Mixail Mizintsev: “Mariupolda üç humanitar dəhliz açılıb”
“Rusiya silahlı qüvvələri təslim olmaq qərarına gələnləri daşımaq üçün Mariupoldakı “Azovstal” zavodunun yaxınlığında üç humanitar dəhliz açıblar”.
Bu açıqlamanı aprelin 19-da Rusiyanın milli müdafiəyə nəzarət mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev verib.
Onun sözlərinə görə, metallurgiya zavoduna yaxın ərazidə açılmış dəhlizlər humanitar karvan üçün nəzərdə tutulub: “Birincisi – qərb istiqamətindən Şevçenko küçəsi ilə, ikincisi – şərq istiqamətindən Pobedı prospekti ilə, üçüncüsü isə şimal istiqamətindən Taqanroqskaya ilə”.
“Hər bir humanitar karvanda insanların daşınması üçün 30 avtobus və minik avtomobili, 10 təcili yardım maşını var. Görüş və müvəqqəti yaşayış məntəqələri də yerləşdirilib, yemək məntəqələri və ilkin tibbi yardım təşkil edilib”, – deyə general bildirib.
Ukrayna 76 əsiri geri aldığını deyir
Aprelin 19-da Ukrayna və Rusiya arasında sayca eşinci əsir mübadiləsi həyata keçirilib.
Bu barədə Ukraynanın Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk “Telegram” kanalında yazıb.
“Bu gün biz 10-u zabit olmaqla 60 hərbçini dəyişdirdik. Həmçinin 16 mülki şəxs vətənə qayıdıb. Ümumilikdə 76 nəfər”, – deyə İrina Vereşçuk bildirib.
Ukrayna ilə Rusiya arasında ilk hərbi əsir mübadiləsi martın 24-də baş tutub.
Həmin vaxt Ukrayna 10 rus hərbçisi müqabilində 10 hərbçini geri qaytarıb.
“Ukraynaya raket zərbələri azı bir ay davam edəcək”
“Ruslar müharibənin son gününə qədər Ukraynaya raket zərbələri endirəcək. Bu, ən azı daha bir ay davam edəcək”.
Bunu Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Aretoviç milli telemarafonun efirində deyib.
Onun sözlərinə görə, indi Ukraynada təhlükəsiz yerlər yoxdur.
“Heç bir illüziya olmamalıdır, müharibənin son gününədək raket zərbələri şəhərlərimizə endiriləcək və hazırda heç yeri təhlükəsiz saymaq olmaz. Raketlər çoxdur, o cümlədən, Ukraynanın Budapeşt memorandumunun nəticələrinə görə onlara verdiyi raketlərdən söhbət gedir. Böyük ironiya da elə bundadır”.”Onlarda bu cür raketlər yüzlərlədir. Nəzərə alsaq ki, hər raket atəşində, adətən, 5-10 raket olur. Onlarda da hələ nə qədər atəş imkanının qaldığını hesablamaq olar”, – deyə o qeyd edib.
Meksikada Çaykovskinin uvertürası repertuardan çıxarılıb
Meksikanın Sakatekas Simfonik Orkestri rus bəstəkarı Pyotr Çaykovskinin uvertürasını repertuarından çıxarıb.
Rusiyanın Meksikadakı səfirliyi bunu rusofobiyanın daha bir uğursuz nümunəsi adlandırıb.
“Bu addım ruslara qarşı aparılan dehumanizasiya kampaniyasını daha da alovlandırır”,- səfirliyin Telegram kanalında deyilir.
Ukraynada bəzi kinoteatrlar açılıb
Ukraynada bəzi kinoteatrların fəaliyyəti bərpa olunub.
“Planeta Kino” və “Multiplex” kinoteatrlar şəbəkəsi işini bərpa edib.
Biletlərin nin aşağı salındığı bildirilir.
Ziyarətçilərin qəbulunun əsas şərti, hava hücumu zamanı bomba sığınacağı kimi xidmət edəcək yeraltı dayanacaqların olmasıdır.
Lavrov: “İndi vacib bir an olacaq”
Ukraynada Donetsk və Luqansk Xalq Respublikalarının tam azad edilməsinə yönəlmiş xüsusi hərbi əməliyyatın növbəti mərhələsi başlayır.
Bu açıqlamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov “India Today” telekanalına müsahibəsində səsləndirib.
“Ukraynanın şərqindəki əməliyyat əvvəldən elan edildiyi kimi, Donetsk və Luqansk respublikalarının tam azad edilməsinə yönəlib. Bu əməliyyat davam edəcək. Əməliyyatın növbəti mərhələsi başlayır və düşünürəm ki, indi vacib bir an olacaq”, – deyə nazir bildirib.
S.Lavrov “Moskva” kreyserinin batması ilə bağlı suala cavab verməyib: “Bu, Müdafiə Nazirliyinin işidir. Baş verənləri izah etdilər. Mən buna heç nə əlavə edə bilmərəm”.
Zelenski: “Donbası müdafiə etmək üçün vuruşacağıq”
“İndi artıq, demək olar ki, rus qoşunları uzun müddət hazırlaşdıqları Donbas uğrunda döyüşə başlayıblar”.
Bu açıqlamanı Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 18-i axşam müraciətində səsləndirib.
