Sülhəddin Əkbər: “Ermənistan Rusiyadan istədiyini ala bilmir”
Rusiya-Ermənistan münasibətlərinin hazırkı durumu Qarabağda vəziyyət baxımından Azərbaycan üçün həmişə olduğundan daha artıq əhəmiyyət kəsb etməyə başlayıb.
Belə ki, sələflərindən fərqli olaraq Nikol Paşinyanın Qərbə açıq meyillənməsi Kremldə qıcıq yaradır və zaman-zaman bu diplomatik qarşıdurma səviyyəsinə də çatır. Rusiya belə qarşıdurmalarda həmçinin qeyri-rəsmi kanallarını, medianı da işə salır.
Belə hallardan biri kimi Nikol Paşinyanın 9 noyabr görüşünü pozması və əvəzində Brüsseldə dekabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə razılıq verməsi oldu. Rusiya tərəfi Brüsselə qədər Soçi görüşünü təşkil edə bildi və Ermənistan Baş nazirini müzakirə olunan məsələlər üzrə razı saldı.
Amma bundan sonra Rusiya və Ermənistan arasında qalmaqal baş verdi. Ermənistan parlamentinin spikeri Alen Simonyan Moskvada olarkən, rusiyalı jurnalistlərə müsahibəsində Qarabağın Azərbaycana verilməsi üçün “Lavrov planının” olmasını dedi.
Spikerin bu sözünə Rusiya XİN-dən çox sərt cavab gəldi. Cavabda rəsmi Moskvanın bu illər ərzində Ermənistan- Azərbaycan münaqişəsi ilə bağlı təklifləri xatırlanıb və qeyd olunub ki, müharibədən əvvəlki şərtlərə razılıq vermədiyi üçün Ermənistan bir çox şansı əlindən qaçırıb.
Bununla paralel olaraq Rusiyanın «ANNA-News» agentliyi 44-günlük müharibə zamanı çəkdikləri, amma erməni tərəfinin təbliğatının əleyhinə olduğu üçün ictimailəşdirmədikləri videoçarxı öz saytlarında yerləşdirdilər. Videodan görünür ki, jurnalistlər Qırmızı Bazar istiqamətində ermənilərə məxsus artilleriya divizionunun Azərbaycan tərəfindən dəqiq zərbələrlə məhv edilməsini qeydə alıblar. “ANNA-News” müharibə zamanı erməni tərəfinin təbliğatçısı obrazında çıxış edən əsas informasiya resurslarından biri idi. Bu səbəbdən də, müharibədən bir il sonra belə görüntülərin üzə çıxmasını ekspertlər təsadüfi saymadılar və bunun da Rusiya-Ermənistan arasında cərəyan edən proseslər fonunda baş verdiyini qeyd etdilər.
Prosesləri Meydan TV üçün şərh edən “Turan” İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyev hesab edir ki, hazırda Ermənistan və Rusiya arasında alver gedir.
“Moskva üçün Paşinyan daha əlverişlidir”
“Güclü zəifi döyəndə deyir, boynuna al ki, qələt etmisən, bir daha etməyəcəksən. Boynuna almayana qədər zəifi döyürlər. Hazırda Rusiya-Ermənistan arasında belə vəziyyətdir”, – Şahin Hacıyev deyib.
Ermənistanın Rusiyadan üz döndərib, Avropaya meyllənməsinin nə dərəcədə real olduğuna münasibət bildirən Şahin Hacıyev qeyd edib ki, bu, Paşinyandan daha çox erməni cəmiyyətinin problemidir:
“Paşinyana bunları anladıblar. Məsələ ondadır ki, Ermənistan cəmiyyəti düşünür ki, baş verənlər hakimiyyətin fərsizliyi və bacarıqsızlığıdır. Əslində, Serj Sarkisyanın hakimiyyətinin devrilməsinin səbəbi də bu idi. Cəmiyyət hesab edir ki, ermənilər unikal millətdir, sadəcə, hakimiyyətə gələnlər əclaflardır”.
