk xarici valyutalar üzrə borc defoltu olacaq. 115 il öncə, inqilabdan sonra Rusiya hökuməti xarici valyutada olan borclarını tanımaqdan imtina edərək ödənişlər etməmişdi:

“Rusiya defolt olarsa, ölkə iqtisadiyyatına investorların inamı ciddi şəkildə sarsıla bilər. Sanksiyalardan sonra Rusiya iqtisadiyyatı ciddi valyuta problemləri ilə üzləşməkdədir. Artıq hökumət valyuta qıtlığını etiraf edərək minimumlaşdırıcı addımlar atmağa çalışır. Ötən il 1.5 tirlyon dollarlıq iqtisadiyyata malik olan Rusiya 117 milyon dollarlıq ödənişə görə defolt təhlükəsi ilə üzləşib. Sanksiyalar ölkənin xarici valyuta ödəniş və manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırıb”.

Vüqar Bayramov deyir ki, təbii, Rusiya defolt olmamağa çalışır.

Ödənişlərlə bağlı digər vasitə borcun rubl ilə qaytarması versiyası ola bilər. Amma bu müqavilə şərtlərindən və borcunu alacaq investorların mövqelərindən asılıdır:

“Bütün borcların rublla qaytarılması real və inandırıcı görsənmir. Reallıq budur ki, sanksiyalar Rusiya üçün mövcud iqtisadi qapıların əksəriyyətini bağlayıb. Hətta əgər bu gün Rusiya defoltdan yayınmağı bacarsa da, bu sanksiyalar davam edərsə, növbəti ödənişlərdə oxşar problemlərin olacağı qaçılmazdır. Qərb isə sanksiyaların dairəsini genişləndirməkdədir. Deməli, bu, sadəcə, başlanğıcdır”.

Rövşən Ağayev deyir ki, 2022-ci il üçün Rusiyada federal büdcənin gəlirləri 25 trln. rubl təsdiqlənib. Həmin gəlirlərin 9,5 trln. rublu neft-qaz gəlirlərinin hesabına təmin edilməli idi. Bu məbləğ 1 USD/70 rubl məzənnəsi və Urals nefti üçün 44,2 dollar qiymət səviyyəsi əsasında proqnozlaşdırılmışdı.

Rusiyanın enerji daşıyıcılarına sanksiya olmayacağı halda, neftin orta illik qiymətinin 100 dollar, rublun məzənnəsinin 1 USD/110-120 rubl dəhlizində hərəkət etməsi, rubl ifadəsində büdcənin neft gəlirlərinin proqnozdan (9,5 trln. rubl) təxminən 2.5 dəfə artıq olmasını təmin edə bilər:

“Şübhəsiz ki, mümkün ssenarilər neftin bundan sonrakı qiymətindən və sanksiyaların neft-qaz idxalına tətbiq edilib-edilməməsindən asılı olacaq. Amma göründüyü kimi, sanksiyasızlıq və yüksək qiymətlər bir müddət Rusiyaya büdcə böhranından qaçmağa imkan verəcək. Bu, bir daha onu göstərir ki, ən qısa müddətdə Rusiya iqtisadiyyatı öldürücü zərbəni yalnız neft-qaz satışına qadağalardan ala bilər”.

Martın 11-də ABŞ Böyük yeddilərin G7 qrupu ilə yekdil şəkildə Rusiyanın “normal ticarət partnyoru” statusunu ləğv edib. Rəsmən “ən çox istənən ölkə” adlanan bu status ona malik olan ölkəyə daha sərfəli və güzəştli sövdələşmələr imkanı yaradır.

Ana səhifəİqtisadiyyatSanksiyaların Rusiyaya təsiri: “İqtisadiyyat öldürücü zərbə ala bilər”