Ukrayna Silahlı Qüvvələrinin komandanlığı hələlik Kuraxovonun itkisini təsdiqləməyib
Yanvarın 6-da Ukrayna ordusunun Kursk vilayətində hücumlara davam etdiyi vaxtda Rusiyanın Kuraxovo şəhərini tutduğu bildirilir.
Rusiya Müdafiə Nazirliyi şəhərə tam nəzarət edildiyini bildirir.
İddia olunur ki, Kuraxovonu Ukrayna Silahlı Qüvvələrinin ümumi sayı 15 mindən çox hərbçi olan 26 batalyon müdafiə edib.
Kuraxovo uğrunda döyüşlər təxminən dörd aya yaxın davam edirdi.
Ukrayna Silahlı Qüvvələrinin komandanlığı hələlik Kuraxovonun itkisini təsdiqləməyib.
“Reuters” xəbər agentliyinin təqdim etdiyi görüntülərdə Kuraxovoda Rusiya bayrağı tutan bir əsgərin olduğu görünür.
Görüntü BBC tərəfindən təsdiqlənməyib.
Ukraynanın “Xortitsa” əməliyyat-strateji qoşun qrupunun sözçüsü Viktor Trequbov “Reuters” ə bildirib ki, bazar ertəsi səhər saatlarından etibarən Ukrayna qüvvələri hələ də Kuraxovoda rus qoşunlarına qarşı döyüşür.
Kuraxovo Pokrovsk ilə cəbhə xətti boyunca qoşunların və təchizatların hərəkəti üçün önəmli yol infrastrukturudur.
Siyasi təhlilçi Roman Poqoreli deyib ki, Kuraxovonun alınması ruslara Pokrovska yeni istiqamətdən hücum etmək üçün şimala irəliləməyə imkan verəcək.
Rusiyanın Müdafiə Nazirliyi yanvarın 6-da Pokrovskdan təxminən 8 km cənubda yerləşən Daçenske kəndinin də ələ keçirildiyini iddia edib.
Bildirilir ki, Kiyev canlı qüvvə çatışmazlığından əziyyət çəkir və son aylarda Rusiya qoşunları irəlilədikcə Ukrayna şərqdə mövqelərini itirir.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.