“Kino avadanlıqları və nümayişlər üçün ehtiyatlar 2022-ci ilin ortalarına qədər tükənəcək”
Rusiya kino sənayesi böyük təhlükə ilə üz-üzə qalıb.
Bu barədə Kino Sahibləri Assosiasiyası bəyanat yayıb.
Bildirilir ki, Rusiya-Ukrayna münaqişəsi fonunda tətbiq edilən sanksiyalar ucbatından ölkə kinoteatrları gəlirlərinin 80 fazini itirə bilər.
Amerika kinostudiyaları Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya kinoteatrlarında filmlərinin yayımını ləğv etməyə başlayıb.
Bəyanatda isə qeyd olunur ki, Rusiya istehsalı olan filmlərin kəmiyyət və keyfiyyəti kinoteatrların məzmununa uyğun deyil. Həm də tamaşaçı tələbatını tam ödəməyə imkan vermir.
“Mədəniyyət Nazirliyi və Kino Fondu ən qısa zamanda ölkə kinoteatrlarında yerli filmlərin nümayişinə dəstək proqramı hazırlayıb, həyata keçirməyə borcludur. Bu vəziyyətin nə qədər davam edəcəyini proqnozlaşdırmaq mümkün deyil. Ona görə də kinoteatrları işlək vəziyyətdə saxlamaq, film nümayişlərinin dayanmasının qarşısını almaq üçün təcili tədbirlər görülməlidir”, – Assosiasiyanın məlumatında bildirilir.
Bildirilir ki, kino avadanlıqları və nümayişlər üçün gərəkli ehtiyatlar 2022-ci ilin ortalarına qədər tükənəcək.
Kino sahibkarları belə çətin şəraitdə dövlətin kinoya dəstək olacağına ümid etdiklərini bildiriblər.
Fevralın 24-də Rusiya Ukraynanın Donbas bölgəsində genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.
Bundan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
Ukrayna Kino Akademiyası hərbi əməliyyat başlayandan sonra Rusiya kinosunu və kino sənayesini beynəlxalq boykot etməyə çağırıb.
Rusiyada kinoteatrlar fərdi şəxslərə, bir çox media və reklam platformaları dövlətə məxsusdur.