Rusiyanın Ermənistan-İran sərhədindən çəkilməsinin Azərbaycana təsiri

Rusiya-Ermənistan. Foto: Fly Of Swallow Studio/shutterstock

Rusiya Ermənistana nəyin müqabilində güzəşt edir?

2025-ci ilin yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan və İran sərhədindəki keçid məntəqəsində xidmətini dayandıracaq.

Bu barədə oktyabrın 8-də Rusiyanın Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Moskva görüşündə razılığa gəliblər.

Məlumatı Ermənistan hökumətinin mətbuat xidmətinin rəhbəri Nazeli Bağdasaryan yayıb.

Azadlıq Radiosunun Rusiya xidmətinin yazdığına görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) Ermənistandakı sərhəd idarəsinə dörd sərhəd dəstəsi daxildir – Gümrü, Armavir, Artaşat və Mehri.

Qeyd olunub ki, Nikol Paşinyan görüşdə “Dünyanın kəsişməsi” proqramını təqdim edib. Bu, Yerevanın təklif etdiyi, Ermənistanın Sünik rayonu ərazisindən keçən və Azərbaycanı onun eksklavı – Naxçıvan Muxtar Respublikası ilə birləşdirən Zəngəzur nəqliyyat dəhlizinə alternativdir.

Plana görə, Ermənistan, Türkiyə, Azərbaycan və İran ərazisindən keçən nəqliyyat kommunikasiyaları Rusiyanın iştirakı olmadan hər bir ölkənin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcək.

Putin, Paşinyan və Əliyev
Foto: Meydan TV

Oktyabrın 8-də Kremlin sözçüsü Dmitri Peskov yerli mediaya deyib ki, Rusiya Prezidenti İlham Əliyev və Nikol Paşinyanla Zəngəzur dəhlizi məsələsini müzakirə edib.

“Turan”ın yazdığına görə, Zəngəzur dəhlizinin Rusiya sərhəd qoşunları tərəfindən mühafizəsi məsələsi gündəmdən çıxarılır. Bu isə Bakı ilə təhlükəsizlik rejimilə bağlı danışıqlarda Yerevanın mövqeyini gücləndirə bilər.

Politoloq İlqar Vəlizadə Meydan TV-yə deyib ki, bu suala birmənalı cavab vermək və məsələyə bir baxış bucağından yanaşmaq çətindir:

Bir çox məqam var ki, onda özünü ehtiva edir. Nəzərə alın ki, İranın da baş verənlərə təsiri qalır. Çünki Tehran son vaxtlar Zəngəzur dəhlizinə çox maraq göstərirdi. İranı qıcıqlandıran o idi ki, dəhlizə eks-territorial status verilə bilər və burada da Rusiyanın əsas rolu göz önündəydi”.

İlqar Vəlizadə
İlqar Vəlizadə. Mənbə: arxiv

İndi Rusiya obrazlı desək, “bir güllə ilə iki dovşan” vurmaq istəyir. Bir tərəfdən də İranın narazılığını aradan qaldırmaq istəyir. Şoyqunun son Tehrana səfəri sıradan bir şey deyildi. Aparılan danışıqlarda söhbət yalnız Yerevanın maraqlarından getmir, guya Ermənistanın subyektliyi artır, halbuki, bu, danışıqlarda onuncu sıradadır. Məncə, güzəşt var, yəni Rusiya Ermənistan üçün güzəşt edir, amma əvəzində nə alır, bu, açıqlanmır. Yəqin ki, yaxın aylarda, həftələrdə məlum olacaq”, – siyasi şərhçi deyib.

İlqar Vəlizadə xatırladıb ki, Rusiya hökumətinin rəsmisi Overçuk Moskvanın mövqeyinin dəyişmədiyini və onların iştirakı olmadan kommunikasiyaların açılmayacağını deyib:

“Bu, Yerevanın Moskvanın hansısa şərtlərini qəbul etdiyini göstərir, amma konkret hansı şərtləri, onu demək çətindir. Bir daha təkrar edirəm, Rusiyanın asan şəkildə sərhədi tərk edəcəyi inandırıcı deyil”.

Bu razılaşmanın Azərbaycana təsirinə gəlincə, İlqar Vəlizadə hesab edir ki, təsiri olacaq:

“Məncə, Ermənistan maneə rolunu oynayır. Amma bu məsələdə Türkiyənin də maraqları var, amma bu maraqların nə dərəcədə ifadə olunmasını vaxt göstərəcək. Kommunikasiyalar açılsa, Bakının da maraqlarının təmin olunduğunu demək olar. Lakin hansı formada olduğunu söyləmək yenə çətindir, gözləmək lazımdır”.

Analitik Əhməd Əlili isə hesab edir ki, informasiya fərqli məzmunda, Yerevanın maraqlarına piar şəklində yayılıb, əslində, Rusiya qoşunları Ermənistan-İran sərhədini tərk etmir, burada söhbət yoxlama məntəqələrindəki heyətdən gedir:

Əhməd Əlili. Foto: Meydan TV

“Eyni formada Yerevanın “Zvartnots” hava limanında da addımlar atıldı. Amma Rusiyanın qoyduğu sistem qaldı, sadəcə, həmin sistemi Ermənistan hökumətinin təyin etdiyi şəxslər idarə edəcək. İndi də İran-Ermənistan, Türkiyə-Ermənistan sərhədi boyunca Rusiya sərhədçiləri hərbi kontingent kimi qalır. Düzdür, Rusiya qoşunlarının çıxması Yerevan üçün uğur sayıla bilərdi. Məsələ ondadır ki, Rusiya-Ukrayna savaşı bitən kimi Kreml Cənubi Qafqazda itirdiyi mövqeləri çox asanlıqla bərpa edə bilər”.

Əhməd Əlilinin sözlərinə görə, Zəngəzur dəhlizi Rusiyanın qoşunları məntəqələrdə olmadan da fəaliyyət göstərə bilər:

Ancaq Avropa şirkətləri təhlükəsizliyi təmin etsə də, Rusiya qoşunları sərhəd boyu qaldıqca, onların təxribat törətmək imkanları da qalacaq. Rusiya qoşunları hər an sübut edə biləcəklər ki, dəhlizin fəaliyyəti onlarsız mümkün deyil. Azərbaycan tərəfi bunu nəzərə alır və önə çəkir”.

Moskva və Yerevan 1992-cü ilin sentyabrında Rusiyanın Ermənistandakı sərhəd qoşunlarının statusu haqqında saziş bağlayıb. Müqaviləyə əsasən, Yerevan Rusiyaya Ermənistanın Türkiyə və İranla sərhədinə nəzarət etmək səlahiyyəti verib.

2024-cü ilin iyulun 31-də Yerevanın “Zvartnots” hava limanında Rusiya sərhədçiləri xidməti başa vurub.

2020-ci ilin noyabrında imzalanmış üçtərəfli sazişə əsasən, Zəngəzur dəhlizində nəqliyyat kommunikasiyaları FTX sərhəd qoşunlarının iştirakı ilə həyata keçirilməlidir. Amma Nikol Paşinyan hökuməti bununla razılaşmır. Onun bildirdiyinə görə, ötən 4 ildə vəziyyət dəyişib, artıq Laçın dəhlizi də yoxdur və ermənilər də Qarabağı tərk edib.

Ana səhifəSiyasətRusiyanın Ermənistan-İran sərhədindən çəkilməsinin Azərbaycana təsiri