Şamaxı rayonunda gün ərzində bir neçə zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, günün ilk yeraltı təkanı yerli vaxtla 15:52-də qeydə alınıb. Zəlzələnin maqnitudası 4,7, ocağın dərinliyi isə 13 km olub. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 3–4 bala yaxın hiss olunub.
Daha sonra, 16:05-də, Şamaxıda ikinci zəlzələ baş verib. Bu yeraltı təkanın maqnitudası 3,3, ocağın dərinliyi 10 km olub.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hazırda dağıntı və ya insan xəsarəti barədə məlumat yoxdur.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişlinin sözlərinə görə, Şamaxıda zəlzələ baş verəndən sonra avterşoklar davam edir. O bildirib ki, güclü zəlzələ ehtimalı yoxdur.
Şamaxı bölgəsi zəlzələlər üçün riskli ərazi sayılır. Rayon ərazisində sonuncu dəfə 2019-cu ilin fevralında 4 bal gücündə zəlzələ baş vermişdi və nəticədə təxminən 4000 evə ziyan dəymişdi.