Samir Aşurov barəsində həbs qətimkan tədbiri seçilib

Siyasi fəal aclıq aksiyasına başlayıb

Martın 29-da Almaniyadan deportasiya edilərək Azərbaycana qaytarılan və aprelin 19-da Bakıda saxlanılan Samir Aşurov barəsində həbs qərarı çıxarılıb. Aprelin 21-də Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Samir Aşurovun vəkili Zibeydə Sadıqovanın verdiyi məlumata görə, qəsdən bədənə ağır xəsarət yetirməkdə ittiham olunan müvəkkili bu ittihamı qəbul etməyib. Özünü təqsirli bilmədiyini vurğulayan Aşurov deyib ki, ümumiyyətlə, üstündə bıçaq olmayıb. Cinayət predmeti olduğu iddia edilən bıçağı zorla onun cibinə qoyublar.

Siyasi sifarişlə həbs olunduğunu bildirən Samir Aşurov əlavə edib ki, qanunsuz həbsinə etiraz olaraq, aclıq aksiyasına başlayıb.

Vəkil isə Nizami Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcək.

Samir Aşurov hələ Azərbaycana qaytarıldığı ilk günlərdə həbs təhlükəsi altında olduğu haqda dəfələrlə sosial media hesabında yazmışdı. O, vəkilinə hadisənin necə baş verdiyi haqda danışarkən deyib ki, aprelin 19-da axşam saatlarında metronun “Neftçilər” stansiyasının yaxınlığında evinə gedərkən bir nəfər qışqıra-qışqıra ona tərəf gəlib və onu yerə yıxıb. Arxasınca da qışqırıb və dərhal polislər gələrək onu tutub.

“Cibimə bıçaq qoydular. Çıxarıb atdım. Əvvəl sağ cibimə qoymuşdular, sonra gətirib sol cibimə qoydular. Götürüb 24-cü bölməyə apardılar”, – Samir Aşurov belə deyib.

Samir Aşurovun həyat yoldaşı Nuranə Aşurova onun polis bölməsində işgəncəyə məruz qaldığını bildirib. Həyat yoldaşının sözlərinə görə, onun üzərində işgəncə izləri var. Həyat yoldaşının hələ Almaniyada olarkən ürək əməliyyatı keçirdiyini vurğulayan Aşurova bildirib ki, onun həyatı təhlükə altındadır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə müdiri Elşad Hacıyev isə bildirib ki, Samir Aşurovun üzərindəki izlər zərərçəkmişlə onun arasındakı dava nəticəsində yaranıb. Nazirlik rəsmisi onun polis bölməsində işgəncəyə məruz qalması haqda deyilənləri təkzib edib.

Samir Aşurov aprelin 19-da axşam saat 21 radələrində Şəki sakini Elşən Nəbiyevə qarın nahiyəsindən bıçaqla xəsarət yetirməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 126.1 maddəsilə ittiham irəli sürülüb. İstintaq Nizami Rayon Polis İdarəsində aparılır.

Samir Aşurov Almaniyada Azərbaycan hökumətinin tənqid olunduğu etiraz aksiyalarının fəal iştirakçılarından biri idi. Son dövrlərdə Almaniyadan deportasiya edilən fəalların bir neçəsi ölkəyə qayıtdıqdan sonra narkotik ittihamıyla həbs olunub. Onlar ittihamı rədd edir və etirazlarına görə qisas almaq məqsədilə şərləndirklərini deyirlər.

Ana səhifəVideoSamir Aşurov barəsində həbs qətimkan tədbiri seçilib