Səhiyyə Nazirliyindəki əməliyyatın detalları açıqlanıb

Səhiyyə Nazirliyi, Foto: Meydan TV

Təqsirləndirilən şəxslər ev dustaqlığına buraxılıblar

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin dekabrın 23-də Səhiyyə Nazirliyində keçirdiyi əməliyyatın detalları rəsmi şəkildə açıqlanıb.

Baş Prokurorluq və Səhiyyə Nazirliyi bununla bağlı birgə məlumat yayıb.

Bildirilir ki, əməliyyat nəticəsində Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova ilə Nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Lətafət Cabbarova saxlanılıb. Lakin onlar həbs olunmayıb.

İstintaq dövründə ev dustaqlığında qalmalarına qərar verilib.

Səidə Rüstəmova və Lətafət Cabbarovaya qarşı Cinayət Məcəlləsinin 311 (rüşvət alma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

Onlar qanunsuz tibbi fəaliyyətə şərait yaratmaq üçün rüşvət almaqda təqsirləndirilir.

Söhbət konkret həkimlərin ixtisaslarının dəyişdirilməsi, onlara əczaçılıq, plastik cərrahiyyə fəaliyyətilə məşğul ola bilmələri üçün sertifikasiya imtahanlarına buraxılması və başqa sui-istifadə hallarından gedir.

Baş Prokurorluq və Səhiyyə Nazirliyinin birgə məlumatında iddia olunur ki, Səidə Rüstəmova və Lətafət Cabbarova bu işləri başqa şəxslərlə əlbir olub həyata keçirməkdə təqsirləndirilir. Amma həmin şəxslərin kimliyi açıqlanmayıb:

“Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Qanunsuz əməllərin törədilməsində iştirak edən digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək”.

Adları çəkilən Səidə Rüstəmova və Lətafət Cabbarovanın onlara qarşı irəli sürülmüş ittihamlara münasibətləri, özlərini təqsirli bilib-bilmədikləri məlum deyil.

Ana səhifəSosialSəhiyyə Nazirliyindəki əməliyyatın detalları açıqlanıb