Rusiya yenidən Kiyevi raket atəşinə tutub: ölən və yaralananlar var

Kiyev. Foto: Reuters

Moskvanın bu həmləsini Qərbin açıqlamalarına qəzəb reaksiyası sayırlar

Rusiya Ukraynaya raket zərbələri endirib.

“Reuters” yazır ki, bu, Qərbin Rusiyanın işğalını dəf etmək üçün Kiyevə müasir tanklar vəd etməsindən bir gün sonra baş verib.

Bildirilir ki, Rusiya yanvarın 26-da Ukraynaya doğru sürətli raket zərbəsi endirib, nəticədə bir nəfərin həlak olduğu bildirilir.

Sayt qeyd edir ki, bu hücum Moskvanın Almaniya və Amerikanın açıqlamalarına qəzəblə reaksiyasıdır.

Rusiya daha öncə də oxşar addımlar atıb.

Rusiyanın hava zərbələri nəticəsində milyonlarla insan işıqsız, istiliksiz və susuz qalıb.

Ukrayna ordusu Rusiyanın bir gecədə göndərdiyi 24 pilotsuz uçan aparatının hamısını, o cümlədən 15-i paytaxt ətrafına vurduğunu və heç bir zərər törətmədiyini açıqlayıb.

İnsanlar işə gedərkən Ukraynanın hər yerində hava hücumu təhlükəsi siqnalları səslənib.

Ukraynanın yüksək rütbəliləri hava hücumundan müdafiə vasitələrinin gələn raketləri vurduğunu bildirib.

Kreml isə yanvarın 26-da açıqlayıb ki, Ukraynaya vəd edilmiş Qərb tanklarının çatdırılmasını ABŞ və Avropanın 11 aydır davam edən münaqişədə “birbaşa iştirakı” kimi görür.

Hər iki ölkə bunu inkar etsə də, Moskva belə iddiada olduğunu ifadə edib.

Ukraynanın paytaxtı Kiyevdə isə insanlar hava hücumu təhlükəsi siqnallarından panik hala düşüb. Böyük bir izdiham yeraltı metro stansiyalarına axışıb.

Paytaxtın meri Vitali Kliçko bildirib ki, şəhərin cənubundakı qeyri-yaşayış binalarına raketin düşməsi nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Kiyevin hərbi administrasiyası atılan 15-dən çox raketin vurulduğunu bildirib, lakin yenə də insanlar sığınacaqlarda qalmağa çağırılıb.

Ukraynanın ən böyük özəl enerji istehsalçısı olan DTEK, yaxınlaşan təhlükə səbəbindən Kiyevdə, ətraf bölgələrdə, həmçinin Odessa və Dnepropetrovsk bölgələrində elektrik enerjisini dayandırdığını bildirib.

Odessada Qara dəniz limanı yanvarın 25-də BMT-nin mədəniyyət agentliyi UNESCO tərəfindən “Təhlükədə olan Ümumdünya İrsi” ərazisi elan edilib.

Rusiyanın raket zərbələri bu şəhərin də enerji infrastrukturuna ziyan vurub. Bu barədə şəhərin hərbi idarəsi açıqlama yayıb.

Qərb analitikləri deyirlər ki, Ukrayna şəhərlərinə edilən hücumlar strateji kampaniyadan daha çox mənəviyyatı pozmaq cəhdidir.

Hər iki tərəfin yazda yeni quru hücumları təşkil edəcəyi gözlənilir.

Hazırda Ukrayna Rusiyanın müdafiə xətlərini qırmaq və cənub və şərqdə işğal olunmuş əraziləri geri almaq üçün müasir tank, döyüş texnikası axtarışındadır.

Həm Ukrayna, həm də Rusiya indiyədək ilk növbədə Sovet dövründən qalma T-72 tanklarına arxalanıb.

Prezident Volodimir Zelenski yanvarın 25-də gecə videomüraciətində deyib ki, indi əsas olan sürət və həcmdir: “Qüvvələrimizin hazırlanmasında, Ukraynaya tankların verilməsində sürət lazımdır. Biz “tank yumruğu”, “azadlıq yumruğu” yaratmalıyıq”.

Ana səhifəDünyaRusiya yenidən Kiyevi raket atəşinə tutub: ölən və yaralananlar var