Ekspert deyib ki, erməni cəmiyyəti elə düşünür ki, yaxşı hökumət olsa, ölkənin bütün problemləri, o cümlədən Qarabağ məsələsi həll olunacaq:
“Lakin problem erməni ideyasının səhv olmasındadır. Ermənistanda hər şey həmin ideyanın dəyişməz qalmasındadır. Söhbət işğal olunan əraziləri özlərinki saymaları və güzəştə getməmələridir. Cəmiyyət bununla yaşasa da, hakimiyyətə gələnlər çox tez dərk edirlər ki, belə deyil və ideyanın əleyhinə çıxa bilmirlər. Əks gedəndə də onları damğalayırlar, bir-birini qırırlar”.
Rəsmi Moskva ilə Yerevan arasında son gərginliyə toxunan Şahin Hacıyev qeyd edib ki, spiker Simonyanın müsahibəsi bəzi qüvvələr tərəfindən Rusiyanın əleyhinə istifadə edilmişdi:
“Əslində, Simonyan elə bir şey deməmişdi və onun dedikləri də həqiqət idi. Sadəcə, qiymətləndirmələrdən sonra Moskva ilə Yerevan arasında söhbətlər olub ki, Simonyanın müsahibəsi düzgün yozulmadı və bu, Rusiyanın əleyhinə istifadə olunur”.
Onun fikrincə, Rusiya Ermənistana bildirib ki, təklifin Lavrov yox, Minsk Qrupuna aid olmasını yazmaq lazımdır. Ekspert qeyd edib ki, Rusiya, istəmir ki, ermənilərin əleyhinə olması fikri formalaşsın.
“Ancaq Yerevan Moskvanın bəyanata düzəliş verməsi haqqında müraciətinə əməl etmədi. Kəskin durum yarandı, spikeri də savadsızlıqda, xəbərsizlikdə günahlandırdılar. Eyni zamanda, Ermənistan hökumətini bütün problemlərdə suçladılar”, – Şahin Hacıyev deyib.
Ekspert həmçinin də qeyd edib ki, hazırda Ermənistanda Paşinyana real alternativ olub, Rusiyanın sözünə tam baxan adam yoxdur və ola da bilməz.
“Onların ən ruspərəst adamı Robert Köçəryan idi. Amma son seçkilərdən sonra onun Putinlə arası dəyib. Çünki Rusiya indi regionda öz maraqları əsasında hərəkət etmək istəyir. Lakin Ermənistandakı siyasi qüvvələrin heç biri bunu qəbul edə bilməz”.
Şahin Hacıyevin fikrincə, artıq regionda Rusiyanın əsas müttəfiqi Azərbaycan olur və Türkiyə ilə əməkdaşlıq Rusiya üçün çox maraqlıdır.
O qeyd edib ki, Rusiyanın öz maraqlarını həyata keçirmək üçün Ermənistanda Moskvaya loyal hökumət olmalıdır.
“Lakin erməni cəmiyyətində buna kimsə getməyə hazır deyil. Ona görə də bölünmüş, əzilmiş hakimiyyət siyasətinin mənfi nəticələrini hiss edir. Moskva üçün indiki hökumət daha əlverişlidir, nəinki birmənalı ruspərəst olan Köçəryan. Səbəb də odur ki, Köçəryan hakimiyyətə gəlsə, 2020-ci ilin 9 noyabr sazişinin əleyhinə çıxış edəcək, əldə olunan razılıqları pozmağa çalışacaq. Bu da Rusiyanın siyasətini pozmaq deməkdir. Bu mənada əvvəllər ruspərəst kimi tanınan siyasi qüvvələrə də Moskva indi istinad etmək istəmir”, – Şahin Hacıyev deyib.
