Avropa Rusiya enerjisindən imtina edərsə, ölkə iqtisadiyyatına ağır zərbə olacaq
“Rusiyanın iqtisadi tənəzzülü 15 illik qazancını siləcək”.
Beynəlxalq Maliyyə İnstitutunun (IIF) fevralın 24-də Moskvanın Ukraynaya müdaxiləsindən sonra Rusiya iqtisadiyyatı ilə bağlı hazırladığı hesabatında belə bildirir.
İnstitut yaxın zamanlarda müharibədə atəşkəsin gözlənilmədiyini ehtimal edir və bildirir ki, sanksiyalar yaxın aylarda genişlənəcək və daha da sərtləşəcək.
Hesabatda bildirilir ki, Rusiya iqtisadiyyatı bu il 15 faiz, 2023-cü ildə isə 3 faiz kiçiləcək. Çünki Qərbin sanksiyaları, şirkətlərin ölkəni tərk etməsi, Rusiyadan olan “beyin axını” və ixracın iflası 15 illik iqtisadi qazancları silib.
Beynəlxalq Maliyyə İnstitutunun baş iqtisadçısının müavini Elina Ribakova iyunun 8-də jurnalistlərə açıqlamasında bildirib ki, işğaldan sonra Qərbin sanksiyaları Rusiyanın 30 illik investisiyasının tam dağılmasına səbəb olub.
“15 illik dəyər zəncirlərini parçalamaq üçün qoyacağınız rəqəm nə qədər olacaq?” – deyə, iqtisadçı sual edir.
O əlavə edir ki, Avropa Rusiyadan enerji ixracından tam imtina edərsə, ortamüddətli perspektivdə bu ölkənin iqtisadiyyatı daha da ağır zərbə alacaq.
Birləşmiş Ştatlar, Avropa ölkələri və digər müttəfiqlər Rusiyanı cəzalandırmaq və Moskvanın müharibə maşınının maliyyələşdirilməsinə mane olmaq məqsədi ilə genişmiqyaslı sanksiyalar tətbiq ediblər. Lakin Rusiya iqtisadiyyatı kəskin şəkildə yavaşlasa və əhalinin xərcləmə qabiliyyəti azalsa da, neft və qaz qiymətlərindəki artım son aylarda ölkənin cari əməliyyatlar balansının profisitini rekord səviyyəyə qaldırıb.
Ribakova isə bildirir ki, profisit, eləcə də ilkin çöküşdən sonra rublun yenidən qalxması, Rusiya iqtisadiyyatının gözlənildiyindən daha yaxşı dayandığını düşünmək kimi səhvə yol verməməlidir: “İdxalın azalması ilə Rusiya bankları valyuta ehtiyatları ilə dolu olsa da, bizneslərin və istehlakçılarının bu pulu xərcləyəcək yerləri yoxdur. Məncə, sanksiyaların təsiri zaman keçdikcə daha da ağırlaşacaq, xüsusən də Avropa neft və qaz idxalını əhəmiyyətli dərəcədə azaltsa. Bu, illərlə olmasa da, ən azı aylar çəkəcək”.
IIF 2022-ci ildə Rusiyanın ümumi əsas kapitalının formalaşmasının 25 faiz, idxalının 28 faiz və ixracının 25 faiz azalacağını proqnozlaşdırır.
“Fevralın sonundan bəri atılan önəmli addımlara baxmayaraq, biz eskalasiya nərdivanının zirvəsindən çox uzağıq”, – IIF müəllifləri bildirir.
Kiyevə səfərindən təzəcə qayıdan Ribakova həmçinin bildirib ki, yenidənqurma xərclərinə çox diqqət yetirildiyi halda, müharibə onun iqtisadiyyatına zərbə vurduğu üçün Ukrayna tədiyyə balansı böhranının astanasındadır.
“Ukraynaya indi dəstək lazımdır”, – o deyib.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.