Rusiyaya pomidor idxalı yerli bazarlarda qiymətə təsir edə bilər?

Foto: Meydan TV

“Elə vəziyyət yaranıb ki, bir neçə aydan sonra başımıza nə gələcəyini proqnozlaşdıra bilmirik”

Rusiya hökuməti bu ilin birinci yarısında ölkəyə pomidor idxalına tarif güzəşti tətbiq edəcəyini açıqlayıb. Bildirilib ki, bu qərar daxili bazarda pomidor çatışmazlığı riskini aradan qaldırmaq məqsədi ilə verilib.

Bundan əvvəl də ölkəyə yumurta idxalı ilə bağlı çağırışlar edilmişdi.

Bəzi ekspertlər azərbaycanlı fermerlərin Rusiya bazarına pomidor çıxarması üçün əlverişli şəraitin yarandığını bildirib. Pomidor istehsalı ilə məşğul olan şəmkirli fermer Ənvər Quliyev Meydan TV-yə bildirib ki, rubl dəyərdən düşəndən, həmçinin Rusiyada alıcılıq qabiliyyəti azalandan sonra bazarlarda Azərbaycan pomidorunun qiyməti də enib. Bu isə daşınma xərclərinin artması fonunda sərfəli hesab edilmir.

Rusiya bazarlarına yüksək keyfiyyətli pomidorlar çıxarılır. Fermerlər bu fürsətdən yararlanacağı halda yerli bazarlarda pomidorun daha da bahalaşacağı gözlənilir.

“İstədikləri vaxtı bazara pomidor buraxırlar, istəmədikləri vaxt müxtəlif bəhanə ilə məhsulların bazara çıxarılması əngəllənir”,– fermer deyib. O əlavə edib ki, Şəmkirdə istixanaların sayı sürətlə azalıb. Çoxu müflisləşdiyindən istixanaları ləğv edib:

“Elə vəziyyət yaranıb ki, bir neçə aydan sonra başımıza nə gələcəyini proqnozlaşdıra bilmirik. Hazırda məhsul yetişdirmək lotereya oynamaq kimi bir məsələyə çevrilib. Min bir əziyyətlə yetişdirilən məhsulu sərfəli qiymətə sata bilib-bilməyəcəyimizi təxmin edə bilmirik”.

Fermerin sözlərinə görə, hazırkı vəziyyətdə Rusiya bazarına pomidor aparmağa cəsarət etmir.
Kənd təsəərüfatı üzrə ekspert Vahid Məhərrəmli isə bildirib ki, Rusiya hökuməti belə alətlərdən tez-tez istifadə edir. Görünür, indi pomidora ehtiyac yaranıb:

“Azərbaycan pomidoru yaxın günlərədək Rusiya bazarında 3 manata satılıb. Azərbaycanda isə həmin keyfiyyətli pomidor 4 manat 50 qəpik – 5 manata, hətta 5 manatdan da baha təklif edilib”-Məhərrəmli bildirib.

Vahid Məhərrəmli
Vahid Məhərrəmli. Foto: Meydan TV

Ekspertin sözlərinə görə, Rusiya bazarına aparılan pomidor ən keyfiyyətli məhsul hesab edilir:

“Azərbaycanda həmin məhsul Rusiya bazarında təklif edilən qiymətdən hətta 2 dəfə artıqdır. Rusiya çalışır ki, pomidor bir az daha ucuz qiymətə satılsın. Rusiya bazarında hətta ətin qiyməti Azərbaycan bazarındakı qiymətdən 2 dəfə aşağıdır. Rusiya bazarında təzə mal əti 8 manatdır. Rusiyada kartof 35 qəpikdir, Azərbaycanda isə 3 dəfə yüksəkdir”.

“Putin seçkilərə gedir və çalışır ki, seçkiöncəsində Rusiyada qiymətlər aşağı olsun. Bundan əvvəl də Rusiya yumurtaya tələbat artdığı üçün digər ölkələrdən daha çox yumurta idxal etməyə başladı. Azərbaycan, Belarus və Türkiyədən yumurta ixrac edildi”.

V.Məhərrəmli deyir ki, Rusiya seçki ərəfəsində çalışır ki ucuzluq olsun. Rusiyanın rublu isə dayanıqlı deyil. Azərbaycanlı sahibkarların Rusiyaya çıxardığı məhsulun qiyməti enərsə, fermerlər üçün sərfəli olmayacaq. Yəni ziyana məruz qala bilərlər:

“İnanmıram ki, Rusiyanın təklifi bizim pomidor istehsalı ilə məşğul olanları həvəsləndirsin. Çünki dəfələrlə bizim pomidor istehsalçıları ziyana məruz qalıblar. Çoxunun istixanaları boş qalıb. Fermerlər Rusiyaya daha çox pomidor ixrac eləsələr, ziyana məruz qala bilərlər. Azərbaycan hökuməti çalışmalıdır ki, yerli bazarlarda monopoliyanı aradan qaldırsınlar. Pomidor istehsalı ilə məşğul olan oliqarx-məmurlar bazara olduqca yüksək məbləğdə pomidor çıxarırlar. Hətta Gürcistanda pomidor bizdən 2 dəfə ucuzdur. Biz çalışıb daha keyfiyyətli məhsul istehsal edib daxili bazarı pomidorla təmin etməliyik”.

Ana səhifəİqtisadiyyatRusiyaya pomidor idxalı yerli bazarlarda qiymətə təsir edə bilər?