Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş Həsən Əliyev isə haqqında deyilənləri təkzib edir
Vəkil Adəm Məmmədovun apa-ya verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş Həsən Əliyevə qarşı istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə ittiham elan olunub.
Həsən Əliyevin Rusiyadan gəlmiş iş adamı Ramazan Səlimovu aldadaraq 600 min manat pulunu mənimsədiyi barədə bir müddət əvvəl məlumat yayılmışdı. Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı iş adamı Elman Məmmədova müraciət edib. E. Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev Ramazan Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alsa da, sonradan pulu qaytarmayıb. Bundan sonra R. Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanılıb və E. Məmmədov həbs edilib. Hazırda həmin cinayət işi üzrə istintaq davam etdirilir.
Vəkil A. Məmmədov bildirib ki, E. Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti bu gün Nəsimi rayon Məhkəməsi tərəfindən 3 ay uzadıb.
Onu da qeyd edək ki, həmin məsələdən sonra prezident İlham Əliyev Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib.
Ancaq sabiq hakim Həsən Əliyev aktual.az saytına haqqında deyilənləri təkzib edib. O, məlumatların həqiqəti əks etdirmədiyini bildirib: “Mən heç kimdən pul almamışam. Ən azından bu məsələnin üstündən nə qədər müddət keçib, əgər bu işdə mənim günahım olsaydı, cinayət məsuliyyətinə cəlb olunardım. Yəni boş söhbətdir. Mənim bu işə aidiyyatım yoxdur”.
H.Əliyev dövlət başçısının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam barədə deyib ki, bu, sırf işdə yol verdiyi nöqsanlara görədir, onun bu işə aidiyyatı yoxdur.