“Rus ordusunun çox mühüm hissəsi indi bu hücumda cəmləşib. Oraya nə qədər əsgər göndərilsə də, döyüşəcəyik. Biz özümüzü müdafiə edəcəyik və bunu gecə-gündüz edəcəyik. Biz heç nə verməyəcəyik, amma başqasınınkı bizə lazım deyil”, – deyə o bildirib.
Amerikalı aktyor müharibə qurbanlarına yardım göstərəcək
Amerikalı aktyor Riçard Gir müharibə qurbanlarına yardım məqsədilə yaradılmış “CARE” Ukrayna Böhran Fonduna qoşulub.
O, Ukrayna xalqına videomüraciətində bu haqda məlumat verib.
“Qadınlar, uşaqlar, qocalar müharibədən qaçmağa məcburdurlar. Qorxu, aclıq, soyuq, təhlükə onları sərgərdan həyat yaşamağa vadar edib. Məhz buna görə mən də müharibə qurbanlarına yardım fonduna qoşulram”, – aktyor deyib.
Qavriel Heynedən Rusiyaya etiraz
On beş il Sankt-Peterburqun Mariinski Teatrında işləyən amerikalı dirijor Qavriel Heyne istefa verib.
Heyne qərarını Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ilə əlaqələndirib.
“Rusiya oğlumun böyüməsini istədiyim ölkə deyil, bura mənim olmaq istədiyim yer deyil”, – deyə dirijor bildirib.
Qavriel Heyne Mariinski Teatrında 2007-ci ildən çıxış edirdi.
Rusiyanın Ukraynaya növbəti hücumu müzakirə ediləcək
Aprelin 19-da Fransa Prezidenti Emmanuel Makron və ABŞ Prezidenti Co Bayden digər dövlət başçıları ilə görüşəcək.
Bu barədə məlumatı Fransanın BFMTV telekanalı “Yelisey sarayı”ndakı mənbələrinə istinadən yayıb.
Bildirilir ki, Rusiyanın Ukraynaya növbəti hücumu çərçivəsində ABŞ bu gün bir sıra dövlətlərin – Fransa, Almaniya, Böyük Britaniya, Kanada, İtaliya, Polşa, Rumıniya başçıları ilə görüşəcək.
“Görüşdə NATO-nun baş katibi Yens Stoltenberq, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Şarl Mişel də iştirak edəcək”, – deyə mənbə qeyd edib.
“Rusiyanın Qolovçino kəndini atəşə tutulub”
Ukrayna ordusu Belqorod vilayətinin Qolovçino kəndini atəşə tutub.
Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov “Telegram” kanalında yazıb.
Vyaçeslav Qladkov. Mənbə: “Telegram”
Qubernator dağıntıların olduğunu və yerli sakinlərdən birinin zərər çəkdiyini deyib.
Onun sözlərinə görə, kənd Belqoroddan təxminən 50 km aralıda, Ukrayna ilə sərhəddə yerləşir: “Kənddə 4 minə yaxın insan yaşayır. Qəsəbənin yerləşdiyi Qraivoronski rayonunun sərhədi Rusiya Federasiyasının və Ukraynanın dövlət sərhədi ilə – cənubdan və qərbdən Xarkov və Sumi vilayətləri ilə üst-üstə düşür”.
““Azovstal” zavodunu bombalanır”
“Rusiya ordusu Mariupolun “Azovstal” zavodunu bombalayır, artilleriya və tanklardan Levoberejnı rayonunun yaşayış sahəsini atəşə tutur”.
Bunu “Telegram” kanalında şəhər merinin müşaviri Petr Andryuşşenko yayıb.
“İşğalçılar təkcə “Azovstal”da güclü bombalarla deyil, həm də artilleriya və tanklardan Meotida bulvarı xətti boyunca Sol Sahil rayonunun yaşayış sahəsinə xaotik zərbələri davam etdirirlər”, – deyə o bildirib.
P.Andryuşenkonun sözlərinə görə, aprelin 18-də işğalçılar vətəndaşların evlərindən əşyalarını götürmələri üçün bu zonaya giriş-çıxışı açıblar.
Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Lyudmila Denisova bildirib ki, “Azovstal” zavodunda minə yaxın yerli sakin Rusiyanın atəşindən gizlənib.
“Rus ordusu Mariupolda azı 1000 mülki şəxsin gizləndiyi “Azovstal” zavodunun ərazisinə basqın etməyi planlaşdırdıqlarını bəyan edirlər. Şəhərin ukraynalı müdafiəçilərinin sözlərinə görə, vətəndaşlar zavodun binalarında və zirzəmilərində qalırlar və çıxmaq istəmirlər. Evləri dağıdıldığından və filtrasiya düşərgələrinə, Rusiya Federasiyasına, o cümlədən qadınlar, uşaqlar və qocalar göndərilmək istəmirlər”, – deyə Denisova bildirib.
“DNR” milislərinin nümayəndəsi Eduard Basurin “Rossiya 24” telekanalına deyib ki, “Azovstal”a hücum başlayıb: “Mən bildiyimə görə, bu obyektə hücum üçün xüsusi olaraq seçilmiş hücum qruplarının bir hissəsi artıq öz işlərinə başlayıblar”.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.