Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 48-ci günü: yenilənən xəbərlər

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi. Foto: evan_huang/shutterstock

Zelenski körpələrin zorlanmasından danışıb: “Qorxuludur, amma doğrudur”

“Artıq Ukraynada rus işğalçıları tərəfindən azyaşlı qızlar, uşaqlar və hətta körpə də daxil olmaqla yüzlərlə zorlama faktı qeydə alınıb”.

Bunu Ukrayna Prezident Volodimir Zelenski Litva Parlamentinə müraciətində deyib.

V.Zelenski işğaldan azad edilən rayonlarında hərbi cinayətlərin qeydə alınması və araşdırılması istiqamətində işlərin davam etdirildiyini vurğulayıb.

V.Zelenski. Foto: Meydan TV

“Hər gün ölənlərin yeni kütləvi məzarları tapılır, insanların meyitləri hələ də qalır. Kanalizasiya quyularında və zirzəmilərdə də meyitlər tapılıb. Elə kəndlər var ki, orada yüzlərlə yetim uşaq qeydə alınıb, o cümlədən, azyaşlı qızlar və çox azyaşlı uşaqlar zorlanıb. İndi bu barədə danışmaq indanları qorxudur, amma dediklərim doğrudur”, – deyə prezident əlavə edib.

O hətta körpəyə qarşı cinayət törədən şəxsin artıq müəyyən edildiyini bildirib:

“Həmin hərbçi Pskovdan olan Bıçkovdur. Budur rusiyalı hərbçi, “uşaqların müdafiəçisi”. Budur Moskvada planlaşdırılan “xüsusi əməliyyat”. Budur “rus dünyası” uğrunda mübarizənin belə bir hekayəsi. Rusiya ordusu belədir. Mənə maraqlıdır, Rusiyanın müdafiə naziri və “xüsusi əməliyyatın” digər müəllifləri bu cür nəticələri necə qiymətləndirirlər”.


Putin: “Rusiya ilə Ukrayna arasında müharibə qaçılmaz idi”

“Ukraynadakı anti-Rusiya qüvvələri ilə toqquşma qaçılmaz idi, sadəcə, bu, zaman məsələsi idi”.

Bunu aprelin 12-də Rusiya Prezidenti Vladimir Putin “Vostok” kosmodromunun əməkdaşları ilə görüşdə deyib.

Onun sözlərinə görə, Ukrayna anti-Rusiya dayağına çevrilirdi: “Orada uzun müddət mövcud olan millətçilik və neonasizmin tumurcuqları böyüyürdü. Neonasizmin böyüməsi xüsusi olaraq artdı və Rusiyanın bu qüvvələrlə toqquşması qaçılmaz idi, onlar yalnız hücum üçün vaxt seçdilər”.

V.Putin. Foto: Meydan TV

V.Putin əlavə edib ki, sonrakı hadisələr Ukraynada neonasist ideyalarının necə dərinləşdiyini göstərdi: “Bu, aşkar faktdır. Neonasizm, təəssüf ki, bizə yaxın olan kifayət qədər böyük ölkədə həyat faktına çevrilib”.

“Xüsusi hərbi əməliyyatın məqsədlərinə çatmaqda Rusiya Donbas əhalisinə kömək edir, digər tərəfdən isə Rusiya özünün təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür. Aydındır ki, başqa seçimimiz yox idi. Heç bir şübhə yoxdur ki, xüsusi əməliyyatın məqsədlərinə nail olunacaq”, – deyə o, fikrini yekunlaşdırıb.


Qərb dövlətləri Rusiyanın kimyəvi silahdan istifadəsi barədə məlumatları araşdırır

Böyük Britaniya Mariupolda kimyəvi silahdan istifadə iddialarını araşdırdığını açıqlayıb.

Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Truss “Twitter” hesabında yazıb.
Nazirin sözlərinə görə, kimyəvi silahlardan istənilən şəkildə istifadə Putini və onun rejimini gözdən salacaq:
“Buna görə Putin rejimindən hesab istəyəcəyik”, -deyə nazir əlavə edib.

Ukraynalıə deputat İvana Klimpuş da “Twitter”-də “Rusiyanın Mariupolda naməlum maddədən istifadə etdiyini və insanlarda nəfəs darlığı olduğunu” deyə iddia edib.
O, ehtimal edib ki, kimyəvi silah istifadə olunub.

