Salyanda namizədin tərəfdarları polisə çağırılır

“Hətta bəzi namizədlərin tərəfdarları arasında gərginlik də yarandı”

Source: Foto: google.az


Fəzail Ağamalının şikayəti əsasında rəqibinin tərəfdarlarının polisə aparıldığı bildirilir

60 saylı Salyan-Neftçala Seçki Dairəsindən namizədliyini irəli sürən "Carçıoğlu Group" MMC-nin direktor müşaviri Kamil Musavinin tərəfdarlarının yerli polis idarəsinə çağırıldığı bildirilir. Bu barədə Meydan TV-yə məlumat verən namizədin tərəfdarları deyiblər ki, onlar Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının şikayəti əsasında polisə çağırılıblar.

AVP sədrinin tərəfdarlarından 3 nəfərin xəsarətlə xəstəxanaya yerləşdirildiyi bildirilir.

Meydan TV Kamil Musavi ilə əlaqə saxlamağa cəhd etsə də, o, telefona cavab verməyib. Əldə olunan məlumata görə, namizədin vəkili Zöhrab Şiri də döyülməsi ilə bağlı polisə müraciət edib. Bu iş də yerli polis şöbəsində araşdırılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bir sıra şəxslərin polisə çağırılmasını Meydan TV-yə təsdiqləyib. Onun sözlərinə görə, əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə fəallıq daha çoxdur:

“Hətta bəzi namizədlərin tərəfdarları arasında gərginlik də yarandı. Belə olanda baş verə biləcək hər hansı gərginliyin, yaxud təxribatın qarşısının alınması məqsədi ilə namizədlərin tərəfdarlarından bəziləri polis idarələrinə çağırılır və onlarla profilaktik söhbət aparılır. Yəni hansısa rayonda hansısa namizədin tərəfdarının polis şöbəsinə dəvət olunması onların saxlanılması və cəzalanması anlamına gəlmir. Bu, onlarla profilaktik söhbətin aparılmasıdır”.

60 saylı Salyan-Neftçala Seçki Dairəsində 10 namizəd yarışır, onlardan 8-i bitərəfdir.

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə Prezidentə müraciət edib. Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Ana səhifəSiyasətSalyanda namizədin tərəfdarları polisə çağırılır