Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 114-cü günü: yenilənən xəbərlər

Ukrayna, Xarkov. Foto: Reuters

Qazaxıstan Luqansk və Donetskinin “müstəqilliyini” tanımaqdan imtina edib

Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Kremlin nəzarətində olan “LDNR”nin “müstəqilliyini” tanımaqdan imtina edərək, bu “respublikaları” “kvazi-dövlət əraziləri” adlandırıb.

Qazaxıstanın dövlət başçısı bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda danışıb. Forumda Rusiya lideri Vladimir Putin də iştirak edib.

Kasım-Jomart Tokayev BMT-nin nizamnaməsini xatırladaraq əlavə edib ki, dövlətin ərazi bütövlüyü və millətin öz müqəddəratını təyin etmək hüququ nəzərə alınmasa, dünyada 193 deyil, 500 və ya 600-dən çox dövlət olacaq:

Foto: RBC-dən screenshot

“Bu isə xaos yaradacaq. Bu səbəbdən Qazaxıstan nə Kosovonu, nə Tayvanı, nə Abxaziyanı, nə də Cənubi Osetiyanı tanıyır. Bu prinsip Luqansk və Donetsk olan kvazi-dövlət ərazilərinə də şamil olunacaq”.

Tokayev həmçinin qeyd edib ki, Qazaxıstan Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatına” fərqli münasibət bəsləyir:

“Çünki Qazaxıstanda açıq cəmiyyət formalaşıb”.


Boris Conson Kiyevə gəlib

Böyük Britaniyanın Baş naziri Boris Conson iyunun 17-də Kiyevə gəlib. Bu, 24 fevraldan sonra onun Ukrayna paytaxtına ikinci səfəridir.

Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak “Telegram” kanalında məlumat paylaşıb.

“Baş nazirlə ağır silahların və hava hücumundan müdafiə sistemlərinin tədarükü zərurəti, iqtisadi dəstək, Rusiyaya sanksiya təzyiqinin artırılmasını müzakirə etdik”, – deyə Yermak bildirib.

Ukrayna dövlət başçısı Volodimir Zelenski Boris Consonla ölkəsinin hava hücumundan müdafiə vasitələri ilə təminat məsələsini müzakirə olunduğunu və bu istiqamətdə hərəkətin başladığını qeyd edib.

V.Zelenski qeyd edib ki, danışıqlar mümkün qədər substantiv olub və mühüm detalları əhatə edib.

Mənbə: Ukrayna Prezident Ofisi

“İlk növbədə, iki vacib məsələni – müdafiə və təhlükəsizlik müzakirə olundu. Biz cəbhə xəttindəki hazırkı vəziyyət barədə müzakirə apardıq. Xüsusilə ağır silahların tədarükünün artırılmasının zəruriliyindən danışdıq. Həm də bu gün əsas məsələ Ukraynanın hava hücumundan müdafiəsini təmin etməkdir. Biz bu istiqamətdə irəliləməyə başlamışıq”, – deyə prezident bildirib.

Öz növbəsində Böyük Britaniyanın Baş naziri Boris Conson bildirib ki, London Ukraynanın strateji dayanıqlığının yaradılmasına sadiqdir və dəstəyi davam etdirməyə hazırdır:

“Ukraynaya hücumun 114 günü ərzində Rusiya ilk həftələrdə qarşısına qoyduğu məqsədlərə hələ nail olmayıblar. London Putin rejiminə qarşı sanksiyaların sərtləşdirilməsinə çalışacaq, Ukraynaya dəstək üçün bütün dünyada diplomatik koalisiyanı gücləndirəcək”.

“Biz ukraynalıların istədiklərini edə bilmələri üçün silahlarla təmin etməyə, bu silahlardan istifadə üzrə təlim verməyə hazırıq. Elə bir məqam gələcək ki, gələcək haqqında danışmaq lazım gələcək və bu, artıq azad Ukrayna kontekstində olacaq”,-deyə Conson söyləyib.

Boris Conson Volodimir Zelenskinin və ukraynalıların Vladimir Putinlə niyə hər hansı güzəştə getməyə hazır olmadığını başa düşdüyünü bildirib:

“Çünki Ukrayna əziyyət çəkir”

Dünən Almaniya, Fransa, Rumıniya və İtaliya liderləri Kiyevə səfər edərək, Avropa ictimaiyyətini Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləməyə çağırıblar.


Ukrayna Rusiya vətəndaşlarına viza rejimi tətbiq edəcək

Ukrayna iyulun 1-dən Rusiya vətəndaşlarının ölkəyə girişi üçün viza rejimi tətbiq edir.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat yayıb.

Rusiya-Ukrayna. Svetlana Turchenick/shutterstock

V.Zelenski yazıb ki, milli təhlükəsizliyə, suverenliyə və ərazi bütövlüyünə misli görünməmiş təhdidlərə qarşı mübarizə çərçivəsində Nazirlər Kabinetinə Rusiya vətəndaşlarının Ukrayna ərazisinə girişi rejiminə yenidən baxılması məsələsini işləyib hazırlamağı təklif edib.

“Hökumət bu mühüm qərarı – “Ukrayna ilə Rusiya arasında vətəndaşların vizasız gediş-gəlişi haqqında Sazişin və ərizənin ləğvi haqqında” qərar qəbul etməlidir”, – deyə prezident vurğulayıb.


Avropa Komissiyasından Aİ-yə Ukrayna və Moldovaya ilə bağlı tövsiyə

Avropa Komissiyası Ukrayna və Moldovaya Avropa İttifaqına üzvlüyə namizəd statusunun verilməsini tövsiyə edib.

