Sakinlər: Regionların inkişaf proqramı məhəlləmizə çatmayıb

Mingəçevirin Qress qəsəbəsindəki bir məhəllə çirkab sulardan əziyyət çəkir

Source:


Mingəçevirin Qress qəsəbəsindəki bir məhəllə çirkab sulardan əziyyət çəkir

“İki il əvvəl buradakı vəziyyəti çəkib internetə yerləşdirdik. Ondan sonra icra hakimiyyətinin və bələdiyyənin 3-4 maşın işçisi gəldi. Tökülüşdülər əraziyə, qamışları biçdilər, yüklədilər maşınlara, getdilər. Halbuki, burada problem təkcə qamış deyildi, qamışı biçməklə iş bitmirdi. Ərazidə kanalizasiya xətti yoxdur, əsas problem budur”.

Evlərin sayı 150-i ötüb, amma…


Mingəçevir Azərbaycanın əhali sayına görə dördüncü iri şəhəri hesab olunur. Bu şəhərin əsasən qəsəbələrindən Meydan TV-yə tez-tez sosial şikayətlər daxil olur. Məsələn, Qress qəsəbəsində yaşayan təxminən 150 ailə ərazidəki antisanitariyadan, kanalizasiya xəttinin olmamasından əziyyət çəkir. Həmin ərazidən görüntülər çəkib göndərən sakinlər bildirirlər ki, 8 ildən çoxdur yerli bələdiyyədən aldıqları torpaq sahələrində ev tikib yaşayırlar. Ancaq evlərin sayı 150-ni ötsə də, yerli bələdiyyə və icra hakimiyyəti burada kommunal problemləri hələ də həll etməyib. Kanalizasiya xətləri yoxdur, məhəllələrarası yollar bərbaddır.

Bu ilin fevralında prezident İlham Əliyev Mingəçevirin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin başa çatdırılması üçün növbəti dəfə büdcədən 12 milyon manat ayırıb. Qressdə isə yağıntılar güclənəndə çirkab sulardan xilas olmaq üçün insanlar həyətlərində hazır vəziyyətdə saxladıqları su nasoslarından istifadə edirlər.

Sakin Əli Fətullayev bir neçə il əvvəl ərazidən torpaq sahəsi alıb ev tikməyinə peşman olduğunu deyir:

“Bu torpaqlar adamlara satılanda bələdiyyə də, icra hakimiyyəti də arxayın etmişdi ki, əraziyə kanalizasiya xətləri, yol çəkiləcək. Ancaq kanalizasiya problemi həll olunmadığı üçün çirkab sular ətrafa axıdıldı, nəticədə gölməçəyə çevrildi, qamışlar bitdi. Yavaş-yavaş ərazidə gölməçə böyüdü, indi də kanalizasiya ilə axıdılmalı olan çirkab sular ora axır. Yaşayış artdıqca, gölməçədəki çirkab su da qalxır. O sular evlərin altına axıb gedir, evlərin divarları çat verir. Yağış yağanda vəziyyət daha acınacaqlı olur, ətrafı çirkab su basır, heç kim qapısından çölə çıxa bilmir”.

5 aydan bir qamış “biçimi” olur

Başqa sakin Firudin Namazov deyir, çirkab suların dolub daşması problemi iki ildən çoxdur ki, ortaya çıxıb:

“5 aydan bir gəlib qamışları biçib gedirlər. Özləri də yaxşı bilirlər ki, dərd qamış dərdi deyil, o qamışın bitməməsi üçün gərək gölməçə ləğv olunsun, gölməçənin ləğv olunması üçün də gərək kanalizasiya xətləri çəkilsin. İllərdir ki, qulağımız “regionların inkişafı proqramı” deyilən bir söz eşidir, ancaq o nə proqramdırsa, hələ də gəlib bizim məhəlləyə çatmayıb. Yayı üfunətdən qapı-baca aça bilmirik, qışda da yağıntılar gölməçəyə dolur, küçələri, həyətləri çirkab su basır. Budur inkişaf?”



Prospektdəki binaların zirzəmiləri dolur

Sakinlərin deməsinə görə, gölməçədəki qamışlar çoxalanda, çirkab sular başqa küçələrdəki evlər, binalara, obyektlərə də zərər vurur:

“İndi daha qamışı da kəsmirlər. Qalır arxın içində, keçilməzlik yaranır, kanal su ilə dolur, çirkab su Naxçıvan prospektinə axır, binaların, obyektlərin altına dolur. Ara qarışanda icra hakimiyyəti düşür əl-ayağa… Başlayırlar çıxış yolları axtarmağa. Çıxış yolu da bundan ibarət olur ki, gətirib arxa bir-iki traktor salırlar, kanalın qarşısını qamışdan təmizləyirlər, su axarı ilə getməyə başlayır, binaların, obyektlərin altındakı sular çəkilməyə başlayır, vəssalam, bu da oldu çıxış yolu… Bir müddətdən sonra yenə təkrarlanır. 150 evi qaz, su, işıqla təmin ediblər, sayğaclar qoyublar, camaat işığı, suyu, qazı işlədir, pulunu ödəyir. İstədiyimiz odur ki, gətirib kanalizasiya xəttini də çəksinlər, canımız bu əzabdan qurtarsın. İstifadə edək, aylıq, illik pulunu ödəyək, nə dövlət incisin, nə vətəndaş… Görünənsə odur ki, kanalizasiya istifadəsinə görə yaxşı pul ödənilmir, ona görə də bu məsələsinin həllinə maraq göstərilmir”.

Mingəçevir Şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhərdə su-kanalizasiya sisteminin yenidən qurulması işləri başa çatıb, hazırda bu işlər ətraf qəsəbələrdə davam etdirilir:

“Qressdə də vəziyyət dövlətin diqqətindədir. Orada işıq, qaz, su – hamısı var. Əsas yol asfaltdır. Məhəlləiçi yollarla bələdiyyə məşğul olmalıdır. Növbəti layihələrin icrası zamanı o ərazinin də kanalzasiya problemi həll olunacaq”.

Odur ki, Qressin bu məhəlləsindəki insanlar hələ bir müddət də həyətlərindəki su nasoslarının ümidinə qalacaqlar.

Ana səhifəBölgəSakinlər: Regionların inkişaf proqramı məhəlləmizə çatmayıb