Şəmşad Ağa: “Bu cür repressiyalar xalqın demokratiya və ədalət istəyini boğa bilməz”

Şəmşad Ağa. İllüstrasiya: Meydan TV

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist, arqument.az saytının baş redaktoru Şəmşad Ağa Əli Kərimlinin həbsi barədə Bakı İstintaq Təcridxanasından məktub yazıb.

Məktubu olduğu kimi təqdim edirik:

“Əli Kərimlinin həbsini qətiyyətlə pisləyirəm. Bunu hakimiyyətin və şəxsən İlham Əliyevin demokratiyaya qarşı növbəti repressiya aktı sayıram. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim saxta ittihamlarla saxlanılıb, daha sonra məhkəmə qərarı ilə həbs olunubar. Onların hər ikisinə hakimiyyəti zorla ələ keçirməyə və konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər ittihamı irəli sürülüb. Hamımıza bəllidir ki, bu ittiham tamamilə uydurmadır və siyasi rəqibləri zərərsizləşdirmək məqsədi daşıyır.

Əli Kərimli və Məmməd İbrahim hazırda istintaq dövrü üçün aylardır həbsdə qalacaqlar. Onların həbsi ölkədəki demokratik müxalifətə qarşı geniş bir hədə-qorxu kampaniyasının tərkib hissəsidir.

Hakimiyyətin bu addımları ölkəmizdə demokratik qüvvələrə qarşı başlatdığı yeni və genişmiqyaslı təqib kampaniyasıdır. İqtidar illərdir ki, tənqidçiləri müxtəlif bəhanələrlə həbs etməklə cəmiyyətdə qorxu yaratmağa çalışır. Lakin bu cür repressiyalar xalqın demokratiya və ədalət istəyini boğa bilməz. Əli Kərimli, Məmməd İbrahim və digər günahsız həbs olunanlar dərhal azad edilməlidir.

Unutmayaq ki, bu gün Əli Kərimlini susdurmağa çalışanlar sabah hər birimizin hüquqlarını tapdalamaga cəsarət göstərə bilərlər. Demokratiya və azadlıqlar uğrunda mübarizə aparan insanlar bizim müdafiəmizə və həmrəyliyimizə möhtacdırlar. Mən inanıram ki, haqq sonda qalib gələcək. Biz birlikdə bu repressiya dalğasını durdurmalı və ölkəmizin gələcəyi naminə azadlıq, ədalət mübarizəsini davam etdirməliyik”.

Şəmşad Ağa

Bakı İstintaq Təcridxanası

Ana səhifəHəbsxanadan məktublarŞəmşad Ağa: “Bu cür repressiyalar xalqın demokratiya və ədalət istəyini boğa bilməz”