Şamaxı sakini: “Oğlum müharibədə olarkən işdən çıxarılıb”

Əsgər. Foto: Meydan TV

Vətəndaş “DOST” İş Mərkəzindən narazıdır

Şamaxı rayon sakini Aqşin Şirinov İkinci Qarabağ müharibəsindən qayıdandan sonra Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndi ilə işdən çıxarıldığını öyrənib.

Aqşin Şirinovun atası Sahib Şirinov bildirib ki, oğlu 2019-cu ildə “DOST” İş Mərkəzində işə düzəlib. Həmin ilin iyulunda hərbi xidmətə gedib, daha sonra əsgər kimi müharibədə iştirak edib. Atanın sözlərinə görə, müharibədən qayıdandan sonraki 1 il ərzində əsəb xəstəliyindən müalicə alıb. Təkrar iş ilə bağlı müraciət etdikdə məlum olub ki, 2019-cu ilin noyabrında, yəni hərbi xidmətdə olduğu müddətdə işdən çıxarılıb. Sahib Şirinov bildirib ki, həmin dövrdə Aqşinin hərbi xidmətdə olduğunu təsdiqləyən sənədləri “DOST” İş Mərkəzinə təqdim edib, lakin oğlunu işə bərpa etməyiblər.

“Aqşin 2019-cu ilin iyulun 26-da hərbi xidmətə gedib. Hərbi xidmət dövründə müharibədə iştirak edib, orderlərlə tərtib olunub. Müharibədən sonraki 1 il ərzində müalicə alıb”-, S.Şirinov bildirib. Qeyd edib ki, müalicəsi tamamlanandan sonra yenidən “DOST” İş Mərkəzinə müraciət ediblər:

“Dedilər ki, Aqşin noyabrın 18-də Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndi ilə işdən çıxarılıb. Yəni, əsgərliyə gedəndən 3 ay sonra işdən çıxarılıb. Həmin maddədə göstərilir ki, vəzifə borcunu yerinə yetirə bilmədiyi üçün işdən çıxarılıb”.

Ata deyib ki, müharibədən qayıdandan sonra psixi vəziyyəti normal olmadığından iş üçün müraciət edə bilməyiblər. Amma maraqlıdır ki, hərbi xidmətdə olduğu dövrdə işdən necə çıxara bilərlər?

Dedilər ki, işdən çıxarılmasına səbəb işdə olmamasıdır. Halbuki əsgərlikdə olduğunu bilirdilər”, – ata deyir.

“Dəfələrlə müraciət etsəm də, eyni sözü deyirlər. Bildirirlər ki, 2 ay müddətində Aqşinin əsgərlikdə olmağı barəsində rəsmi müraciət etməli imişik. İş yerinə məlumat vermək Səfərbərlik Xidmətinin səlahiyyətindədir. Bununla bağlı “DOST” İş Mərkəzindən bizdən heç bir sənəd tələb edilməyib. 2-3 ay ərzində bir dəfə də zəng edib Aqşinin harada olduğu ilə bağlı maraqlanmayıblar”,-deyə fikrini bitirir.

S.Şirinov onu da bildirib ki, oğluna hər hansı bir yerdə iş təklif olunmayıb.

“DOST” İş Mərkəzindən Meydan TV-yə bildiriblər ki, məsələ ilə bağlı həmin şəxsin özü ilə danışılıb və vəziyyət izah olunub.

Şikayətçi deyib ki, ona məhkəməyə müraciət etmək məsləhət görülüb, lakin vəkil tutmağa maddi imkanı çatmadığı üçün bunu edə bilmir.

Hüquqşünas Azər Məmmədov isə bildirib ki, işçilərlə işəgötürənlər arasında əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir. Məcəllədə əmək müqaviləsinə xitam verilməsinin əsasları müəyyən olunub. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını məcəllənin 70-ci maddəsi müəyyən edir. “C” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə işçinin qəsdən və ya səhlənkarlıqla əmək funksiyasını, vəzifə öhdəliklərini yerinə yetirməmiş olması, iş yerində işin, istehsalın, əmək intizamının normal ahəngi pozulmalı və ya işə götürənin qanunla qorunan mənafeyinə hər hansısa formada ziyan dəyməlidir.

““C” bəndi ilə işdən çıxarılan işçi məhkəməyə müraciət etməlidir. Təcrübə göstərir ki, işçi haqlı olduğu halda məhkəmə hüquqlarını bərpa edir”, – hüquqşünas deyib.

Ana səhifəSosialŞamaxı sakini: “Oğlum müharibədə olarkən işdən çıxarılıb”