Şamaxı sakini: Oğlumuz yataq xəstəsi olandan sonra həyat yoldaşım bizi atdı

Dedilər ki, bu uşağa əziyyət vermə, xəstəliyinin müalicəsi yoxdur

Source: Meydan.TV


Evi zəlzələdən zərər çəkmiş ailə dövlətdən dəstək görmədiyini deyir

“2002-ci ildə ailə həyatı qurdum. Evlilik dövrümüzdə həyat yoldaşımın imkanı olmadığı üçün rəhmətlik atam evini bizə verdi. İlk vaxtlar hər şey yaxşı idi. Üç övladımız oldu- iki qız, bir oğlan. Sonradan oğlumun səhhətində problem yarandı, sümük xəstəliyi uşağı əlil elədi. Ailəmizdə söz-söhbətlər, davalar da bundan sonra başladı”.

Bunu Meydan TV-yə Şamaxı şəhəri, Niyazi Nəcəf küçəsi, 106 ünvanında yaşayan 1974-cü il təvəllüdlü Fəridə Hacıyeva deyir. Onun sözlərinə görə, həyat yoldaşı Tərlan Hacıyev 5 il öncə oğulları Emin xəstələnəndən sonra ailəsindən imtina edərək evdən gedib. Fəridə xanım hazırda üç övladını təkbaşına böyüdür:

“Qızların birinin 14, digərinin isə 15 yaşı var. Oğlum sonbeşikdir, 13 yaşındadır. Onun da əlilliyi var. Hər dəfə ona baxanda, az qalır, ürəyim dayansın. Ağlamaqdan gözümün yaşı quruyub. Oğlumu dəfələrlə müxtəlif həkimlərə apardım. Dedilər ki, bu uşağa əziyyət vermə, xəstəliyinin müalicəsi yoxdur. Oğlumuz yataq xəstəsi olandan sonra həyat yoldaşım evdə tez-tez dava salırdı, deyirdi ki, mənə əlil övlad lazım deyil. Sonra da bizi atıb getdi. Dolana bilmirik, uşaqların babası da var, nənəsi də, üstəlik, atası da. Bu beş ildə biri qapını açıb gəlmir ki, görüm, uşaqlar necə yaşayır? Görəsən, Fəridə uşaqları ac, yoxsa tox saxlayır?”.

image_from_ios (3).jpg
zəlzələdən zədə alan ev

Həyat yoldaşının yolunu gözləməkdən yorulan Fəridə Hacıyeva günlərin birində, ərinin evləndiyini eşidib. Bundan sonra ümidini birdəfəlik üzərək, məhkəməyə müraciət edib rəsmi qaydada boşanıb:

“Boşanmamışdan üç il əvvəl məhkəmə qərarına əsasən, Tərlan hər uşağa ayda 75 manat olmaqla, ümimilikdə 225 manat aliment ödəməli idi. Lakin indiyə kimi bir manat da pul verməyib. Dəfələrlə Şamaxı Rayon Məhkəməsinə müraciət etdim. Çağırıb, gətirdilər, görünür, bu adamın heç nə vecinə deyil. Tərlanın sürüylə mal-heyvanı var, amma bir dəfə də olsun övladlarını yada salmayıb. Hələ bir məni borclu çıxarır. Deyir ki, sizə heç nə verməyəcəyəm, əlindən nə gəlir elə. Bəs yaxşı, mən bu uşaqları necə saxlayım? Oğlum bacılarından utandığı üçün özüm ona baxmağa məcburam, işləyə bilmirəm. Qoca anamın və oğlumun pensiyasından başqa evimizə əlavə pul gəlmir. İmkansızlıqdan qızlarımın ikisini də məktəbdən çıxarmağa məcbur oldum. Kasıblıq və atasızlıq övladlarımın təhsilini yarımçıq qoydu. Onlar da bir başqa cür əlil oldular”.

image_from_ios (5).jpg
tavan

Bunlar azmış kimi 2019-cu ilin fevralında baş verən zəlzələ nəticəsində Fəridə Hacıyevanın da evi qəzalı vəziyyətə düşüb. O, bununla bağlı Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət edib:

“Atamdan qalan ev 1970-ci ildə tikilib. Sonuncu zəlzələdən sonra divarlarda iri çatlar yarandı. Təmir etməyə imkanım yoxdur. Bununla bağlı dəfələrlə Şamaxı Rayon İcra hakimiyyətinə getsəm də, hər dəfə bir bəhanəylə məni başlarından edirlər. Fövqəladə Hallar Komissiyasının əməkdaşı mənə kömək edəcəklərini bildirsə də, artıq dörd ay olub, amma maraqlanan yoxdur. Adam tapmırıq ki, dərdimzi deyək. Bu boyda problemlərim ola-ola, evim də uçur və kömək ummağa dövlət məmuru tapa bilmirəm”.

Meydan TV əməkdaşı məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətində olub. Lakin qurumda suallarını cavablandıracaq səlahiyyətli bir şəxs tapılmayıb. İH-nin dəhlizində toplaşan insanlar isə giley-güzar ediblər ki, onların heç bir şikayətinə baxılmır:

image_from_ios (4).jpg
zəlzələnin yaratdığı çat

“Biz hər dəfə bura gələndə tədbir adı ilə maşınlarına oturub gedirlər. Üç aydır ki, biz burada heç kimi görə bilmirik. Fövqaladə Hallar Komissiyasının nümayəndəsi ilə görüşmək imkanımız olub. O da bir dəfə deyib ki, düzələcək. Bizi aldadırlar” – deyə, Şamaxı rayon sakini Telman Camalov deyib.

Fəridə Hacıyevanın keçmiş həyat yoldaşı Tərlan Hacıyev Meydan TV-yə bildirib ki, maddi imkansızlıq ucbatından övladlarına aliment ödəyə bilmir:

“İki il olar ki, alimentlə bağlı mənə xəbərdarlıq edilib. Hətta buna görə 13 sutka həbsdə yatmışam. İmkanım olmayıb, yalnız bir dəfə pul göndərmişəm. Evliyəm, iki övladım var. Hazırda imkanım olmasa da, çalışıb onlara müəyyən mənada köməklik göstərəcəyəm”.

image_from_ios (2).jpg
evin çat olan tavanı
Ana səhifəBölgəŞamaxı sakini: Oğlumuz yataq xəstəsi olandan sonra həyat yoldaşım bizi atdı