Naxçıvan Ali Məclisinin keçmiş rəhbəri Vasif Talıbovun oğlu Rza Talıbov atasının istefasından sonra satdığı dəbdəbəli oteli və başqa bir əmlakı yenidən ələ keçirib. O, atasının Naxçıvanda hakimiyyətdən getməsindən üç həftə sonra, 2023-cü ilin yanvarında oteli satmışdı. Rza Talıbov Qara dəniz sahilində yerləşən həmin oteli bu ilin may ayında 8,6 milyon dollara geri alıb.
Bu barədə OCRRP yazıb.
Məqaləni araşdıran jurnalistlər həmçinin bildiriblər ki, hazırda Bakıda yüksək vəzifəli miqrasiya rəsmisi kimi çalışan 43 yaşlı Rza Talıbov Gürcüstan sahilindəki daşınmaz əmlak portfelini daha da genişləndirib.
Rza Talıbov həmin otelə ilk dəfə sahib olanda onun adı “Divan Suites” idi.
Məlumata görə, Rza Talıbov Gürcüstanın Batumi şəhərindəki oteli “London 1889” adı ilə yenidən brendləşdirərək əlinə keçirib. O, otelin sahibi olan “B-Pearl Turizm” MMC şirkətinin 100 faiz səhmlərini alaraq obyektin tam nəzarətini ələ keçirib. Talıbov eyni zamanda Batumidə yeni daşınmaz əmlak layihələrinə də sərmayə qoyub.
Yeni layihələrə milyonlarla dollar sərmayə
Əmlak sənədləri göstərir ki, Rza Talıbov yalnız otellə kifayətlənməyib. O, bu ilin iyul ayında Batuminin Makhinjauri qəsəbəsində 2,082 kvadratmetrlik torpaq sahəsini 730 min dollara satın alıb. Şəhər meriyasının məlumatına əsasən, həmin ərazidə 11 mərtəbəli, dəniz mənzərəli yaşayış binası tikilməsi planlaşdırılır.
Talıbov sorğuya cavab olaraq bildirib ki, son daşınmaz əmlak alışları Gürcüstan və Azərbaycan banklarından götürülən kreditlər hesabına maliyyələşdirilib. O, 2023-cü ildə oteli satmasını və bu il yenidən almasını “aktivlərin bölüşdürülməsi və yeni investisiya strategiyası” kimi qiymətləndirib.
Batumi Şəhər Bələdiyyəsindən əldə edilən “dəyişiklik əmri”ndə qeyd olunur ki, avqust ayında bələdiyyə “B-Pearl Turizm” şirkətini həmin ərazidə tikinti layihələrinin sahibi kimi tanıyıb. Sənəddə dəniz mənzərəli mənzillərdən ibarət 11 mərtəbəli yaşayış binasının tikintisi planı əks olunub.
Naxçıvandakı “Talıbov rejimi”nin süqutundan sonra yenidən dirçəlmə
Rza Talıbovun atası Vasif Talıbov 1995-ci ildə Heydər Əliyev tərəfindən Ali Məclisin sədri təyin edilmiş, 2022-ci ilin dekabrında isə prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə kampaniyası fonunda qəfil istefa vermişdi.
İstefadan sonra Talıbov ailəsi öz sərvətlərini satmağa başladı. Ailə üzvləri sahib olduqları Naxçıvan Bankındakı paylarını əlindən çıxardı, Rza və qardaşı Seymur isə daşınmaz əmlaklarının mülkiyyətini dəyişdirdilər. 2023-cü ilin yanvarında satılan Batumidəki otel həmin satışlardan biri idi.
Bu son əmlak alışları Rza Talıbovun ailəsinin Naxçıvanda hakimiyyətdən düşməsindən qısa müddət sonra Gürcüstanda daşınmaz əmlak biznesinə qayıdışını göstərir.
Şübhəli pul köçürmələri və gizli sərvət
OCCRP-nin 2022-ci il araşdırmasına görə, Rza və Seymur Talıbovlar ofşor şirkətlər vasitəsilə 20 milyon dollardan çox şübhəli pul köçürməsi alıblar. Bu şirkətlər Azərbaycan və Troika Laundromat adlanan iki nəhəng çirkli pulların yuyulması sxeminin bir hissəsi idi. Qardaşlar Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstanda ümumi dəyəri 63 milyon dollar olan əmlaklara da sahib olublar.
Rza Talıbov son açıqlamasında bu pul köçürmələri barədə suallara cavab verməkdən imtina edib, lakin əlavə edib ki, “Azərbaycan qanunlarına əsasən dövlət qulluqçularının hüquqi şəxslərdə pay sahibi olması qadağan edilmir.”