Ruslan İzzətli: Sənədlərimi saxtalaşdırıb, məni əsgər aparmaq istəyirlər

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin rəisi Elxan Feyziyev hərbi biletimə möhür vurub, imza atıb”

Foto: arxiv


“Elxan Feyziyev məni müayinə edən həkim Ələddin Nəcəfovu təhqir etdi”

D18 Hərəkatının sədri Ruslan İzzətli sənədlərinin saxtalaşdırıldığını deyir. Onun sözlərinə görə, hökumət indi də onu cəzalandırmaq üçün hərbi xidmətə yollamaq niyyətindədir.

Hərəkat sədri deyir ki, özünə və təşkilatına qarşı təzyiqlər 9 fevral növbədənkənar parliament seçkilərinə qatıldığı zamandan başlayıb. Öncə hərəkat yerləşdiyi ofisdən çıxarılıb, sonra özü təzyiqlərə məruz qalıb.

Ruslan İzzətli öz “Facebook” hesabında yazıb ki, 33 saylı Xətai birinci seçki dairəsində total seçki saxtakarlığına komandasıyla birlikdə həm seçki günü və həm də seçki sonrası etiraz ediblər:

“Fevralın 16-da Mərkəzi Seçki Komissiyasının qarşısında D18 Hərəkatı, REAl və Müsavat partiyaları, həmçinin bitərəf namizədlərin birgə mitinqini təyin etdik. Mitinqin qarşısı zorakılıqla alındı, mitinq təşkilatçı olaraq məni ofisimin qarşısından mülki geyimli şəxslər oğurlayaraq apardılar və Yevlax şəhərində sərbəst buraxdılar. Martın 10-da D18 Hərəkatı Nərimanov rayonu Orucəliyev 17 ünvanında yerləşən ofisindən çıxarıldı. Mart, aprel ayları hökumətin təzyiqləri davam etdi, müxtəlif qurumlardan şəxsimlə görüşə gəldilər. Dialoq prosesinə, "islahat nağılları"na inandırmağa çalışdılar ki, mən və rəhbəri olduğum qurum da prosesdə iştirak etsin. Amma artıq elçilik siyasətlərinin nəticə vermədiyini görən hakimiyyət əsgərliyə aparmaq ssenarisini işə saldı. Görüşə gələn şəxsləri xüsusilə 33 saylı Xətai seçki dairəsində yenidən seçki keçirilərsə, mənim iştirak edib-etməyəcəyim daha çox maraqlandırırdı. Təbii ki, komandamla birlikdə seçki kampaniyasında iştirak edəcəyimi dedim. Çünki seçki günü aktiv çalışdıq və daha sonra dairədə nəticələrin ləğvi üçün nə gərəkirsə, etdik. Həmin dairədə hətta koronavirus dönəmində vətəndaşların yanında olduq. Yəni həmin dairədən seçkiyə qatılmağım həm haqqımdır, həm də bunu tələb edən kifayət qədər insan var. Görünür, həmin dairədən təkrar seçkiyə qatılmağım hakimiyyətin o dairədə hansısa oyununa manelər yarada bilər. Əsgərliyə aparılmağım həm də bununla bağlıdır”.

Ruslan İzzətli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin 2007-ci il 4 may tarixində (O dövrdə Hərbi Komissarlıq. red) səhhətindəki problemlə əlaqədar ona dinc dövrdə yararsız, müharibə dövrü üçün yararlı olmağı haqda hərbi bilet verdiyini vurğulayıb:

96355780_3785577514846877_378173412306059264_o.jpg
hərbi bilet

“Həmin tarixdən hər 3 ildən bir hərbi həkim komissiyasından keçirdim. Sonuncu tibbi müayinə ötən ilin 28 avqustunda olub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin rəisi Elxan Feyziyev hərbi biletimə möhür vurub, imza atıb. Ancaq martın 5-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsindən mənə zəng etdilər ki, 8 ay əvvəl tibbi müayinədən keçdiyimi təsdiq edən sənədlər itib. Yenidən komissiyadan keçməlisiniz. Artıq ortada siyasi qərarın olduğunu bilirdim, amma dedim ki, gəlib yenidən keçərəm. Baxmayaraq mənim hərbi biletimdə möhür də var. Mayın 6-da Ağdam Rayon Hərbi Komissarlığının işçilərinin iştirakı ilə rayon Mərkəzi Xəstəxanada müayinədən keçdim. Müayinə nəticəsində yekun akt tərtib edildi. Aktda "sağ tərəfli böyrək daşı xəstəliyi, hər iki böyrəyin mikrofili'' qeyd edildi. Yekun akta rayon xəstəxanasının baş həkimi Elxan Ələsgərov və şöbə müdiri Ələddin Nəcəfov imza atıb, möhür vurdu. Mayın 7-də yekun akt xidmətin rəisi Elxan Feyziyevə təqdim edildi. Amma xidmət rəisi məni müayinə edən həkim Ələddin Nəcəfovu təhqir etdi ki, bəs Ruslan İzzətli müxalifətçidir, satqındır. Onun yekun aktında xəstəlik qeyd etməməliydin. O da bildirdi ki, mən həkiməm və doğru diaqnoz qoymasam, sonra məsuliyyət üzərimdə qalacaq. Mən vəziyyəti belə görüb yekun aktın şəkilin çəkib surətin çıxardım”.

