Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 50-ci günü: yenilənən xəbərlər

Ukrayna, Buça. Foto: Meydan TV

MN: “Moskva” kreyserində döyüş sursatlarının partlaması dayanıb

Rusiya Müdafiə Nazirliyi (MN) “Moskva” kreyserinin raketlərinin zədələnmədiyini bildirib.

Rusiya Müdafiə Nazirliyi, Foto: https://militaryarms.ru/

Nazirliyin məlumatına görə, alov mənbəyi lokallaşdırılıb, açıq yanma olmayıb, döyüş sursatlarının partlaması isə dayanıb.

“Hazırda ekspertlər gəminin limana çəkilməsi və fövqəladə vəziyyətin səbəblərini müəyyənləşdirmək üzərində işləyirlər, – deyə MN vurğulayıb.


Antonio Quterreş: “Ukraynadakı müharibə qlobal ərzaq probleminə səbəb olacaq”

“Ukraynadakı müharibə bu və ya digər şəkildə 1.7 milyard insanın vəziyyətini pisləşdirib, onların üçdə biri artıq yoxsulluq həddindədir”.

Bu açıqlamanı Nyu-Yorkda mətbuat konfransında BMT-nin baş katibi Antonio Quterreş səsləndirib.

Antonio Quterreş, lev radin/shutterstock

Onun sözlərinə görə, münaqişə qlobal ərzaq, enerji və maliyyə sistemlərində pozulmalara səbəb olub: “Bu isə istər-istəməz planetin bir sıra regionlarında yoxsulluğun və aclığın artmasına gətirib çıxaracaq”.

“Ukraynadakı müharibənin sonucları COVID-19 pandemiyasının nəticələrinin üzərinə düşür. Bütün bunlar qlobal iqlim dəyişikliyi və dünyada artan bərabərsizlik fonunda baş verir. Əsas ərzaq məhsullarının bahalaşması və əmtəə qıtlığı milyonlarla insanı yoxsulluğa sürükləyir. Təhlükə ən çox ərzaq idxalı olan ən yoxsul ölkələr üçün böyükdür, lakin orta gəlirli ölkələr də təsirlənə bilər. Dünya Bankı hesab edir ki, ərzaq qiymətlərinin bir faiz bəndi artması 10 milyon insanı həddindən artıq yoxsulluğa sürükləyəcək”, – deyə Baş katib hesabatında qeyd edib.


Ukrayna Prokurorluğu: “Bu günədək 197 uşaq həlak olub”

Rusiyanın Ukraynaya qarşı başladığı müharibədə bu günə qədər 197 uşaq həlak olub, 350-dən çox uşaq yaralanıb.Məlumatı Ukrayna Prokurorluğu yayıb.

Ukrayna. Foto: Ruslan Shugushev/shutterstock

Prokurorluq ümumilikdə 548-dən çox uşağın zərər çəkdiyini qeyd edib.

“Yetkinlik yaşına çatmayan uşaqlar ən çox Donetsk vilayətində, Kiyevdə, Xarkovda, Çerniqovda, Nikolayevdə, Xersonda, Luqanskda, Zaporojyedə və digər şəhərlərdə həyatlarını itirib”.


Rusiyadan İsveç və Finlandiyanın NATO-ya üzv olmasına reaksiya

İsveç və Finlandiya NATO-ya daxil olarsa, Rusiyanın qeydə alınmış rəqiblərinin siyahısı tamamlanacaq.

Bunu Rusiya Təhlükəsizlik Şurasının (TŞ) sədr müavini Dmitri Medvedev “Telegram” kanalında yazıb.

NATO-Rusiya. Foto: Vitalii Stock/shutterstock

“Bu o deməkdir ki, Rusiyanın daha çox rəsmi qeydiyyatdan keçmiş rəqibləri olacaq”, – deyə Medvedev bildirib.

Moskvanın reaksiyasına gəlincə, D.Medvedev “emosiyalarsız, soyuqqanlı” yanaşacaqlarını vurğulayıb: “NATO-da 30 və ya 32 ölkə var, bütövlükdə bizim üçün o qədər də vacib deyil”.


Medvedçukun əmlakına həbs qoyulub

Aprelin 12-də həbs olunan Viktor Medvedçukun və həyat yoldaşı Oksana Marçenkonun 154 daşınar və daşınmaz əmlakına həbs qoyulub.