“Yaxın perspektivdə erməni cəmiyyətini alternativ yolda aparacaq lider çıxacağına inanmıram”
Azərbaycan-Atlantika Əməkdaşlıq Assosiasiyasının rəhbəri Sülhəddin Əkbər məsələyə münasibət bildirərkən qeyd edib ki, İkinci Qarabağ savaşı və ondan sonra Ermənistanla Rusiya arasında baş verənləri ümimləşdirsək görünən odur ki, Yerevan Moskvadan nə hərbi-siyasi müttəfiq, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) lider ölkəsi kimi istədiklərini ala bilir.
“Bu da Ermənistanı çətin duruma salır və ictimai rəyi gərginləşdirir. Sadəcə, Ermənistan yaranmış ikili vəziyyətdən maksimum istifadə etmək istəyir. Həm hərbi-strateji müttəfiq olaraq, həm KTMT-nin lideri olan Rusiyadan bir dövlət kimi, həm də daxili siyasi inkişaf vektoruna görə Avropa Birliyindən, Qərbdən öz maraqlarına görə yararlanmağa çalışırlar”, – Sülhəddin Əkbər deyib.
O da hesab edir ki, son parlament seçkiləri Ermənistanda hazırki dövrdə Paşinyana alternativ yoxdur.
“Yaxın perspektivdə erməni cəmiyyətinin alternativ yol arayışına gedəcəyini və bu alternativ yolda onu irəli aparacaq lider seçiminə çıxacağını gözləmirəm”, – Sülhəddin Əkbər deyib.
“Paşinyan Brüsseldə Soçi razılaşmalarını pozmağa cəhd etməyəcək”
Müsahiblər həmçinin Nikol Paşinyanın Brüssel görüşündə Soçi razılaşmalarını pozmaq cəhdində olacağına inanmadıqlarını qeyd ediblər.
Şahin Hacıyev bildirib ki, Ermənistan hökuməti Qərblə Rusiya arasında balans yaratmağa çalışır:
“Rusiyanın mövcud siyasəti Yerevanı qane etmir, onlar da Qərbin təzyiq və imkanlarından maksimum istifadə etməyə çalışırlar ki, Ermənistana olan təzyiqi zəiflətsinlər. Paşinyan Brüsseldə ermənilərin prioritet saydığı məsələləri mümkün qədər gündəmə gətirməyə çalışacaq”.
Onun fikrincə, burda söhbət Qarabağın statusundan gedir və sərhədlərin çəkilməsi, kommunikasiyaların açılmasını da statusa bağlamaq istəyirlər.
“Stokholmda Ermənistan xarici işlər nazirinin kəskin çıxışı da onu göstərir ki, Moskvada görüş oldu, Putinlə razılaşdıq, amma tələblərimiz dəyişməz qalır. Təbii ki, bunu edə bilməyəcəklər. Ancaq Brüssel görüşünə qədər də, ondan sonra da bunları gündəmdə saxlamağa çalışacaqlar. Avropa İttifaqının mövqeyindən asılı olaraq Ermənistan bundan sonra siyasətini korrektə edəcək. Yəni Qərbdən hər hansı dəstəkdən asılı olaraq ermənilərin mövqeyi ya yumşalacaq, ya da kəskinləşəcək”.
O qeyd edib ki, erməni tərəfinin mövqeyinin kəskinləşməsinə Rusiyanın reaksiyası birmənalı şəkildə mənfi olacaq və nəticədə sərhəddə növbəti atışmalar başlayacaq və erməni tərəfi ərazi itkilərinə məruz qalacaq.
Sülhəddin Əkbər də qeyd edib ki, mövcud şəraiti, xüsusən də Rusiya- Ermənistan münasibətlərinin təbiəti, xarakteri və Moskvanın münaqişədə oynadığı rolu nəzərə alınsa, Paşinyanın Brüsseldə Soçi razılaşmalarını pozmağa cəhd edəcəyinə inanmır.
“Əgər həqiqətən belə bir ümidləri varsa, əsassız və tutarsızdır”, – Sülhəddin Əkbər deyib.