Sağlamlıq haqqında arayışın qiyməti yenə artırılıb, narazılıqlar var

Tibbi arayış. Foto: arxiv

“Aztəminatlı ailələrə, əlilliyi olanlara güzəşt etməlidirlər”

Azərbaycanda sağlamlıq haqqında arayış üçün tələb olunan ödəniş 40 manat 12 qəpikdən 50 manata qədər artırılıb. Ödəniş üçün əlavə 40 qəpik də komissiya haqqı tutulur.
Bundan narazı qalan bir neçə Bakı sakini Meydan TV-yə müraciət edib.

Sakinlərdən İlkin Məmmədov bildirib ki, arayış üçün müraciət etdikdə ona ödənişin artdığını bildiriblər. Məmmədov hesab edir ki, arayış üçün ödənişin bahalaşdırılmasının əsası yoxdur. Bu xususilə aztəminatlı ailələrin büdcəsinə təsir edir.

“Onsuz da, sağlamlıq haqqında arayış almaq üçün iki- üç gün vaxt itiririk. Məbləğ 40 manat olanda da o pul mənim kimilər üçün həftəlik dolanışıq xərci idi. İndi də 50 manat ediblər”,- İ.Məmmədov deyib.

Digər şikayətçi İbrahim Əliyev isə bildirib ki, meyvə-tərəvəz biznesi ilə məşğuldur. Yanında çalışan satıcılardan sağlamlıq haqqında arayış istəməyə məcburdur. Amma aylıq 400 manat maaşa işləyənlərin 50 manat verib arayış almasını düzgün hesab etmir:

“İki işçimin arayış pulunu öz cibimdən ödəmişəm. Sağlamlıq üçün arayışın əvvəl qeyri-rəsmi ödənişi 20 manatdan yuxarı deyildi. İndi 50 manat ödənilir, üstəlik də adam qapı-qapı gəzib bütün həkimlərdən rəy alır. Həm vaxtı itir, həm pulu gedir. Aztəminatlı ailələrə, əlilliyi olanlara güzəşt etməlidirlər”.

Sağlamlıq haqqında arayışın məbləği əvvəlcə 16 manat müəyyənləşdirilib. 2022-ci ilin mayında məbləğ 16 manatdan 40 manat 12 qəpiyə qədər artırılıb. Həmin vaxt təkcə sadə insanlar deyil, deputatlardan da buna qarşı çıxanlar olub. Məsələn, Milli Məclisin səhiyyə komitəsinin keçirilən iclaslar;ndan birində Məlahət İbrahimqızı bildirib ki, bu məbləğ “kasıb adamlar üçün bir kisə un deməkdir”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Foto: https://its.gov.az/

Sağlamlıq arayışı işə qəbul,  sürücülük vəsiqəsinin alınması və digər hallarda tələb olunur.

İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyindən Meydan TV-yə bildiriblər ki, arayışın qiymətini agentlik müəyyən etmir.

TƏBİB-dən isə suallara cavab verilməyib. Eyni zamanda, məbləğin hansı meyarlar əsasında müəyyən edildiyi də açıqlanmayıb.

Arayış 40 manata yüksələndə isə TƏBİB-dən BBC-yə bildirmişdilər ki, qiyməti təyin edərkən tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı, dünya təcrübəsi, həkim müayinələri, instrumental-laborator müayinələrin həcmi nəzərə alınıb. Qurum bəzi əhali kateqoriyası üçün arayışın qiymətində güzəştlər edilməsi ilə bağlı hazırda müzakirə aparıldığını desə də, bu, nəinki baş verdi, əksinə qiymətlər yenidən yüksəldi.

Sağlamlıq haqqında arayışın ödənişli əsaslarla olması Prezident İlham Əliyevanın müvafiq fərmanına əsaslanır. Arayışın etibarlılıq müddəti 30 gündür. Arayış profilaktık müayinə sayılır və İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil deyil.

Ana səhifəSağlıqSağlamlıq haqqında arayışın qiyməti yenə artırılıb, narazılıqlar var