Sağ cibdən sol cibə: Borc verən AZAL-ın öz borcu necə silinir?

Foto: Collab Media\shutterstock

“Azərbaycan Hava Yolları” QSC (AZAL) “Bakı Gəmiqayırma” MMC-yə 5 milyon ABŞ dolları (təxminən 8,5 milyon manat) məbləğində faizsiz borc verib.

Bu barədə məlumat AZAL-ın 2024-cü il üzrə maliyyə hesabatında əksini tapıb.

Hesabatdan məlum olur ki, 8 dekabr 2025-cü il tarixində AZAL ilə “Bakı Gəmiqayırma” MMC arasında borc müqaviləsi bağlanıb və borcun 31 yanvar 2028-ci il tarixinədək tam ödənilməsi nəzərdə tutulub. Sənəddə AZAL-ın bu maliyyə yardımını hansı əsaslarla göstərdiyinə dair hər hansı izahat verilmir.

İqtisadçılar bildirir ki, AZAL təsərrüfat hesablı dövlət şirkəti olsa da, borc verəcək bir maliyyə qurumu deyil. Üstəlik, şirkət bəzi xərclərini qarşılamaq üçün dövlət büdcəsindən subsidiya alan müəssisədir. Bu baxımdan, AZAL-ın onunla birbaşa iqtisadi və texniki əlaqəsi olmayan “Bakı Gəmiqayırma” MMC-yə borc verməsi suallar yaradır.

Qeyd edək ki, hər iki dövlət şirkətinin idarəçiliyi “AZCON Holding”ə tabedir. İqtisadçıların fikrincə, bu cür “daxili maliyyələşmə” modelləri mərkəzləşdirilmiş idarəetmənin nəticəsidir və “sağ cibdən sol cibə pul qoymaq” prinsipini xatırladır. Yəni bir dövlət müəssisəsinin mənfəəti digərinin maliyyə çatışmazlığını kompensasiya etmək üçün istifadə olunur. Eyni zamanda, AZAL daşıma qiymətlərinin yüksək olması ilə tez-tez ictimai tənqid hədəfinə çevrilir. Bu baxımdan, iqtisadçılar vətəndaşların bahalı aviabiletlər vasitəsilə ödədiyi vəsaitin hesabına əldə olunan qazancın başqa bir dövlət şirkətinin maliyyələşdirilməsinə yönəldilməsini qeyri-şəffaf idarəetmə sistemi kimi qiymətləndirirlər. Onlar qeyd edir ki, ötən il “Bibiheybət” Gəmi Təmir Zavodunun bağlanması və onun təmir portfelinin “Bakı Gəmiqayırma Zavodu”na ötürülməsi gəmiçilik sektorunda gəlirlilik problemlərinin mövcudluğundan xəbər verir. Belə bir şəraitdə, ilin sonunda “Bakı Gəmiqayırma Zavodu”na AZAL tərəfindən maliyyə dəstəyinin göstərilməsi təsadüfi deyil və bu sektorda maliyyə böhranın risklərindən xəbər verir.

İqtisadçıların fikrincə, idarəetmədə dönüş nöqtəsi olmasa, AZAL-ın verdiyi borcun geri qaytarılması ilə bağlı problemlərin yaranması mümkündür. Çünki Azərbaycanda belə təcrübələr az olmayıb.

Quru sərhədlərin bağlı qalması AZAL-ın qazancını artırıb

AZAL-ın 2025-ci il üzrə maliyyə hesabatı hələlik açıqlanmayıb. Şirkətin son açıqladığı 2024-cü il maliyyə hesabatından görünür ki, sərnişin və yük daşımalarında monopolist mövqeyə malik olması, quru sərhədlərin bağlı qalması və bahalı bilet siyasəti müəssisənin gəlirlərinin artmasına səbəb olub.

Belə ki, 2024-cü ildə daşımalardan əldə olunan gəlirlər 33,2 faiz artaraq 1,9 milyard manat təşkil edib. Əməliyyat icarəsi üzrə gəlirlər isə təxminən 3 dəfə artaraq 17,8 milyon manata çatıb.

