Siyasi fəal nazirliyi qanunu pozmaqda günahlandırır
İyulun 5-də Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi siyasi fəal Ruslan İzzətlinin Gədəbəyin Söyüdlü kəndi ilə bağlı nazirə göndərdiyi informasiya sorğusuna cavab verib.
Ruslan İzzətli daxili işlər naziri Vilayət Eyvazova göndərdiyi sorğuda iyunun 20-də Söyüdlü kəndində yaşlı qadınlara qarşı bibər qazından istifadə edən polislərlə bağlı hansısa hüquqi addımın atılıb-atılmadığını öyrənməyə çalışıb.
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi sorğuya cavabda şəxsi heyətlə ekstremal vəziyyətlərdə davranışların təkmilləşdirilməsi yönündə təlimlərin keçirildiyini xatırladıb.
Qurum son illərdə polisin aksiyalarda aqressivliyi ilə seçilən iştirakçılara sivil və təmkinli münasibəti sərgilədiyini bildirib.
“Ancaq bəzən müvafiq sahədə nöqsan və çatışmazlıqlar da qeydə alınır”, – deyə rəsmi cavabda vurğulanır.
Eyni zamanda, qeyd olunur ki, ayrı-ayrı əməkdaşların funksional vəzifələrinin icrasında pozuntulara yol verməsi müəyyən edilib:
“Həmin halların gələcəkdə təkrarlanmaması üçün davamlı təşkilati-praktiki tədbirlər görülür”.
Ruslan İzzətli isə hesab edir ki, DİN informasiya sorğusuna yetərli cavab verməyib və qanunu pozub.
“Sorğuma cavab verilsə də, əsas tələb etdiyim informasiya verilməyib, qanunsuz gizlədilib. Sorğuya cavabda bildirilir ki, “həmin halların gələcəkdə təkrarlanmaması üçün davamlı təşkilatı-praktiki işlər görülür. Nədir bu təşkilatı-praktiki işlər? Aydın görünür ki, həmin polislərlə bağlı heç bir addım atılmayıb, cəzalandırılmayıblar”, – İzzətli Meydan TV-yə belə deyib.
Siyasi fəal deyir ki, dövlət sirri təşkil etməyən informasiyalar hər kəs üçün əlçatan olmalıdır:
““Dövlət sirri haqqında” Qanunun 7-ci maddəsində deyilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması faktları haqqında məlumatlar dövlət sirrinə aid edilmir və məxfiləşdirilmir. Qanunun tələbi çox açıqdır. Kimliyindən aslı olmayaraq dövləti təmsil edən, uniforma geyinən bir polis nəfəri insan hüquq və azadlığını pozursa, onun haqqında hansı tədbir görülməsi ciddi ictimai əhəmiyyət daşıyır və qanun bunun gizlədilməsinə yol vermir. Ona görə də heç bir ehtiyac olmadan şəxsin sağlamlığına ciddi təhlükə yaradan bibər qazının insanın gözlərinə qəsdən sıxılması ciddi hüquq pozuntusudur”.
Söyüdlü hadisələri
İyunun 20-dən Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başlayıb.
10-dan artıq kənd sakini və hadisənin təşkilində şübhəli bilinən şəxs saxlanılıb. Saxlanılanlar arasında narkotik ittihamı verilən də var.
İyunun 22-də Gədəbəyin Söyüdlü kəndinə sakinlərdən başqa şəxslərin girişi məhdudlaşdırılıb.
Daxili İşlər Nazirliyi (DİN) səbəb kimi ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsini göstərib.
Kəndin sakinləri isə bildirirlər ki, əsl səbəb iyunun 20-21-də etdikləri etiraz aksiyasıdır, onları nəzarətdə saxlamaq istəyirlər.
Söyüdlü kəndinin sakinləri iki gün ard-arda evlərinin yaxınlığında qızıl mədənləri üçün ikinci süni gölün salınmasına etiraz edib.
Sakinlər kəndlərində ikinci belə yaradılacaq su hövzəsinin kimyəvi maddələrlə dolu olduğunu, bunun isə sağlamlığa zərər vurduğunu bildiriblər.
Onların sözlərinə görə, bu su hövzələri onların əkin və örüş sahələrində salınır.
Bu da əkinə, meyvəyə, ağaclara və insanların sağlamlığına zərər vurur.
Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər.
Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb.
Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər.
Sakinlər həmçinin gölün suyunun içməli sulara qarışacağından ehtiyat edir, bunun nəticəsində yaranacaq xəstəliklərdən qorxurlar.
Nazirlər Kabineti məsələ ilə bağlı komissiya yaradıldığını deyir.
Komissiya dövlət məmurlarından formalaşıb, tərkibində müstəqil ekspert yoxdur.
Həbslər və təzyiqlər…
Hakimiyyət hadisəyə təxribat donu geyindirir, yerli mediada bununla bağlı eyni məzmunlu materiallar dərc olunur, hadisəni işıqlandıran müstəqil media hədəfə alınır.
Nazim Bəydəmirli baş verənlərə görə şirkəti tənqid etdiyi üçün hökumət mediası tərəfindən hədəfə alınıb.
Buna görə də o, “Yeni Müsavat” saytını, Azərbaycan Dövlət Televiziyasını və deputat Elman Nəsirova qarşı məhkəmə iddiası qaldırıb.
İyulun 4-də isə Nazim Bəydəmirli Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“bandotdel”) şübhəli şəxs qismində saxlanılıb.
İyulun 5-də Nərimanov Rayon Məhkəməsi onun barəsində 4 ay həbs-qətimkan tədbiri seçib.
DİN Nazim Bəydəmirlinin səhmdarı olduğu şirkətdən pul tələb etmə ittihamıyla saxlanıldığı iddia etsə də, sabiq deputat deyib ki, onu Söyüdlü kəndində baş vermiş etirazlara görə saxlayıblar.
Bundan başqa, NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Elmir Abbasov və keçmiş “heykəl məhbusu” Qiyas İbrahimov da Söyüdlü hadisələri zamanı sosial şəbəkələrdə yazdıqları statuslara görə inzibati qaydada həbs edilib.