24 il fasiləsiz işlədiyini deyən Bahar Muradova ARDNŞ rəhbərliyindən xahiş edir
Şabran rayon sakini Bahar Muradova bir ildir Dövlət Neft Şirkətindəki (SOCAR) vəzifəsindən ixtisar edilib. Muradova ixtisara düşən digər işçilər kimi proqrama qoşulub, ona işlə təmin ediləcəyi vəd edilib. Lakin hələ də işsizdir.
Meydan TV-yə müraciət edən 50 yaşlı Bahar Muradova deyib ki, 1990-cı ildən Dövlət Neft Şirkətinin Tampanaj LNVA idarəsində anbardar kimi işə başlayıb, 24 il fasiləsiz həmin vəzifədə işləyib.
“Sonradan qaraj bağlandı, məni yaşıllaşdırma idarəsində fəhlə təyin etdilər. Tapşırılan bütün işləri yerinə yetirmişəm. Amma ötən ilin iyulunda ixtisara düşdüm. Dedilər ki, proqrama qoşulmalıyam ki, təkrar neft sahəsində işlə təmin olunum”,-Muradova söyləyib.
Bahar Muradovanın həyat yoldaşı da 16 il “Azneft” İstehsalat Birliyinin tabeliyindəki qurumda çalışıb. Lakin o, ötən ilin avqustunda ürək çatışmazlığından vəfat edib:
“Bundan sonra vəziyyətim daha da ağırlaşdı, dolanmaq çətindir. Oğlum Gəncədə ali məktəbdə təhsil alır. İş tapmaq ümidi ilə qiyabi təhsilə keçmək istəyir, amma onun təhsil haqqını ödəmək lazımdır. Oğlum dəfələrlə atasının yerində işlə təmin olunmaq üçün müraciət etsə də, nəticəsi olmur. İkimizdən birimizi işlə əmin etsələr dolanardıq”.
Muradova Şabranda yaşayır, indiyədək Siyəzəndə işləyib. İndi isə ona Qobustan, Xaçmaz, yaxud Neft Daşlarında iş təklif edirlər, o isə yol uzaq olduğundan imtina etmək məcburiyyətində qalır. Şikayətçi deyir ki, həmin ərazilərdə işə-gedib gəlmək mümkün deyil. Proqram çərçivəsində təklif olunan işdən imtina etdikdə bir daha iş verilmir:
“5 aydır proqramdan 200 manat ödəyirlər, bir neçə aydan sonra o da kəsiləcək. İki nəfərlik ailə 200 manatla necə dolansın?”
Muradova ARDNŞ rəhbərliyindən xahiş edir ki, onun vəziyyətini nəzərə alaraq yaşadığı rayonda şirkətin tabeliyindəki qurumlardan birində işlə təmin etsinlər.
ARDNŞ-dən isə Meydan TV-yə deyiblər ki, proqrama qoşulanların işlə təminatı diqqətdədir. Lakin Muradova ilə bağlı məsələyə münasibət bildirilməyib.
2014-cü ildə SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin bəzi müəssisələri üzrə sərbəstləşən işçilərin sosial dayanıqlığının təmin olunması barədə əmr imzalayıb. Əmrdə göstərilir ki, bazar iqtisadiyyatı prinsiplərinə, nüfuzlu beynəlxalq audit şirkətlərinin tövsiyələrinə, habelə şirkətin risklərin idarə edilməsi siyasətinə uyğun olaraq idarəetmə strukturunda müəyyən dəyişikliklər aparılır. Bu dəyişikliklərsə bəzi müəssisələrdə əmək şəraiti şərtlərinin dəyişməsinə və müəyyən sayda işçi heyətin sərbəstləşməsinə səbəb olub. İxtisara düşən işçi könüllü proqrama qoşulur, 1 il müddətdə əməkhaqqının 50 faizini alır. İşçi şirkətin təqdim etdiyi 3 vakansiyadan, eyni zamanda pulsuz səhiyyə xidmətindən yaralana bilər. 3 vakansiyadan imtina edən işçi işlə təmin edilmir.