“Biz artıq hər yerdə daim düşmən axtarmaqdan yorulmuşuq”
Fevralın 24-də Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlardan sonra bir çox rus sənətçi və ictimaiyyət nümayəndəsi baş verənlərə səssiz qalmayıb.
Onlar istifadəçisi olduqları sosial şəbəkələr vasitəsilə müharibəyə qarşı çıxdıqlarını elan ediblər.
Əksəriyyət bu vəziyyətdə kimin günahkar olduğuna dair mühakimə yürütmədən sülhə çağırış edib.
Aralarında baş verənlərə görə açıq şəkildə Rusiya rəhbərliyini günahlandıranlar da var.
2017-ci ildə Rusiya prezidentliyinə namizədliyini irəli sürən, teleaparıcı və aktrisa Kseniya Sobçak baş verənlərə biganə qalmayıb.
“Bu gün səhər 6-da məni yuxudan oyatdılar ki, müharibə başlayıb. Biz ruslar bu günün əziyyətini hələ uzun illər çəkəcəyik. Optimist insan olsam da, bundan sonra ən pis ssenarilərə inanacağam. Baxmayaraq ki, indi Rusiyada qalanların hamısı optimistdir”, – Sobçak yazıb.
Rusiyanın xalq artisti, gürcü əsilli müğənni Valeri Meladze videomüraciətində hakimiyyəti hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına əyləşməyə çağırıb.
Ukraynanın əməkdar artisti, müğənni Svetlana Loboda “İnstagram”da ölkənin bayrağını paylaşaraq, müharibənin dayandırılmasını xahiş edib.
Rusiyalı teleaparıcı, komediya aktyoru Maksim Qalkin sosial şəbəkə hesabında post paylaşaraq, “Müharibəyə haqq qazandırmaq olmaz”, -deyərək, baş verənlərə etirazını bildirib.
Teleaparıcı, aktyor İvan Urqant da “Müharibəyə yox!” deyənlər siyahısında yer alıb.
Əməkdar artist Kristina Orbakayte də hadisələrə biganə qalmayıb.
Rusiyanın “Eurovision-2021” təmsilçisi Manija “İnstagram”ında “Rusiya və Ukrayna sadəcə iki ölkə deyil. Biz qohumuq. Aramızdakı istənilən müharibə qardaş qırğınıdır”, -qeydini yazıb.
Rusiyanın “Порнофильмы” pank-qrupu isə Prezident Vladimir Putinə açıq məktub ünvanlayıb.
“Hərbi təcavüz, imperiya ambisiyalarını reallaşdırmağa çalışan Vladimir Putinin şəxsi təşəbbüsüdür. Biz artıq hər yerdə daim düşmən axtarmaqdan yorulmuşuq”, – qrup üzvləri bildirib. Onlar belə gərgin anlarda susmamağın vacibliyini qeyd ediblər.
Əslən Qərbi Ukraynadan olan Hollivud aktrisası Vera Farmiqa sosial şəbəkə hesabındakı paylaşımları ilə diqqət çəkib.
“Ukraynanın şöhrəti və azadlığı hələ ölməyib. Tale üzümüzə güləcək, gənc qardaşlar. Azadlığımız üçün canımızı, bədənimizi fəda edəcəyik”- aktrisa yazıb.
Vladimir Mayakovski adına Moskva Akademik Teatrının rəhbərliyi isə truppaya Ukraynadakı hərbi əməliyyatların şərhini qadağan edib.
Mesajın “skrinşot”unu rusiyalı kino və teatr aktyoru Makar Zaporojski “İnstagram”ında yerləşdirib.
“Teatr rəhbərliyi çox xahiş edir, Ukraynadakı hərbi əməliyyatların gedişi ilə bağlı hər hansı şərh verməkdən çəkinin. Əks halda, hər hansı neqativ fikir vətənə xəyanət kimi qiymətləndiriləcək”, – məlumatda deyilir.
Fevralın 21-də axşam saatlarında Rusiya Prezidenti Vladimir Putin separatçıların nəzarətində olan “Donetsk Xalq Respublikası” (“DXR”) və “Luqansk Xalq Respublikası” (“LXR”) adlı qurumları tanıyıb, həmin ərazilərə ordu yeridib.
Fevralın 24-də Rusiya Ukraynanın Donbas bölgəsində genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.