Rusiyada 2 türk jurnalistin saxlanıldığı bildirilir

Nazgül Kenzhetay və Emin Karaçak, Foto: https://www.aa.com.tr

Onlar “casusluq”da ittiham edilir

Rusiyada türk xalqlarının həyat və mədəniyyətləri barədə sənədli film çəkən 2 türk jurnalist saxlanılıb.

Saxlanan jurnalistlər Nazgül Kenzhetay və Emin Karaçakdır.

Onlar dekabrın 16-da Rusiyanın Ekstremizmlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən qaldıqları otelin qarşısında saxlanılıblar.

Hər iki jurnalistin əşyaları müsadirə edilib, çəkdikləri bütün kadrlar silinib. Onlar “casusluq”da ittiham edilir.

Jurnalistlər Xakasiyanın paytaxtı Abakandakı saxlanma təcridxanasına gətirilib və ayrı-ayrı kameralara salınıblar.

10 günlük həbsdən sonra onların deportasiya ediləcəyi gözlənilir.

Saxlanılan jurnalistlərin verdiyi məlumata görə, Rusiya hakimiyyəti onların 10 günlük saxlanma müddətini uzatmaq üçün prosesi ləngidir.

GZT idarəçilərindən əldə edilən məlumata görə, Kenzhetay və Karaçak həbsxanada pis şəraitdə saxlanılır.
Onların kameralarında istilik və isti su yoxdur, hava almaq üçün gündə iki dəfə çölə çıxmaq izinləri var.

Hər ikisinin telefonları daimi olaraq məmurlar tərəfindən yoxlanılır, onların qaldıqları otaqlar 7/24 saat kameralarla izlənilir.

Vəziyyətlərindən xəbərdar olan Xakasiyadakı türklər jurnalistlərin yemək-içmək ehtiyacını qarşılayırlar.
Rusiya mətbuatı Kenzhetay və Karaçakın Rusiya əleyhinə təbliğat apardığını iddia edir.

Kenzhetay və Karaçak əvvəl də çəkiliş apardıqları Yakutiya və Altayda saxlanılıb. Ancaq həmin vaxt cərimə olunaraq sərbəst buraxılıblar.

Ana səhifəDünyaRusiyada 2 türk jurnalistin saxlanıldığı bildirilir