Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti artırılır

Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.

Source: vergiler.az


Qanun layihəsi təsdiqlənib

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha bir il uzadılır.

Bununla bağlı qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb və I oxunuşda təsdiqlənib.

Layihə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək uzadılmasını nəzərdə tutur.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun 2015-ci ildə qəbul olunub.

Qanunun qüvvədə olduğu müddətdə yalnız vergi yoxlamaları, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparılmasına icazə verilir.

Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.

2017-ci ildə qanunun qüvvədə olma müddəti 2021-ci ilədək uzadılıb.

Həmçinin, həmin vaxt qanuna dəyişiklik edilərək, dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətlə bağlı yoxlamaların həyata keçirilməsinə icazə verilməsi əlavə olunub.

Ana səhifəİqtisadiyyatSahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti artırılır