Rusiya Zaporojyedə poliklinikanı vurub: 4 ölü, 20 yaralı var

Foto: Zaporojye vilayətinin hərbi administrasiyası

Yaralılar arasında 5 yaşlı uşağın da olduğu bildirilir

Dekabrın 10-da Zaporojyenin mərkəzində poliklinikanın atəşə tutulması nəticəsində 4 nəfər həlak olub. Bu haqda Zaporojye vilayətinin hərbi idarəçiliyinin rəhbəri İvan Fyodorov məlumat yayıb.

Yaralananların sayı 20-yə çatıb, onların arasında 5 yaşlı qız da var.

Hazırda xəstəxanada 13 nəfər müalicə alır, qalan 13 nəfər ilkin yardım göstəriləndən sonra evə buraxılıb.

Foto: Zaporojye vilayətinin hərbi administrasiyası

Rusiya-Ukrayna müharibəsi…

Rusiya Ukraynaya qarşı 2022-ci il fevralın 24-də müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Yüzlərlə rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunub.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib. Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.

Ana səhifəDünyaRusiya Zaporojyedə poliklinikanı vurub: 4 ölü, 20 yaralı var