Yalnız yük maşınları istisnadır
5 aprel saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək yükdaşımaları istisna olmaqla, Azərbaycan ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları tam şəkildə dayandırılır.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.
Mənbə səbəb olaraq göstərib ki, Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində qərar qəbul edilib:
“Tətbiq olunan bu tədbir koronavirus xəstəliyinə daxili yoluxma hallarının operativ aşkarlanması, yoluxan şəxslərin izolyasiya edilməsi və onların təmaslarının müəyyən olunması və karantinə yerləşdirilməsi, karantin məntəqələrinin qəbuletmə imkanlarının tənzimlənməsi və ölkə ərazisində xəstəxanaların hazırlığının artırılması istiqamətində görülən işlərin daha da gücləndirilmiş şəkildə aparılmasına xidmət edir”.
Azərbaycanda koronavirusa ilk yoluxma fevralın 28-də qeydə alınıb, 1 gündə sonra İran İslan Respublikası ilə sərhədlər bağlanıb. Ardınca Gürcüstan, Türkiyə və Rusiya ilə sərhədlər qapadılıb.
Azərbaycanda ümumilikdə 521 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.