97291504_3789152034489425_7669961376109953024_o.jpg
Elxan Feyziyev və Elxan Ələsgərov

Ruslan İzzətli bildirib ki, mayın 9-da xidmətin Ağdam rayon şöbəsinin əməkdaşı onunla əlaqə saxlayıb:

“Mənə dedilər ki, Bakıda yenidən həkim komissiyasından keçməlisiniz. Mən də Mərkəzi Həkim Komissiyasına getdim. Ağdam komissarlığından göndərilən müayinə sənədlərimə baxanda gördüm ki, yekun akt dəyişdirilib. Heç bir problem qeyd olunmayıb, aktiv sağlam yazılıb. Bunu sənədləri gətirən Ağdam şöbəsinin əməkdaşına da dedim, o isə məlumatsız olduğunu bildirdi. Sənədin dəyişdiliməsi və saxtalaşdırılmasının cinayət olduğunu Bakıdakı komissiya bildirsəm də, reaksiya verilmədi. Hətta mənə verilən yekun aktını da təqdim etdim. Həkimlər sənədin dəyişdirildiyini görsələr də, nəticəyə təsir edə bilməyəcəklərini dedilər. Anladım ki, məni cəzalandırmaq üçün əmr yuxarıdan verilib. Hətta Bakıda keçirilən müayinə yalnız həkimlərin şifahi sorğu-sualı əsasında oldu, USM, retgen, EKO və digər yoxlanılışlar edilmədi. Həkimlərə belimdə kəskin ağrılar olduğunu desəm də, əhəmiyyət vermədilər. Ona görə də bu gün belimdəki kəskin ağrıya görə “MEDİLAND Hospital”da MRT etdirdim. Nəticədə siniri sıxan disk yırtığı ( d=5mm) aşkarlandı. Bütün bunları açıqlamaqda məqsədim hərbi xidmətdən yayınmaq və çəkinmək deyil. Bu millət üçün hər zaman mübarizədəyik. 1 il hərbi xidmət bizi əqidəmizdən, yolumuzdan döndərməz. Amma bu faktları hər kəs bilsin deyə qeyd edirəm. Çünki mənim dinc dövrdə hərbi xidmətə getməməyim səhhətimlə bağlıdır. Hakimiyyətin isə sağlamlığımdakı problemlərlə bağlı məni hərbiyə aparması siyasi cəzadır”.

D18 Hərəkatının sədri bildirib ki, qarşılaşdığı qanunsuzluqla bağlı məhkəməyə şikayət edəcək:

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin rəisi Elxan Feyziyevin vəzifə səlahiyyətlərindən istifadə edərək yekun aktı dəyişdirməsi, sənədləri saxtalaşdırması barədə məhkəməyə və prokurorluğa müraciət edəcəyəm. Artıq bu gün bununla bağlı hüquqi addımları atmağa qərar verdim”.

orjinal.jpg
əsl sənəd

Ağdam Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Elxan Ələsgərov Meydan TV-yə deyib ki, suallara yalnız Elxan Feyziyev cavab verə bilər:

“Bu barədə Elxan Feyziyevlə əlaqə saxlayın, mən heç nə deyə bilmərəm”.

Sənədi imzalayan həkim Ələddin Nəcəfov isə “

arqument.az

”a deyib ki, sənədlərin dəyişdirilməsindən xəbəri yoxdur: "Yekun aktı imzaladıq, Ruslan İzzətli də şəklini çəkib götürdü. Mənim heç nədən xəbərim yoxdur".

Meydan TV Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin rəisi Elxan Feyziyevlə danışa bilməyib. Onun əlaqə telefonu son iki gündə bağlı olub. Mayın 9-da isə Elxan Feyziyev “arqument.az”ın bununla bağlı sualını cavablandırmaqdan imtina edib.

Ruslan İzzətlinin vəkili Elçin Sadıqov Meydan TV-yə deyib ki, qanunla R.İzzətli hərbi xidmətə tam yararsızdır: "Biz Elxan Feyziyevin və Elxan Ələsgərovun əməllərindən Respublika Prokurorluğuna şikayət etmişik".

saxta.jpg
saxta sənəd
96380858_3785577944846834_4639593311462490112_o.jpg
Akt 1
96713380_3785578084846820_7177497492487929856_o.jpg
Akt 1
96359056_3785578264846802_6980326758088179712_o.jpg
Sağlamlıq vəziyyətinin müayinə edilməsi
96387753_3785578524846776_4743851533743947776_o.jpg
Diaqnostika nəticə hesabatı
Ana səhifəSiyasətRuslan İzzətli: Sənədlərimi saxtalaşdırıb, məni əsgər aparmaq istəyirlər