“Gennadi Burbulisin ölümünün səbəbləri araşdırılır” (yenilənib)

G.Burbulis. Mənbə: İntefax

Azərbaycan Prezidentinin Administrasiyası Rusiyanın keçmiş dövlət katibi Gennadi Burbulisin cənazəsinin vətəninə çatdırılmasına köməklik göstərir.

Bunu Rusiyanın “ura.ru” saytına Burbulisin köməkçisi Aleksandr Kriçevski bildirib.

O deyib ki, Gennadi Burbulislə vidalaşma mərasiminin nə vaxt olacağı hələ ki məlum deyil:

“Məsələ hələ də meyitin Bakıdan çıxarılmasıdır. Yəni meyitin yarılması, sənədləşməsi, daşımasına icazəsi olmalıdır… Həmçinin ölümün dəqiq səbəbləri müəyyən edilməlidir. Hazırda bu məsələlərlə Azərbaycan Prezident Administrasiyası və Rusiya səfirliyi məşğul olur”.

Aleksandr Kriçevski Gennadi Burbulisin Moskvada dəfn olunacağını söyləyib:

“Gennadi Eduardoviç sağlığında heç bir arzu ifadə etməyib”.


Andrey Markov onun ölümünü “gözlənilməz” sayır

Rusiyanın keçmiş dövlət katibi və Baş nazirinin birinci müavini, 77 yaşlı Gennadi Burbulis iyunun 19-da Bakıda vəfat edib.

Gennadi Burbulisin mətbuat katibi Andrey Markov “İnterfaks”a açıqlamasında sabiq məmurun vəfatını “gözlənilməz” adlandırıb.

“O, xəstə deyildi, özünü əla hiss edirdi və sadəcə olaraq “Qlobal dünya düzəninə təhlükə” məsələsinin müzakirə edildiyi IX Qlobal Bakı Forumunda iştirak edirdi”, – deyə Markov əlavə edib.

“Turan” G.Burbulisin hotelin saunasında öldüyünü yazıb.

Gennadi Burbulis Rusiyanın sabiq prezidenti Boris Yeltsinin hakimiyyəti illərində dövlət katibi və Baş nazirin müavini vəzifələrində çalışıb.

O, SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovejskaya müqaviləsini hazırlayanlardan olub.

Gennadi Burbulis 1993-2001-ci illərdə Rusiya Dövlət Dumasının deputatı olub və Novqorod vilayətinin vitse-qubernatoru vəzifəsində işləyib.

2007-ci ildə Federasiya Şurası G.Burbulisin səlahiyyətlərinə xitam verdi.

G.Burbulis Bakıda olarkən “haqqın.az” saytının “SSRİ-nin bərpa olunması mümkündürmü” sualına: “Bu, cəfəngiyyat və utopiyadır. SSRİ-ni bərpa etmək mümkün deyil!”, – deyə qısa cavab verib.

Ana səhifəXəbərlər“Gennadi Burbulisin ölümünün səbəbləri araşdırılır” (yenilənib)