Rüşvət ittihamı ilə həbs edilən məmur vaxtından əvvəl azadlığa buraxılıb

Nizaməddin Quliyev və Ramiz Tatarov. Foto: arxiv

Ramiz Tatarov cəzasının qalan hissəsini şərti azadlıqda çəkəcək

İcra başçılarına qarşı həbs dalğası zamanı həbs edilən Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Tatarov vaxtından əvvəl azadlığa buraxılıb.

Keçmiş icra başçısı cəzasının böyük hissəsini çəkdiyini, azadlığa çıxmasına bir il qaldığını əsas gətirərək vaxtından əvvəl buraxılması üçün oktyabrda məhkəməyə müraciət edib.

Dekabrın 26-da Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirli onun işi üzrə yekun qərar verib.

Qərara əsasən, Ramiz Tatarov qalan birillik cəzasından şərti azad edilərək həbsdən buraxılıb.

Ramiz Tatarov 2019-cu ilin dekabrında Ağstafa Rayon İcra Hakimiyyətində DTX əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində mənimsəmə, rüşvət kimi ittihamlarla həbs olunmuşdu.

Əməliyyat zamanı 11 ilə yaxın müddətdə Goranboy və Ağstafa rayonlarının icra başçısı olmuş Nizaməddin Quliyev də saxlanmışdı.

2021-ci ilin avqsutunda Gəncə Ağır Cinayətlər Məhkəməsində Nizaməddin Quliyev 9 il 6 ay azadlıqdan məhrum edildi.

Bir ay sonra isə həbsdə koronavirusa yoluxaraq vəfat etdi.

Rüşvət almaqda ittiham olunan Ramiz Tatarova Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 3 ay azadlıqdan məhrumetmə cəzası verilsə də, Ali Məhkəmə onun cəzasını 6 ilə endirmişdi.

Keçmiş icra başçısı Nizaməddin Quliyevin həbsindən sonra məlum oldu ki, onun övladlarından biri Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiq, digər oğlu isə Bakının Nərimanov Rayon Məhkəməsində hakimdir.

Ramin Quliyev hazırda da məhkəmədə vəzifəsində fəaliyyətini davam etdirir.

Ana səhifəSiyasətRüşvət ittihamı ilə həbs edilən məmur vaxtından əvvəl azadlığa buraxılıb