Bu barədə aprelin 11-də ilk dəfə Ukrayna xüsusi təyinatlılarının “Azov” Batalyonu “Telegram” kanalında məlumat paylaşmışdı.

Ukraynaya qarşı döyüşən Donetskdəki separatçı rus milislərinin nümayəndəsi Eduard Basurin də dünən Mariupolda kimyəvi silahdan istifadə ehtimalını gündəmə gətirib.

ABŞ, Rusiya, Ukrayna və Böyük Britaniya. Foto: Zwiebackesser/shutterstock

Ukrayna Prezidenti Volodimir Zelenski kimyəvi silahdan istifadə ilə bağlı iddialara toxunaraq, Qərbin Rusiyaya qarşı mövqeyini daha da sərtləşdirməli olduğuna işarə edib.

Mariupolun meri Vadim Boyşenko Rusiyanın intensiv hücumlarına məruz qalan şəhərdə 10 mindən çox dinc sakinin həyatını itirdiyini bildirib. Onun sözlərinə görə, şəhəri tərk edə bilməyən çoxlu sayda mülki Avropanın ən böyük obyektlərindən sayılan “Azovstal” dəmir-polad zavoduna sığınıb.

Qərb kimyəvi silahdan istifadəyə qarşı xəbərdarlıq edir

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi Rusiyanın kimyəvi silahdan istifadə etdiyinə dair hələlik heç bir təsdiqin olmadığını və onların iddia edildiyi kimi istifadə edildiyinin aşkarlanmasının çox narahat olacağını söyləyib. O, “bibər qazına kimyəvi maddələr əlavə edilərək istifadə edilməsi ehtimalının bu narahatlıqları təsdiqləyir”,- deyə əlavə edib.


““Nokia” Rusiyanı tərk edir”

Finlandiyanın “Nokia” şirkəti Rusiya bazarından çıxdığını elan edib.

Bu barədə şirkətin aprelin 12-də yaydığı press-relizdə bildirilir.

“Nokia”. Foto: Michael Vi/shutterstock

Şirkət Rusiyada bundan sonra fəaliyyət göstərməyin mümkünsüzlüyünü qeyd edib.

Bildirilir ki, şirkət Rusiyadan çıxış zamanı işçilərinin təhlükəsizliyini və rifahını prioritet hesab etməkdə davam edir.


Yaponiya Rusiyaya qarşı sanksiya siyahısını açıqlayıb

Yaponiya hökuməti aprelin 12-də Rusiyadan 398 nəfər şəxsə və 28 təşkilata qarşı əlavə sanksiyalar tətbiq edib.

Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Siyahıda Rusiya Dövlət Dumasının deputatları, Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı Nikolay Evmenov, Quru Qoşunlarının Ali Baş Komandanı Oleq Salyukov, Hərbi Hava Qüvvələrinin komandanı Sergey Dronov və digər şəxslərina da yer alıb.

Rusiya-Yaponiya. Foto: motioncenter/shutterstock

Eyni zamanda, Prezident V.Putinin və xarici işlər naziri S.Lavrovun yaxınlarına da sanksiya tətbiq edilib.

“Bundan əlavə, mayın 12-dən etibarən “Sberbank” və “Alfa-Bank”ın aktivləri dondurulur və Rusiya Federasiyasında yeni investisiyalara qadağa qoyulub”,- deyə bəyanatda qeyd olunub.


“Ukraynanın 32 hərbi obyekti vurulub”

Rusiya Müdafiə Nazirliyi Krım bölgəsində Ukraynaya məxsus pilotsuz təyyarəsini vurduğu haqda məlumat yayıb.

Nazirlik Bayraktar tipli PUA-nı məhv etdiyini açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi, Foto: https://militaryarms.ru/

“Gecə saatlarında Xmelnitski rayonundakı Starokonstantinov hərbi aerodromunda sursat anbarı və Ukrayna təyyarələri ilə mühafizə olunan anqar, həmçinin Kiyev vilayətinin Qavrilovka kəndi yaxınlığındakı sursat anbarı məhv edilib”, – nazirliyin rəsmisi İqor Konaşenkov belə deyib.

O bildirib ki, Rusiya Aerokosmik Qüvvələrinin operativ-taktiki aviasiyası Ukraynanın 32 hərbi obyektini vurub.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 48-ci günü: yenilənən xəbərlər