Samuxda hərbçi avtomobilin çaya düşməsi nəticəsində həyatını itirib.
Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatına görə, iyulun 1-də Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Vüsal Nəzərovun avtomobili Samuxda sürüşərək çay yatağına düşüb və nəticədə o, suda boğularaq ölüb.
Hadisə barədə məlumat daxil olduqdan dərhal sonra Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə cəlb olunaraq axtarış-xilasetmə tədbirləri həyata keçiriblər. Görülən tədbirlər nəticəsində hərbi qulluqçunun meyiti tapılıb.
Son aylarda Dövlət Sərhəd Xidmətində bir sıra ölüm halları ictimailəşib. Aprelin 13-də DSX Akademiyasının I kurs kursantı Əsəd İsmayıllı, mayın 12-də DSX əsgəri Hüseyn Əsədov, mayın 19-da DSX Xüsusi Məktəbinin 11-ci sinif şagirdi Məzahir İslamov, mayın 25-də isə DSX hərbi qulluqçusu Ramin Cəbrayılov vəfat edib. Beləliklə, son üç ayda DSX ilə bağlı ən azı 5 ölüm faktı ictimaiyyətə məlum olub.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) məlumatına görə, 2026-cı il iyulun 1-dək Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda ölən hərbi qulluqçuların sayı 26-ya çatıb.
İnstitutun məlumatına əsasən, ölənlərin 15-i Müdafiə Nazirliyinin, 7-si Dövlət Sərhəd Xidmətinin, 1-i Daxili Qoşunların, 1-i Prezidentin Təhlükəsizlik Xidmətinin, 1-i Fövqəladə Hallar Nazirliyinin, 1-i isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarıdır.
XHTİ bildirir ki, 2026-cı ildə ölən hərbi qulluqçuların 4-ü xəstəlikdən, 4-ü intihar nəticəsində, 6-sı avtomobil qəzasında, 6-sı isə bədbəxt hadisələr nəticəsində həyatını itirib. Bədbəxt hadisələr arasında 2 suda boğulma, 1 dağdan sürüşmə, 2 dəm qazından boğulma, 1 hündürlükdən yıxılma və 1 ehtiyatsızlıq faktı qeyd olunur. Daha 5 nəfərin ölüm səbəbi açıqlanmayıb.
İnstitutun məlumatına görə, son beş ildə Dövlət Sərhəd Xidmətində ümumilikdə ən azı 61 hərbi qulluqçunun həyatını itirdiyi bildirilir. Bu rəqəm rəsmi statistika deyil, açıq mənbələr və media monitorinqləri əsasında formalaşdırılıb.