Həkimin köməkçisi: “Pasiyent həkimin tövsiyələrinə əməl etməyib, indi həkimin nə günahı var?!”
Salyan rayonunun Şorsulu kənd sakini Fikrət Adışirinov həyat yoldaşının həkim səhvi nəticəsində görmə qabiliyyətini itirdiyini iddia edir. Onun sözlərinə görə, əməliyyat zamanı 49 yaşlı Gülşən Adışirinovanın gözündə buynuz qişa zədələnib.
“ARB kanalında gördük o həkimi, hardan biləydik ki, başımıza belə iş gələcək?!”
Fikrət Adışirinov deyir ki, həyat yoldaşı 2023-cü ilin iyununda “Kəpəz Hospital”da əməliyyat olunub. Onun sözlərinə görə, əməliyyatı həyata keçirən həkim-oftalmoloq Azər Kərimovu telekanallardan birində görüb, onun yanına getmək qərarına gəliblər:
“Azər həkim müxtəlif kanallarda verilişlərə çıxır, reklam olunur. Biz onu ARB kanalında “Elgizlə izlə” verilişində görmüşdük. Haradan biləydik ki, başımıza belə bir iş gələcək?”
Gülşən Adışirinova bir gözündə katarakta problemilə əlaqədar Azər Kərimovun yanına gedib. Həyat yoldaşı deyir ki, həkim qısa müddət ərzində onu 5 dəfə əməliyyat edib:
“Birinci əməliyyatdan sonra gözündə dözülməz ağrılar oldu. Apardıq həkimin yanına, dedi ki, təzyiq və tikişlərlə bağlıdır. İkinci əməliyyatı elədi. Yenə problem aradan qalxmadı, şiddətli ağrı olurdu, dözə bilmirdi. Bir neçə gün sonra yenə apardıq, dedi ki, göz bəbəyi yerindən oynayıb. Yenə əməliyyat… Beləcə, hər dəfə müxtəlif bəhanələrlə 5 dəfə əməliyyat elədi. Sən demə, elə birinci əməliyyatda buynuz qişa zədələnibmiş. Evdə adamın gözündən qan gəlirdi, bu nə deməkdir?!”.
“İndi hardan tapım bu pulu, kasıb adamam”
Fikrət Adışirinovun sözlərinə görə, bir müddət sonra onlara məlum olub ki, gözdə buynuz qişa zədələnib. Hesab edir ki, bunu əməliyyat zamanı həkim edib.
Dediklərini sübut etmək üçün əlində çoxsaylı faktlar, səs yazıları olduğunu vurğulayan Fikrət Adışirinovun sözlərinə görə, həyat yoldaşının gözündə buynuz qişanın zədələndiyini Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəyi də təsdiqləyir:
“Amma rəydə yazırlar ki, xəstəni əməliyyatdan əvvəl görmədiklərinə görə zədələnmənin hansı şəraitdə baş verdiyini müəyyənləşdirmək mümkün olmayıb. Həyat yoldaşım hazırda birinci qrup əlildir. Onun gözünün açılması üçün əməliyyat lazımdır. “Dünyagöz” xəstəxanasında bildirdilər ki, bu əməliyyatın qiyməti 24 min manatdır. İndi hardan tapım bu pulu, kasıb adamam. Oğlum 44 günlük müharibənin iştirakçısıdır, qardaşım şəhid olub. Məni ağrıdan həm də odur ki, həkim səhvi nəticəsində bir qadın, bir ana kor olub, səlahiyyət sahibləri buna göz yumur”.
“Xəstənin iki oğlu və həyat yoldaşı gəlib dava salır, pul tələb eləyirlər”
Salyan sakini hüquq-mühafizə orqanlarına da şikayət edib. Nəsimi Rayon Prokurorluğunda araşdırmalardan sonra bu məsələ ilə bağlı cinayət işi başlanması rədd edilib. Prokurorluq belə nəticəyə gəlib ki, Gülşən Adışirinovanın görmə qabiliyyətini itirməsində həkimin təqsiri yoxdur.
“Kəpəz Hospital”ın həkim-oftalmoloqu Azər Kərimov isə Salyan sakininin iddialarının həqiqətə uyğun olmadığını deyir. Həkimin köməkçisi Meydan TV-yə bildirib ki, 5 dəfə əməliyyat olunmasından tutmuş, məhz katarakta əməliyyatı zamanı buynuz qişanın zədələnməsinə qədər iddialar doğru deyil:
“Həkimin ünvanına səsləndirilən ittihamların hamısı əsassızdır. Bu pasiyent əməliyyatdan öncə də şəkərli diabet xəstəsi idi. Bu səbəbdən həkimin ona xüsusi tövsiyələri vardı ki, onlara əməl olunmalıydı, qorunmalıydı. Pasiyent həkimin tövsiyələrinə əməl etməyib. İndi həkimin nə günahı var?!”.
Köməkçisi iddia edir ki, Adışirinovlar ailəsi həkimi şantaj edir, pul tələb edir. Onun sözlərinə görə, bunu təsdiqləyən videogörüntülər də var:
“Xəstənin iki oğlu, bir yoldaşı gəlib həkimi hədələyirlər. Gəlib dava salır, pul tələb eləyirlər”.