Ukraynalı müğənni Türkiyə prezidentinə müraciət edib
Ukraynalı müğənni Olya Polyakova Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib.
O, prezidentdən Mariupoldan insanların təxliyəsi məqsədilə dəniz dəhlizinin açılmasını istəyib.
Müğənninin müraciəti Türkiyədə “Şaxtyor”- “Antalyaspor” klubları arasında keçirilən xeyriyyə futbol matçından sonra “Freedom” telekanalında yayımlanıb.
“Şəxsən Ərdoğana müraciət etmək istəyirəm ki, dəniz dəhlizi açılsın. O, Mariupol sakinlərini və onun müdafiəçilərini xilas edə bilər. Sizdən xahiş edirəm ki, aqressora olan təsir gücünüzdən istifadə edəsiniz və xilas üçün böyük və çox vacib bir missiya həyata keçirəsiniz”, – Polyakova deyib.
Olya Polyakova xeyriyyə matçında Ukrayna himnini ifa edib.
Polşadan Rusiya və Belarusa qarşı 50 maddəlik sanksiya
Polşa Rusiya və Belarusa qarşı 50 maddədən ibarət özünün sanksiya siyahısı hazırlayıb.
Bu barədə aprelin 26-da Polşanın daxili işlər naziri Mariuş Kaminski deyib.
“Polşanın sanksiya siyahısı Avropa İttifaqının sanksiya siyahısının dəqiqləşdirilməsidir. Bu, Rusiya oliqarxlarına və Polşada fəaliyyət göstərən firmalara aiddir. Bu gün dərc olunan ilk sanksiya siyahısı 50 maddədən ibarətdir. Bunlar 35 firma və 15 fiziki şəxsdir”, – deyə Kaminski bildirib.
Nazirin sözlərinə görə, siyahıda “EuroPolGaz”ın fəaliyyəti çərçivəsində sanksiyaya məruz qalan “Qazprom” kimi şirkətlər, “Akron” və Polşanın “Azoty” şirkətində təxminən 20%-ə sahib olan rusiyalı oliqarx Vyaçeslav Kantor var: “Həmçinin siyahıda Rusiya kömürünü və Donbasdan Polşaya kömür tədarük edən bütün müəssisələr, “Novatek”, “PhosAgro” kimi firmalar var”.
Ərdoğan Zelenski ilə Putini görüşdürmək istəyir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyədə görüş təklif edib.
Bu təklifi aprelin 26-da Türkiyə Prezidenti rusiyalı həmkarı ilə telefon danışığında səsləndirib.
R.T.Ərdoğan Ukrayna Prezidenti V. Zelenski ilə də danışıb.
Türkiyənin dövlət başçısı İstanbul danışıqlarında Rusiya ilə Ukrayna arasında sülhə müsbət münasibətin saxlanmasının bütün tərəflərin maraqlarına cavab verdiyini bildirib.
Məlumatı “Hürriyet” qəzeti Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinə istinadən yayıb.
Ərdoğan Zelenskiyə bildirib ki, yaralılar və mülki şəxslər vəziyyətin gündən-günə acınacaqlı hal aldığı Mariupoldan təxliyə edilməlidir.
O, Putinə atəşkəsin, humanitar dəhlizlərin effektivliyinin və döyüş bölgələrindən təhlükəsiz evakuasiyanın vacibliyini vurğulayıb.
Ərdoğan deyib edib ki, bütün tərəflərin maraqlarına ziyan vurmaq təhlükəsi daşıyan proseslər dayandırılmalıdır.
Türkiyə Prezidenti Ankaranın Rusiya ilə Ukrayna arasında uzunmüddətli sülhün təmin olunmasına bundan sonra da mümkün töhfə verməyə hazır olduğu bildirib.
Lavrov: “Üçüncü Dünya müharibəsi təhükəsi realdır”
Ukraynadakı müharibənin Üçüncü Dünya müharibəsinə çevrilməsi təhükəsi ciddi və realdır, onu qiymətləndirməmək olmaz.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkənin “Birinci kanalı”na müsahibəsində deyib.
O, mövcud vəziyyəti “Karib böhranı” ilə müqayisə edib: “O zaman davranış qaydaları kifayət qədər aydın idi. Moskvada Vaşinqtonun özünü necə apardığı, həmçinin Vaşinqtonda Moskvanın prosedə necə davrandığı barədə təsəvvürlər vardı. İndi isə ümumiyyətlə, çox az qayda qalıb”.
Lavrov bildirib ki, “Karib böhranı” zamanı SSRİ və ABŞ rəhbərlərinin etibar etdiyi rabitə kanalı vardı: “İndi belə bir kanal yoxdur və heç kim onu yaratmağa çalışmır. İlkin mərhələdə edilən ayrı-ayrı cəsarətli cəhdlər o qədər də nəticə vermədi. Bizim xəbərdarlıqlarımızın əksinə olaraq, Ukraynaya silah verilməsi genişləndi”.
Ukrayna nümayəndə heyəti ilə görüşlərə toxunan nazir deyib ki, danışıqlar davam edəcək:
“Amma xoş niyyətin də həddi var. Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlara açıq görünməklə aldadıcı davranır. Əgər danışıqlar qarşılıqlı olmasa, nəticə verməyəcək”.
BMT: “Ukraynada 2665 nəfər mülki şəxs ölüb, 3053 nəfər yaralanıb”
Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan indiyədək 5718 mülki insan itkisi qeydə alınıb, 2665 nəfər ölüb, 3053 nəfər yaralanıb.
Bu məlumatı BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının İdarəsi yayıb.
Bildirilib ki, ölən mülki şəxslər arasında 855 kişi, 563 qadın, 59 qız və 69 oğlan var: “Öldürülən 1052 böyük və 67 uşağın cinsiyyətini müəyyən etmək mümkün olmayıb”.
“Mülki əhali arasında ən çox itkilər Donetsk və Luqansk vilayətlərindədir: müharibə başlayandan bəri orada 1217 nəfər ölüb. Onlardan 81-i “DXR” və “LPR”in nəzarətində olan ərazidə, daha 1136-sı isə Ukrayna hakimiyyətinin nəzarətində olan ərazidə həlak olub”, – deyə məlumatda qeyd olunub.
Ukrayna Baş Prokurorluğu da dünən müharibədə ölən uşaqların sayı ilə bağlı məlumatları təqdim edib.
Məlumata görə, müharibə başlayandan bəri 215 uşaq ölüb, daha 391 uşaq yaralanıb.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.