Keçmiş MTN-çilərin məhkəməsi davam edir
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə uzun illər rəhbərlik etmiş, 1 ildən çoxdur həbsdə olan general Mövlam Şıxəliyev və istintaq idarəsində işləmiş daha üç nəfərin – Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun məhkəməsi davam edir. Bakı Hərbi Məhkəməsində keçirilən prosesə əvvəlki kimi, yenə də jurnalistlər buraxılmır. Lakin Meydan TV yenə də məhkəmə zalında baş verənlər haqda məlumat əldə edib.
Məhkəmədə zərərçəkmiş Natiq Teymurovun qardaşı Sabir Teymurov ifadə verib. O bildirib ki, qardaşını 2013-cü ilin sentyabrında MTN əməkdaşları saxlamışdı.
Natiq Teymurov “Sədərək” ticarət mərkəzində fərdi sahibkarlıqla məşğul olurmuş. Onun həbsilə bağlı istintaq Şövlam Şıxəliyevin rəhbərlik etdiyi idarədə Metodiki Yardım və Kriminalistika şöbəsinin müstəntiqi Fuad Məmmədova həvalə edilib. Cinayət işinin materiallarında yazılıb ki, şöbənin rəisi Sahib Ələkbərov Natiq Teymurovu ona uzunmüddətli həbs cəzası verilməsilə hədələyib. Ondan azadlığa çıxması üçün öncə 300 min manat tələb edib. Sonradan məbləğ 150 min manata düşüb. Qardaşı Rəfael Teymurlu bu pulu düzəldib gətirib MTN-in arxa qapısında Sahib Ələkbərova verib. Bundan sonra Natiq Teymurovun səhhətində ciddi problemlər olması haqda həkim-ekspertdən rəy alınıb və o, azadlığa buraxılıb.
Məhkəmədə dindirilən şahid bildirib ki, qardaşının azadlığı üçün toplanan 150 min manatın 8 min manatını o vermişdi:
“O pulu ailəmiz boğazından kəsib, uşaqların gələcəyi üçün yığmışdı. Qardaşımın azadlığa buraxılması üçün o biri qardaşım Rəfaelə verdim ki, məndə olan budur”.
Məhkəmə Tibb Ekspertizası komisyon ekspertizalar şöbəsinin tibbi eksperti işləmiş Cavid Cahangirli də məhkəmədə dindirilib. O, Natiq Teymurovun ekspertizadan keçirilməsi haqda danışıb. Bildirib ki, ekspertiza qarşısına qoyulan suallara cavab olaraq, müayinəyə təqdim edilən şəxsin sağlıq durumu qiymətləndirilib. MTN tərəfindən təqdim olunan suallar sırasında müayinə olunan şəxsin həbsdə saxlanmasının məqsədəmüvafiq olub-olmaması da vardı. Müayinə olunan şəxsin azad edilməsinin məqsədəmüvafiq olması cavabı verilib.
Ekspert komissiyasının üzvü İsrayil Məhərrəmbəyli də eyni məzmunlu ifadə verib.
Natiq Teymurovun işi üzrə istintaqı aparmış müstəntiq Fuad Məmmədov da şahid qismində ifadə verib. O bildirib ki, şöbə rəisinin müavini Sahib Ələkbərovun adından Seyran Nəcəfov, Elvar Əliyev, Natiq Teymurov, Etibar Cəfərov və digərləri barəsində qaçaqmalçılıq ittihamıyla cinayət işi başlanıb. Fuad Məmmədov deyib ki, bu cinayət işi ilə əlaqədar kimsədən nə pul tələb edib, nə də pul alıb.
O vurğulayıb ki, istintaqa nəzarət edən prokurorluq idi. Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi, yaxud da dəyişdirlməsi sırf prokurorluğun təqdimatı əsasında həyata keçirilib. Fuad Məmmədov əlavə edib ki, istintaqın gedişində təqsirləndirilən şəxslərin əməlində qaçaqmalçılıq olmadığı üzə çıxıb və əməl daha yüngül maddəyə tövsif edilib, onlar həbsdən azad edilib.
Məhkəmə zalında olan zərərçəkənlər isə bildirib ki, onların əməlində qaçaqmalçılıq olmadığı istintaqa lap əvvəldən məlum idi: “Boş qutuları yandırdılar ki, guya bizdən götürülmüş keyfiyyətsiz malların məhv edilməsi görüntüsü yaratsınlar”.
Vaxtilə Ədliyyə Nazirliyində işləmiş Mənsurə Hacıyeva da şahid qismində ifadə verib. O, zərərçəkmiş Qulam Bağırovun anasıdır və oğlunun MTN əməkdaşları tərəfindən tutulmasından danışıb. Üzünü həbsdəki generala tutaraq deyib:
“Bu gün dəmir barmaqlıq arxasındasan. Amma vaxtilə sizə görə bizim ailəmiz çox ağır vəziyyətə düşdü. Oğlum Qulamı etmədiyi cinayətdə ittiham edib, həbsə atdınız. Bizdən aldığınız pulları ailənizə, övladlarınıza verəndə nə deyirdiniz? Mən bu gün kirayədə yaşayıram. Haramınız olsun! Uzun illər Ədliyyə Nazirliyində işlədim, amma heç vaxt sizin kimi Allahsızlıq eləmədim. Bizdən 135 min dollar pul aldınız, oğluma heç bir aidiyyəti olmayan işi qoşub Ağır Cinayələr Məhkəməsinə göndərdiniz. Bir il sonra çağırıb, saxta bir hökmü verdilər oğlumun əlinə…”
Şahid əlavə edib ki, oğlunun azadlığa buraxılması üçün MTN-də tələb olunan pulu toplamaq üçün ən müxtəlif adamlardan borca, yaxud sələmlə pul alıb.
Məhkəmə prosesi davam edir.
Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir. Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələrilə ittiham olunur.
Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə Cinayət Məcəlləsinin 311.3.1 (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrilə ittiham verilib. İstintaq dövrü üçün onların barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.
Zərərçəkmişlər arasında “Texnikabank”ın sahibi Etibar Əliyev, onun oğlu Kəramət Əliyev və digərləri var.