Rusiyada bank xaosu: əhali növbəyə dayanıb

Foto: VPales/shutterstock

Mərkəzi Bank insanlara panikaya düşməməyi tövsiyə edib

Rusiyada əhali bank hesablarındakı pullarını nağdlaşdırmağa çalışır.

Hazırda bütün bankların və bankomatların qarşısında növbələr yaranıb.

Bu barədə Meydan TV-yə Rusiyada yaşayan azərbaycanlılar məlumat verib.

Onlar bildiriblər ki, növbədə dayanmaq uzun çəkir deyə insanların əsəbləri tarıma çəkilib.

Bu da aqressiv davranışlara və növbələrdə mübahisələrə səbəb olub.

Rusiyanın Mərkəzi Bankı isə yeni maliyyə sanksiyalarının bir sıra banklara təzyiq yarada biləcəyini açıqlayıb.

Mərkəzi Bank insanlara müraciət edərək sakit olmalarını, panikaya düşməmələrini tövsiyə edib.

“Maliyyə sabitliyini qorumaq və maliyyə sektorunun əməliyyat davamlılığını təmin etmək üçün lazımi resurs və alətlərə malikik”, – deyə Mərkəzi Bankdan bildirilib.

Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və Kanada Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulacağını açıqlayıb.

Bəzi Rusiya bankları isə SWIFT ödəniş sistemindən (red: transaksiyaların, köçürmələrin tez və təhlükəsiz həyata keçməsi üçün önəmli sistemdir) çıxarılıb.

Nəticədə Rusiyada bankların önündə insan növbələri yaranıb.

İnsanlar həmçinin banklara qoyduqları əmanətləri çıxarmaq üçün gözləyirlər.

Fevralın 25-də Rusiyanın Mərkəzi Bankı açıqlama verərək bildirmişdi ki, pula tələb 2020-ci ilin martından bəri ən yüksək həddə çatıb.

Hökumət bankomatlara tədarük etdiyi pulun həcmini artırmağa məcbur olub.

Rusiya Mərkəzi Bankının təxminən 630 milyard dollar ehtiyatı var.

Rusiya Bankına qarşı sanksiyaların məqsədi onun öz banklarını və şirkətlərini dəstəkləmək üçün xaricə aktiv satmasını dayandıracaq.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen sanksiya tədbirləri açıqlayarkən deyib ki, Avropa İttifaqı və onun tərəfdaşları sanksiyalarla Putinin döyüş maşınını maliyyələşdirmək qabiliyyətini zəiflətməyə çalışır.

Beynəlxalq Maliyyə İnstitutunun icraçı vitse-prezidenti Kley Louri (Clay Lowery) isə bildirib ki, sanksiyalar Rusiya iqtisadiyyatına və onun bank sisteminə ciddi ziyan vura bilər: “Bu, çox güman ki, davam edən bank əməliyyatlarını şiddətləndirəcək… Nəticədə isə kəskin satışa və ehtiyatların boşalmasına səbəb olacaq”.

Fevralın 27-də isə Rusiya Mərkəzi Bankı açıqlama verərək bildirib ki, ölkənin bank sistemi sabitdir, istənilən vəziyyətdə normal işləmək üçün kifayət qədər kapitala və likvidliyə malikdir: “Rusiya daxilində ödənişlər üçün Maliyyə Mesajlarının Köçürmə Sistemi (STFS) adlı öz şəbəkəsindən istifadə edəcək”.

Fevralın 26-da Avropa İttifaqı ölkələri, Böyük Britaniya, ABŞ və Kanada liderləri Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra bəzi Rusiya banklarının bütün dünyada minlərlə maliyyə qurumunun istifadə etdiyi beynəlxalq ödəniş sistemi olan SWIFT-dən xaric ediləcəyini açıqlayıb.

“Corpay” maliyyə konsaltinq şirkətinin baş bazar məsləhətçisi Karl Şamotta bildirib ki, yeni elan edilmiş sanksiyalar Rusiya iqtisadiyyatını çökdürəcək: “İnvestorlar gəmini kütləvi şəkildə tərk etməyə başlayacaqlar”.

Fevralın 24-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərinə “xüsusi əməliyyat” əmri verdi.

Səbəb kimi isə qondarma Donetsk və Luqansk “respublikaları” rəhbərlərinin ona müraciətini göstərib.

İddia edib ki, məqsəd dinc sakinləri qorumaq, Ukraynanın təhdidlərinə cavab verməkdir.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sərt maliyyə sanksiyalarından sonra – fevralın 28-də Rusiyanın milli valyutası 25 faizədək dəyər itirib.

Rusiya ehtiyatlarının 50 faizə qədərini sanksiya tətbiq edən ölkələrin valyutalarında saxlayır.

Qalan hissə isə qızıl və yuanla olan aktivlərdir.

Ana səhifəDünyaRusiyada bank xaosu: əhali növbəyə dayanıb