Bu barədə Komissiyanın Prezidenti Ursula von der Leyen iyunun 17-də keçirdiyi mətbuat konfransında danışıb.

Prezident Ukrayna və Moldovanın Avropa perspektivinə layiq olduqlarını qeyd edib. Ancaq o bildirib ki, hər iki ölkədə bəzi boşluqların aradan qaldırılması üçün islahatların aparılmasına ehtiyac var.

Ursula fon der Leyen. Foto: Alexandros Michailidis/shutterstock

Gürcüstana gəlincə isə Ursula deyib ki, Tbilisi struktur islahatlar aparmaq və Avropa İttifaqına aydın yol hazırlamaq üçün siyasi cəhətdən bir araya gəlməlidir.

“Komissiya Gürcüstana namizəd statusu təqdim etməzdən öncə ölkənin bir sıra şərtlərə necə cavab verdiyinin qiymətləndirilməsini tövsiyə edir”, – Ursula von der Leyen belə deyib.

İyunun 16-da Kiyevdə Volodimir Zelenski ilə görüşdən sonra Almaniya, İtaliya, Rumıniya və Fransa liderləri Ukrayna üçün “dərhal” Aİ-yə namizəd statusunun verilməsinə çağırıblar.


“Mariupolu 350 minə yaxın insan tərk edib”

“Fevraldan aprelin sonuna qədər Mariupol Ukraynada ən ölümcül yer idi”.

Bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet deyib.

“Bu günə kimi biz Mariupoldakı döyüşlər zamanı 1348 mülki şəxsin, o cümlədən 70 uşaq öldüyünü təsdiqləmişik. Bu ölümlər hava hücumları, tank və artilleriya atəşi, küçə döyüşləri zamanı atıcı və yüngül silahlardan istifadə nəticəsində baş verib. Döyüşlər nəticəsində ölən mülki əhalinin faktiki sayı, yəqin ki, minlərlədir”, – Mişel Baçelet belə deyib.

Mariupol. Foto: Reuters

Onun sözlərinə görə, təhlükəsizlik vəziyyətinə görə Mariupola daxil ola bilməyən BMT müşahidəçiləri şəhəri tərk etmiş insanlardan və peyk görüntülərindən məlumat toplayıblar.

İnsan Hüquqları üzrə Ali Komissarlığın hesablamalarına görə, şəhərdəki yaşayış binalarının 90 faizə qədəri zədələnib və ya dağılıb: “350 minə yaxın insan şəhəri tərk etmək məcburiyyətində qalıb”.


Nikolayev şəhəri raket atəşinə tutulub

İyunun 17-də səhər saatlarında rus qoşunlarının Nikolayevə raket hücumu nəticəsində evlərə ziyan dəyib, ölən və yaralananlar olub.

Bu barədə Nikolayev vilayətinin hərbi administrasiyasının rəhbəri Vitali Kim “Telegram” səhifəsində məlumat yayıb.

Ukrayna, Mənbə: “Telegram”

Onun sözlərinə görə, raket hücumu nəticəsində 4 mərtəbəli bina və bir infrastruktur obyekti zədələnib.

“Hələlik bir nəfərin öldüyü məlumdur, altı nəfər yaralanıb – onlardan biri uşaqdır”, – deyə Vitali Kim əlavə edib.

Rusiyanın daha bir gəmisi vuruldu

İyunun 17-də Ukrayna ordusu “Harpoon” raketləri ilə Qara dənizdə Rusiyanın “Vasili Bex” xilasedici gəmisini vurub.

Bu barədə Odessa Regional Hərbi Administrasiyasının sədri Maksim Marçenko öz “Teleqram” kanalında məlumat paylaşıb.

Mənbə: Facebook

“İlan adasına silah və şəxsi heyət daşıyan gəmiyə “Harpoon” raketi ilə zərbə endirilib. Gəmi döyüş sursatı, silah, şəxsi heyət və TOR hava hücumundan müdafiə sistemini İlan adasına daşıyarkən vurulub”, – deyə Marçenko yazıb.

57 metr uzunluğu, 14 metr eni olan 1670 tonluq gəmi 2016-cı ildə suya buraxılmışdı.

Rusiyanın rəsmi orqanları gəminin vurulması haqda hər hansı məlumat yaymayıblar.


“Coca-Cola” Rusiyanı tərk edir

“Coca-Cola HBC” Rusiyada məhsullarının istehsalını və satışını dayandıracağını açıqlayıb. Amma bu, şirkətin və onun müştərilərinin Rusiyadakı mövcud mal ehtiyatları tükəndikdə baş verəcək.

Bu barədə “Reuters” məlumat yayıb

Hazırda şirkətin ehtiyatlarının artıq başa çatmaq üzrə olduğu bildirilib.

Mənbə: Reuters

“Coca-Cola HBC” (həmçinin Coca-Cola Hellenic kimi də tanınır) Rusiyada təkcə Coca-Cola içkisini deyil, həm də Sprite, Fanta, Powerade, BonAqua, Schweppes, Fuzetea, Burn və enerji içkiləri brendləri altında mallar istehsal edir və satır.

Şirkətin saytında bildirilir ki, “Coca-Cola HBC”-in Rusiyada on zavodu, o cümlədən, Moskva və Moskva vilayəti, Sankt-Peterburq, Samara, Rostov-na-Donu, Vladivostok, Yekaterinburq, Novosibirsk və Krasnoyarskda müəssisələri fəaliyyət göstərir.

Şirkətin baş ofisi İsveçrənin Zuq şəhərində yerləşir.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 114-cü günü: yenilənən xəbərlər