Rusiyalı hakerlərin Ermənistan hökumətinin məlumat bazasına hücum etdiyi bildirilir

Xaker. Foto: Shutterstock

Hakerlərin pul tələb etdiyi haqda iddia var

Rusiyalı hakerlərin Ermənistan hökumətinin idarə etdiyi məlumat bazasını sındırdığı bildirilir.

“OC Media” yazır ki, Rusiya ilə münasibətlərin pisləşməsi davam etdiyi üçün Ermənistan əvvəllər də rus hakerlərinin bir sıra kiberhücumlarının hədəfinə çevrilib.

Hücumla bağlı xəbərlər ilk dəfə çərşənbə günü ortaya çıxıb. “Azadlıq” radiosu FTP kod ötürmə sistemindən istifadə edərək verilənlər bazasına uğurla sızdığını deyən rus haker qrupu tərəfindən idarə olunduğu iddia edilən xüsusi, əlçatmaz kanaldakı “Telegram” postuna istinadən məlumat yayıb.

“Məlumat bazası bizim ixtiyarımızdadır”, -hakerlər deyib.

Bildirilir ki, qrupun hökumətdən növbəti 48 saat ərzində onlara 2,5 milyon dollar köçürməsini tələb edib, əks halda məlumat bazasını məhv edəcəklərini deyiblər.

Həmin gün axşam saatlarında Baş nazirin Ofisindən “Armenpress”-ə bildirilib ki, aidiyyatı orqanlar bu xəbərlərin həqiqiliyini yoxlayır və “hazırda onların heç bir təsdiqi yoxdur”.

Erməni vətəndaş cəmiyyətini, jurnalistləri və müstəqil medianı dəstəkləyən kibertəhlükəsizlik üzrə ekspertlər qrupundan ibarət CyberHub-ın həmtəsisçisi Artur Papyan “OC Media”ya bildirib ki, Rusiyanın “Cyber​​​​Wolves” qrupu hücuma görə məsuliyyəti öz üzərinə götürüb və istədikləri pulun məbləğini 30 min dollara endirib.

Papyan və digər CyberHub əməkdaşlarının nəzərdən keçirdiyi məlumatlara əsasən, qrup redaktə edilməmiş hökumət görüntülərinə, yarı-ictimai girişi təmin edən hökumət FTP serverinə müdaxilə edib.

İyun ayında bir neçə dövlət saytı, o cümlədən Milli Təhlükəsizlik Xidməti, polis, baş nazirin və Prezidentin rəsmi saytları, Ermənistanın Ukraynadakı səfirliyi Rusiyanın Xalq Kiber Ordusu tərəfindən hücuma məruz qalıb.

“Bu hücumlar siyasi motivli görünür və Ermənistanın Qərb yaxınlaşmasına, Rusiya ilə ənənəvi əlaqələrdən uzaqlaşmasına yönəlib”, – deyə CyberHub həmin vaxt bildirib.

“Bu qrup ilk növbədə “Telegram” kanalları vasitəsilə fəaliyyət göstərir, burada tərəfdaşları dəvət edir, onları lazımi alətlər və üsullarla təmin edir və hücumlarını koordinasiya edir. Onlar DDoS hücum proqramını yükləmək, quraşdırmaq və konfiqurasiya etmək üzrə ətraflı təlimatlar təklif edirlər ki, bu da onların kampaniyalarında geniş iştiraka təkan verir”, – CyberHub izah edib.

CyberHub, həmçinin Rusiya Xalq Kiber Ordusunun Ukrayna, Estoniya və Gürcüstanda digər ölkələrlə yanaşı, müxtəlif əhəmiyyətli kiber insidentlərdə iştirak etdiyini, “onların hərəkətlərinin geosiyasi gərginlikdən qaynaqlandığını, çox vaxt Rusiyanın düşməni hesab edilən ölkələr və təşkilatları hədəf aldığını” bildirib.

Ermənistana gəldikdə isə qrup bu hücumların Ermənistanın Rusiya ilə tarixi əlaqələri gücləndirməməsi və Qərb dövlətləri ilə getdikcə yaxınlaşması, o cümlədən Ermənistanın KTMT-dən çıxma ehtimalı və Ermənistan hökumətinin Ukraynaya dəstək verməsi ilə bağlı olduğunu bildirib.

Onlar həmçinin “Vətən üçün Tavuş” anti-hökumət hərəkatını dəstəklədiklərini bildiriblər.

Ermənistan hökumətinin internet saytları, eləcə də banklar və telekommunikasiya operatorları bu il bir sıra kiberhücumlarla üzləşiblər və CyberHub iddia edir ki, bunların hamısı Rusiya və ya Rusiya ilə əlaqəli qruplar tərəfindən həyata keçirilib.

Bu son kiberhücum Paşinyan Rusiyanın rəhbərlik etdiyi KTMT-ni “Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhdidlər yaratmaqda” ittiham etdiyi gün baş verib.

Moskva bu iddiaları rədd edib, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, təhlükəsizlik bloku “üzv dövlətlərin suverenliyini qoruyur”.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini “OC Media”dan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərRusiyalı hakerlərin Ermənistan hökumətinin məlumat bazasına hücum etdiyi bildirilir