Bu barədə Lvovun Lıçakovski Rayon Məhkəməsi Baş Prokurorluğun təqdimatı əsasında qərar çıxarıb.

“Siyahıda 26 avtomobil, 30 torpaq sahəsi, 23 ev, 32 mənzil, 17 parkinq yeri və bir motorlu yaxta var. Həmçinin ailənin 25 şirkətinin nizamnamə kapitalındakı paylarına həbs qoyulub”.

Viktor Medvedçuk. Foto: Zelenskinin ofisi

Ukraynanın “Müxalifətçi Platforma – Həyat Uğrunda” Partiyasını lideri Viktor Medvedçuk dövlətə xəyanətdə şübhəli bilinir.

Ona qarşı 2021-ci il mayın 12-də işğal olunmuş Krımda milli sərvətlərin talanması, dövlət sirrinin açıqlanması və digər ittihamlar irəli sürülüb.

Həmin ilin oktyabrında V.Medvedçuka “kömür işi” adlanan işdə (Ukrayna Cinayət Məcəlləsinin 111-ci maddəsi və 258-3-cü maddəsinin 1-ci hissəsi) dövlətə xəyanət və terrorda şəriklik ittihamı irəli sürülüb.

Viktor Medvedçuk aprelin 12-də saxlanılıb.


Avstraliyadan Rusiyaya iqtisadi sanksiya

Avstraliya hökuməti Rusiyanın 14 şirkəti, müəssisə və təşkilatına qarşı iqtisadi sanksiyalar tətbiq edib.

Rusiya mediası Avstraliya Daxili İşlər Nazirliyinin aprelin 14-də yaydığı məlumata istinadən bildirib ki, Avstraliyanın avtonom sanksiyaları yanacaq-energetika şirkətlərini əhatə edir.

Rusiya-Avstraliya. Foto: FreshStock/shutterstock

“Sanksiyalar siyahısında “Qazprom”, “Qazprom Neft” və “Transneft”, Rusiyanın avtomobil və mühərrik istehsalçısı “Kamaz”, “Alrosa” almaz hasilatı şirkətləri qrupu, “Ruselectronics” holdinqi, “Rostelecom” PJSC və “RusHydro” və digər şirkətlər yer alıb”.

Bildirilir ki, bu günə qədər Avstraliya 500-dən çox Rusiya və Belarus vətəndaşına, o cümlədən iki ölkənin prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenkoya qarşı da sanksiya tətbiq edib.


Rusiyanın “Moskva” gəmisinə ciddi ziyan dəyib

Aprelin 13-də Ukraynanın “Neptun” gəmi əleyhinə raket kompleksi tərəfindən “Moskva” raket kreyserinin vurulduğu bildirilir.

513 ekipaj üzvü olan kreyserdə artilleriya, zenit, sualtı qayıq əleyhinə və mina-torpedo silahlarının olduğunu qeyd edilib.

Gəmidə P-1000 Vulkan gəmi əleyhinə raketlər üçün 16 buraxılış qurğusu da olub ki, həmin raketlər 1000 km məsafədə olan hədəfləri vura bilir.

Bu barədə Ukrayna mediası məlumat yayıb.

Odessa Regional Hərbi Administrasiyasının operativ qərargahının mətbuat katibi Sergey Bratçuk bildirib ki, “Moskva” kreyseri bir il ərzində yararsız vəziyyətə düşəcək: “Kreyser söndürülsə belə, gələn il də döyüş üçün yararsız olacaq”.

“Moskva” qvardiya raket kreyseri Foto: AlexeyNikitin1981/shutterstock

Rusiya Müdafiə Nazirliyi isə gəmidə yanğın olduğunu bildirib: “Yanğın nəticəsində döyüş sursatları partlayıb, gəmiyə ciddi ziyan dəyib, ekipaj tamamilə təxliyə edilib”.

“Moskva” Rusiya qvardiyasının raket kreyseridir. Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara Dəniz Donanmasının yerüstü gəmilərinin 30-cu diviziyasının bir hissəsidir.

“Moskva” kreyserinin göyərtəsindəki əsas silah “Vulkan” raketləri hesab olunur. Hələ insan itkiləri və xəsarət alanlar barəsində rəsmi məlumat yayılmayıb.

Gəmi Nikolayevdəki gəmiqayırma zavodunda tikilib. Əvvəlcə “Slava”, 1996-cı ildə “Moskva” adlandırılıb.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 50-ci günü: yenilənən xəbərlər