Şirkətin ümumi xalis mənfəəti 85,8 faiz artıb və AZAL 2024-cü ili 216,7 milyon manat xalis mənfəətlə başa vurub.

AZAL mənfəətdən əldə etdiyi vəsaitin bir hissəsini bank depozitləri və borc qiymətli kağızlarına yönəltməklə əlavə maliyyə gəlirləri əldə edib. Şirkət 2024-cü ildə ilk dəfə olaraq 10 milyon manatlıq borc qiymətli kağızlarına investisiya yatırıb. Maliyyə hesabatında “Maliyyə gəlirləri (faiz)” bölməsindən görünür ki, vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlər 2,8 dəfə artaraq 9,5 milyon manata yüksəlib.

Bundan əlavə, 5 fevral 2025-ci il tarixində AZAL “Azərbaycan Beynəlxalq Bankı” ASC-də 6 ay müddətinə, illik 8% nominal faiz dərəcəsi ilə 50 milyon manatlıq depozit yerləşdirib. 1 avqust 2025-ci il tarixində isə depozitin müddəti başa çatdıqdan sonra onun növbəti 6 ay müddətinə uzadılması ilə bağlı əlavə saziş imzalanıb və faiz dərəcəsi 7% müəyyən edilib.

Hesabata əsasən, 2024-cü ilin sonuna AZAL-ın yığılmış zərəri 1 milyard 365 milyon manat təşkil edib. Şirkət yığılan zərəri  bir il ərzində 13,7 faiz azaltmağa nail olub.

Sənəddən aydın olur ki, AZAL-ın ümumi aktivləri il ərzində təxminən 316 milyon manat artaraq 2,93 milyard manata çatıb. Nağd vəsaitlərin (264,8 milyon manat) və depozitlərin artması şirkətin likvidlik vəziyyətinin yaxşılaşdığını göstərir.

AZAL-ın 2,3 milyard manatlıq borcu silinib

Maliyyə hesabatının “Cəmi kapital” bölməsindən görünür ki, 2023-cü ildə mənfi 486,8 milyon manat olan kapital, 2024-cü ildə 2,1 milyard manata qədər artıb. Halbuki şirkətin xalis mənfəəti cəmi 216,7 milyon manat olub. Sənəddəki “Əlavə kapital qoyuluşu” sətrinə nəzər yetirdikdə, bu rəqəmin 271 milyondan 2.62 milyard manata qalxıdığını görmək olur. Maliyyə hesabatında “borc öhdəliyinin ləğv edilməsi” maddəsi üzrə 2,3 milyard manatlıq vəsaitin kapitala əlavə edildiyi göstərilir. İqtisadçıların fikrincə, bu, dövlətin AZAL-ın böyük məbləğdə borcunu ləğv edərək, onu şirkətin kapitalına çevirməsinin (rekapitalizasiya) nəticəsidir.

Hesabatda qeyd olunur ki, AZAL-ın Maliyyə Nazirliyi qarşısında yaranmış 2,3 milyard  manatlıq borcunun ləğv edilməsi mənfəət və zərər hesabatında deyil, birbaşa olaraq kapitalda dəyişikliklər haqqında hesabatda kapital qoyuluşu kimi tanınıb. Bu yanaşma 8 fevral 2024-cü il tarixli Nazirlər Kabinetinin 75 nömrəli Sərəncamı əsasında borc kapitala transfer edilib.

“Bu borcun silinməsi adi maliyyə əməliyyatı və ya geri ödəniş yolu ilə baş verməyib. Proses birbaşa dövlət qərarı və mühasibat uçotu mexanizmləri əsasında həyata keçirilib”, – deyə sənəddə qeyd edilir.

Beləliklə, uzun müddət şirkətin balansında maliyyə öhdəliyi kimi tanınan bu borc” kağız” üzərində silinərək, dövlət tərəfindən AZAL-ın kapital qoyuluşuna yönəldilib.

Ana səhifəXəbərlərSağ cibdən sol cibə: Borc verən AZAL-ın öz borcu necə silinir?