Rusiyada çalışan miqrantların, o cümlədən Azərbaycan vətəndaşlarının Ukrayna ilə davam edən müharibəyə məcburi şəkildə aparılması ilə bağlı yeni detallar üzə çıxıb.
APA-nın verdiyi məlumata görə, son günlərdə Rusiyada işləyən azı 20 Azərbaycan vətəndaşı hərbi hissələrə aparılaraq müharibəyə cəlb edilib.
Məlumata əsasən, həmin şəxslərdən biri bir neçə il əvvəl Rusiyaya tikinti sahəsində işləmək məqsədilə gedib. O, uzun müddət müharibə zonasından kənarda hesab edilən Donetsk ərazisində müxtəlif tikinti işlərində çalışıb. Sözügedən şəxs 13 dekabr 2025-ci il tarixində Azərbaycanda yaşayan qardaşına göndərdiyi mesajda qeyd edib ki, tikintidə işləyən yüzlərlə fəhlə zor tətbiq edilərək avtobuslara doldurulub və Voronej vilayətində yerləşən 11097 saylı hərbi hissəyə – 362-ci alaya aparılıb.
Məlumata görə, onların Ukraynada cəbhə xəttinə göndərilməsi planlaşdırılır.
Həmin tikinti sahəsində ümumilikdə minə yaxın miqrantın çalışdığı, işçilər arasında Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistan vətəndaşlarının olduğu bildirilir. Azərbaycanlı fəhlələrin sayının təxminən 20 nəfər olduğu qeyd olunur.
Fəhlələrin çalışdığı ərazi tam qapalı rejimdə fəaliyyət göstərib. İşə gedib-gələrkən belə onlar bir neçə hərbi nəzarət məntəqəsindən keçməli olublar və əraziyə sərbəst giriş-çıxış mümkün olmayıb.
Məlumatda deyilir ki, ilkin mərhələdə miqrantlar yaşayış binaları və digər obyektlərin tikintisində çalışıblar. Daha sonra isə onlar hissə-hissə naməlum istiqamətə aparılmağa başlanıb. Əvvəlcə işçilərin bir qismi, bir müddət sonra isə qalanları ərazidən çıxarılıb. Hara aparıldıqları barədə onlara heç bir açıqlama verilməyib.
Sonradan məlum olub ki, miqrantlar əvvəlcə Voronejə aparılıb, burada qısa müddət saxlandıqdan sonra Rostov vilayətində yerləşən hərbi hissəyə köçürülüblər. Onlardan döyüşlərdə iştirak etmək istəkləri soruşulmayıb, hərbi xidmətlə bağlı heç bir sənəd imzalatdırılmayıb.
Buna baxmayaraq, artıq həmin şəxslərə hərbi geyimlər paylanıb və döyüş hazırlığına başlanılıb. Hazırda bu qrupda olan təxminən 20 Azərbaycan vətəndaşı faktiki olaraq azadlıqdan məhrum edilmiş vəziyyətdə Ukrayna müharibəsinə göndərilməyə hazırlanır.
Məlumatlara görə, bu şəxslərə ailə üzvləri ilə əlaqə saxlamaq çox nadir hallarda mümkün olur. Onların yaxınları artıq Azərbaycanın Rusiyadakı səfirliyinə və digər rəsmi qurumlara müraciət ediblər.
Rusiyanın miqrantları Ukrayna müharibəsinə müxtəlif yollarla cəlb etməsi yeni hal deyil. Rəsmi Moskva uzun müddətdir ki, miqrantları vədlər, aldatma, təzyiq və hədə-qorxu vasitəsilə döyüş bölgələrinə göndərir. Bəzi hallarda isə xarici ölkə vətəndaşları heç bir hazırlıq keçmədən birbaşa ön xəttə yollanır.