Yaralananlar və saxlanılanlar var
Martın 13-də Saatlı rayonunun Nabatkənd və Orta Muğan kənd sakinləri su problemi ilə əlaqədar etiraz aksiyası keçirib. Onlar magistral yolu bağlamağa cəhd göstəriblər.
Həm içməli su, həm də əkini suvarma baxımından əziyyət çəkdiklərini deyən sakinlərin sözlərinə görə, problemi dəfələrlə müvafiq dövlət strukturlarının nəzərinə çatdırıblar. Lakin şikayətlərinə əhəmiyyət verilməyib.
“Nə içməyə su tapırıq, nə əkin sahələrinə. Döymədiyimiz qapı qalmayıb. Tədbir görən də yoxdur. Bəs biz neyləyək? Suyu maşınla alırıq. İşsizliyin hökm sürdüyü, dolanışığın çətin olduğu bir yerdə, bu bilirsinizmi nə deməkdir? Bir maşın su qənaətlə işlədəndə on gün ancaq çatır. Bu da 20 manat eləyir. Aya azı 60 manat içməli suya veririk…”, – sakinlərdən Rəşad Quliyev Meydan TV-yə bildirib.
Polislər etiraz aksiyasına müdaxilə edib, kənd sakinləri arasında xəsarət alanların olduğu bildirilir. Sakinlərin sözlərinə görə, polislər aksiya iştirakçılarına qarşı zorakılıq edib, hətta rezin güllələrdən istifadə olunub. Nəticədə bir sıra kənd sakinləri ciddi xəsarət alıb. Hətta xəstəxanaya düşənlərin də olduğu bildirilir.
Sosial şəbəkələrdə yayılan videogörüntülərdə də atəş səsləri eşidilir.
Kənd sakinlərindən biri “AbzasMedia” ya deyib https://bit.ly/3ZHcH5j ki, su tələbi ilə yolu bağlayıblar, oradan olan körpünü keçmək istəyərkən, polislər müdaxilə edib və bu zaman qarşıdurma yaranıb:
“200-ə yaxın sakin etiraz edirdi. Polislər gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə etdilər. Biri 15 yaşlı uşaq olmaqla iki nəfər ağır yaralandı. Uşağın sol döş nahiyəsinə 4 rezin güllə vurdular. İkisini də təcili yardım apardı. Müharibə veteranları, qazilər tutuldular. Təkcə bizim kənddən 2 nəfər tutulub- Əsgərov Elşən və Rəşad Cəfərov”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilib ki, martın 13-də saat 14 radələrində Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakini içməli su probleminə narazılığını bildirmək üçün magistral yolu bağlamağa cəhd edib:
“Əraziyə gələn Rayon Polis Şöbəsinin əməkdaşları, rayon icra hakimiyyətinin və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri onlarla izahedici söhbətlər aparıblar. Bundan sonra sakinlərin əksəriyyəti geri qayıtsalar da, bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozulmasına yönəlik qanunsuz hərəkətlərini davam etdiriblər. Onlar saxlanılaraq, Rayon Polis Şöbəsinə gətiriliblər. Hazırda araşdırmalar aparılır”.
DİN-in mətbuat xidmətinin regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov polisin odlu silah tətbiq etməsi haqda deyilənləri təkzib edib. O, polisin tələbinə əməl etməyən şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq, yalnız xüsusi vasitələrin tətbiq edildiyini deyib:
“Bir daha vurğulayıram ki, polis odlu silahdan istifadə etməyib”.