“Elektrik dirəklərinin də 70 faizi qəzalı vəziyyətdədir”
Göyçayın Alıkənd kəndinin sakinləri qəzalı elektrik dirəkləri və köhnə transformatorun təhlükə mənbəyinə çevrilməsindən şikayətçidirlər.
Onlar Meydan TV-yə deyirlər ki, dövlət qurumlarına etdikləri rəsmi müraciətlərə də baxılmır.
Sakinlər bildiriblər ki, kənddə istifadə müddəti bitmiş 2 elektrik paylayıcı transformator və 100-dən artıq qəzalı elektrik dirəyi yenilənmir.
Onların sözlərinə görə, ötən əsrin 50-60-cı illərinin yadigarı olan qəzalı transformatorlar ətrafa təhlükə saçır.
“Saatlarla, hətta sutka ilə elektrik enerjisi olmur”
Etibarlı hasarı olmayan transformatorlar insanlar üçün real təhlükə mənbəyidir:
“Taxta elektrik dirəkləri isə çürük, yararsız vəziyyətdədir. Sakinlər elektrik enerjisinin qiymətinin artırıldığı kimi qəzalı elektrik xətt və dirəklərinin də yenilənməsini tələb edir. Qış, yay fərq etmir. Azca külək, yağıntı varsa, elektrik enerjisini kəsirlər. Saatlarla, hətta sutka ilə elektrik enerjisi olmur”.
“Bizim evə yaxın transformator 1967-ci ildə qoyulub. Hasarı, dirəyi dəyişilməlidir. Arada gəlib rəngləyib gediblər. Taxta dirəklər çox çürüdüyündən güclü külək olsa, hamısı yıxılacaq. Ən qəzalı transformator qardaşımın həyətindədir. Digəri avtobus dayanacağındadır. Birini sökülüb, ancaq maraqlanmırlar. Çürük dirəklər “şpaqat” açır, xətlər min yerdən calaqdır. Şikayət edirik, təmir əvəzinə elektrik enerjisinin qiyməti qalxır. Gəlib maraqlanan yoxdur”, – deyə kənd sakini Vurğun İslamov bildirib.
Şəraitsizlik, tez-tez elektrik kəsintisinin baş verməsi kəndin boşalmasına, insanların evlərini tərk etməsinə səbəb olur.
Sakinləri deyir ki, bu səbəbdən kənddən şəhərə axın sürətlənib:
“Kəndin işıqlandırma sistemi nəinki gündüzlər, gecələr də çalışmır. Zülmətə qərq olmuş kənddən insanlar bezərək uzaqlaşır. Kəndə bağlı qapıların sayı artıb. Çünki qaranlıqdır, şəraitsizlikdir. Kəndlər undulub, heç kimi maraqlandırmır”.
“Sovet dövrü də kənd küçələrində iri lampalar yanırdı, indi nəinki gecələr, gündüzlər bu qəzalı dirəklər, xətlər vahimə saçır. Elə yer var dirək əyilib, xətlər ağaclara toxunur. Transformator alışsa, ətrafda salamat heç nə qalmayacaq”, – deyə kənd sakini Abil İslamov vəziyyəti təsvir edir.
“Zəng edib deyirsən, deyirlər ki, nə edək?”
Üstəlik, qısa qapanmalar nəticəsində elektrik avadanlıqları sıradan çıxır, gözlənilməz hadisələr baş verir.
Sakinlər bildiriblər ki, ümumilikdə kənddə 2 transformator və 100-dən artıq elektrik dirəyi dəyişdirilməlidir. Hansı ki kənd sakinləri hər il yazılı və şifahi formada aidiyyəti qurumlara müraciət ünvanlayır. Ancaq nə məktublara cavab verən, nə də gəlib əraziyə baxış keçirən var. Sadəcə, boş vədlərlə müraciəti yola verirlər:
“Tez-tez qısa qapanma olur ki, bunun da ziyanı sakinlərə dəyir. Qonşunun soyuducusu, paltaryuyan maşını, televizoru yandı, bizdə qızdırıcı sistemlər işləmədi. Zəng edib deyirsən, deyirlər ki, nə edək? Bəs vətəndaşa dəyən ziyanı kim ödəsin? Nə vaxta qədər yamaq xətt, qəzalı dirək, köhnə transformator ümidinə qalacağıq? Amma hər ay 70-80 manat, hətta 100 manat pul ödəyək. İndi də qalxan ödəniş ikiqat olacaq”.
“11 kənd üçün transformatorların quraşdırılması və fiber xətlərin çəkilişi planlaşdırılır”
“Azərişıq” ASC-nin mətbuat xidmətinin əməkdaşı Pərvanə Kazımzadə Meydan TV-yə bildirib ki, Göyçayda qəzalı vəziyyətdə olan yarımstansiyalar çoxdur.
Onun sözlərinə görə, Ləkçıplaq, Mırtı, Alıkənd, Şəkər, Qaraxıdır, Veysəlli, Yalman, Qaraman və Cırqurd kəndlərinin daxil olduğu Bığır yarımstansiyası qəzalı və yüklü vəziyyətdə olduğundan tez-tez elektrik şəbəkəsinin kəsintisi halı yaşanır:
“Həmin kəndlərin elektrik xətləri, transformator və dirəkləri yararsız vəziyyətdə olduğundan hazırda Mırtı kəndi ərazisində yeni yarımstansiya tikintisi aparılır. Yaxın aylarda 11 kənd üçün transformatorların quraşdırılması və fiber xətlərin çəkilişi planlaşdırılır. 11 kənd bir xətt üzrə yerləşir. Bir tərəfdən qırılma, kəsinti, qapanma olan kimi birbaşa digər kəndlərə də təsir edir, elektrik enerjisi kəsintisi yaşanır. Köhnə elektrik şəbəkəsi səbəbindən problem o kəndlərdə davamlıdır. Problem birdəfəlik həll olunsun deyə Mırtı kəndi ərazisində yarımstansiya tikilir”.
“Hazırda 35-10 kilovatlıq yarımstansiya tikintisi yekunlaşır. Ardınca, transformatorun quraşdırılması, hər kənd üzrə on kilovattlıq fiber xəttlərin çəkilişi və dirəklərin dəyişdirilməsi prosesi gedəcək. Bir sözlə, həmin kənd daxil 11 kənd üzrə “04” şəbəkə sistemi yenidən qurulacaq. Bu iş baş tutandan sonra bir kəndin problemi digər kəndə təsir etməyəcək. Köhnə, yararsız xətt və dirəklər, transformatorlar yenilənəcək. Yaxın aylarda bu işin həll olunması gözlənilir”, – deyə o qeyd edib.